Uşaqlarda məktəb qorxusu əsasən, qarşılıqlı bağlılıq, ana-uşaq əlaqəsinin ifratlığından qaynaqlanır. İlk dəfə uşağın ailəsinin yanından ayrılacağı, çox sevdiyi oyunlardan uzaqlaşacağı və tanımadığı bir çox insanın olduğu mühitdə tək başına qalacağını düşündükdə əslində qorxmaqda haqlıdır.
Bu sözləri açıqlamasında psixoloq Gülnar Səttarova deyib. Onun sözlərinə görə, uşağın məktəbə getməsi mövzusunda ailələr tutarlı şəkildə davranmalıdır:
"Uşaqlar məktəbə gedəcəyi gün anidən başlayan sıxıntı içində oyanar. Onlarda mədə bulantısı, qusma, iştahsızlıq, baş ağrısı, qarın ağrısı kimi müxtəlif fizioloji əlamətlər özünü göstərməyə başlayar. Bu cür qorxu göstərən uşaq valideynlərinə çox bağlıdır. Bütün bu kimi səbəblərə görə məktəb qorxusu və ya məktəb fobiyası olan bir uşağın bu vəziyyətdən tək başına çıxması bir az çətin ola bilər. Bu cür qorxuları aradan qaldırmaq və bu işdə uşağa dəstək olmaq ailələrin, sinif müəllimlərinin üzərinə düşən böyük məsuliyyətdən də aslıdır. Məktəb qorxusu əsasən qarşılıqlı bağımlılıq, normadan artıq ana-uşaq əlaqəsinin varlığından qaynaqlanır. Uşağın evdə qalma müddəti artdıqca, məktəbə geri dönməsi də o qədər çətinləşir”.
Psixoloq açıqlamasında bildirib ki, məktəb başlamadan öncə valideynlər uşağı məktəb və müəllimlə tanış etməli, sırasını gözləmə vərdişini öyrətməlidir:
"Valideynlər uşaqlara məktəb qaydaları və sinifdaxili davranışlar, sinif yoldaşları , dostları ilə münasibətlər haqqında təlimatlandıraraq , məktəbi sevdirməli, müəllimlə və məktəblə bağlı doğru olmayan məlumatlar verməməlidir. Onlar məktəb alış-verişinə uşaqla birlikdə çıxmalı və alınan əşyaların necə istifadə olunacağını öyrətməlidir. İlk günlərdə uşağın sevdiyi bir oyuncağını özü ilə birgə məktəbə aparmasına icazə verilə bilər. Götürəcəyi oyuncaq evinin simvoludur və özünü rahat hiss etməsini təmin edir. Uşağın ilk günlərdə məktəbin bağçasına sonra məktəbin içinə , daha sonra sinfə girməsi, əvvəlcə bir saat , sonra yarım gün, sonra tam gün məktəbə getməsi təmin olunmalıdır. Beləliklə uşaq addım-addım məktəb qorxusunun yox olmasına nail olacaqdır. Sinif müəlliməsi şagirdi sinif daxili çalışmalara qatılmağa məcbur etməməli, başlanğıcda daha asan öhdəsindən gələ biləcək tapşırıqları icra etdirməlidir. Uşaqların qayğıları anlayışla qarşılanaraq , onların məktəbdə özünü tərk edilmiş və yalnız hiss etməsinə şərait yaradacaq davranışlar göstərilməməlidir”.
Psixoloq Fərqanə Mehmanqızı açıqlamasında bildirib ki, uşaqlarda məktəb fobiyasının yaranması səbəblərinin biri də valideynlərin onları məktəblə hədələyərək qorxutmağıdır:
"Valideynlər uşaqlara "dayan indi məktəb başlayır”, "sentyabr gəlir”, "dərs başlayır”, "o zaman sən baxarsan” kimi ifadələr işlədərək onları qorxudurlar. Yəni valideynlər uşaqlarına ittiham və hədələrlə söyləyirlər ki, məktəbə gedərsən orada düzələrsən. Valideynlərin şagirdlərə ittihamı hədə qorxusu səbəbindən uşaqlarda "məktəbə gedəcəm düzələcəm”, "mənim vəziyyətim başqa cür olacaq” və s. kimi fikirlər formalaşır. Beləliklə, bu kimi göstəricilər ilə şagirdlərdə məktəbə qarşı kin və qorxu yaranır. İlk olaraq uşağın məktəbə getməsi mövzusunda ailələr tutarlı şəkildə davranmalıdırlar. Çox zaman birinci sinif şagirdləri sırada dayandığı zaman atasına və ya anasına baxaraq özgüvənsizlik, zəiflik göstərir. Valideyn isə göz qaş hərəkətləri ilə və ya ciddi şəkildə onları tənbeh edərək qabağa bax, dik dur və s. kimi sözlərlə tənbeh edirlər. Valideynlər anlamırlar ki, bu kimi hərəkət, sözlərlə uşaqlarına məktəb fobiyası və özgüvənsizlik bəxş edirlər.Buna görə də uşağı məktəblə qorxutmaq olmaz. Hər bir valideyn bunu etməsə də amma hər kəs ətrafından buna şahid ola bilər”.
Psixoloqun sözlərinə görə, məktəb haqqında heç bir anlayışı olmayan uşağı məktəblə hədələmək düzgün deyil:
"Məktəbə tərbiyə verən müəssisə kimi yanaşmaq düzgün deyil. Məktəb təlim və tədris yeridir, ora tərbiyə ocağı deyil. Məktəbdə insan tərbiyə olunmur, orada təhsil və təlim alır. Valideynlər bunu bir az qarışdırırlar və uşaqda tərbiyəsi ilə bağlı neqativ nüans gördükdə bunu məktəblə bağlayırlar. Bu da uşaqların məktəbə olan qorxusunu daha da artırır və onlar düşünürlər ki, məni bu formada məktəb edib. Uşaqların tərbiyəsi ilə şəxsiyyət formalaşmasında məktəbi günahlandırmaq düzgün deyil”. (AzEdu.az)