Dərs ilinin başlanmasından 1 həftə keçər-keçməz uşaqlara verilən ev tapşırığının yükü, həcmi və çətinliyi artıq sosial şəbəkələrdə müzakirə mövzusudur.
Təhsil naziri Ceyhun Bayramov Bakı şəhəri təhsil işçilərinin ənənəvi sentyabr konfransında ibtidai siniflərdə dərs yükünün yüngülləşdirmə istiqamətində ciddi addımların atılacağını anons etdi.
Nazirin bu bəyanatı valideynləri sevindirsə də, bu sevinc uzun sürmədi. İbtidai siniflərdə dərs proqramı əvvəlki illərdə olduğu kimi ağırdır. Üstəlik müəllimlərin uşaqları sinifdənxaric oxu materialları ilə yükləməsi uşaqları həddindən artıq yorur. Dərsliklər və əlavə oxu materialları və iş dəftərləri uşaqların beynini yormaqla yanaşı, çantanın ağırlığı onurğa sütunlarını da zədələyir. Ağır çantaları valideynlər belə daşımaqda çətinlik çəkirlər.
Valideynlərin sözlərinə görə, dərs yükü o qədər ağır olur ki, uşaqlar saat 22.00-23.00-dək ev tapşırıqlarını həll etməklə məşğul olurlar. Belə olan halda, 6-7 yaşlı uşaq nəinki əylənməyə və dincəlməyə vaxt tapmır, onun yuxu rejimi də pozulur. Yuxu rejimi pozularsa, təkcə əsəbi pozulmayacaq, digər xəstəliklər də qaçılmazdır.
Başqa bir vacib məqamı qeyd etməmək mümkün deyil. Valideynlər müəllimin izah etmədən (izah etsə belə uşaq anlamayacaq) ev taşırığı verməsindən narazılıq edirlər. İzah etməməsinin səbəbini isə dərsdən sonrakı hazırlıqda görürlər. Yəni ortada maddi maraq var. Bunu məqsədli şəkildə edir ki, şagird dərsdən sonra hazırlığa qalsın.
Azərbaycanda dərs proqramının tərtibi zamanı beynəlxalq standartlar kobudcasına pozulub
Təhsil üzrə ekspert Kamran Əsədov BAKU.WS-ə açıqlamasında ciddi məqama toxundu. Ekspert deyir ki, beynəlxalq təhsil sistemində yaş xüsusiyyətinə görə standart düstur var. Dərsliklər hazırlanarkən 1 paraqrafda və 1 səhifədə yer alacaq söz, termin, şəkil və çalışmanın sayı uşağın yaşına uyğun götürülür. Bizdə bu düstur təmamilə kobud şəkildə pozulub.
İbtidai siniflərin tədris proqramı şagirdlərin yaş xüsusiyyətinə və yaş psixologiyasına uyğun deyil
Məsələn; 1 paraqrafda olan sözlərin, ifadələrin, şəkillərin sayı 6-7 yaşlı uşaqlar üçün deyil.
Bizdə 6-7 yaşında uşaqlar üçün nəzərdə tutulmuş kitabın həcmi və oradakı informasiya yükü beynəlxalq standartlarda 16-17 yaşlılar üçün nəzərdə tutulub.
Ən ciddi pozuntu 3-cü, 4-cü siniflər üçün yazılan kitablardır. 8-9 yaşlılar üçün nəzərdə tutulmuş kitablardakı informasiya yükü beynəlxalq standartlara görə 24-25 yaşlılar üçündür.
4-cü, 5-ci siniflərdəkilərin informasiya yükü, çalışmaların sayı və ağırlıq səviyyəsi şagirdlərin yaş xüsusiyyətinə və yaş psixologiyasına uyğun deyil
K.Əsədov dərsliklərin müəlliflərin öz beyinlərinin məhsulu olduğunu deyir: "Bu 1 həftə ərzində I sinif kitablarını analiz etmişəm və gəldiyim qənaət budur; belə ibtidai sinif kitabı olmaz! Biz bu kitablarla heç vaxt şəxsiyyət yetişdirə bilmərik. Kitablar Təhsil nazirliyinin sifarişilə hazırlanır. Nəşriyyatları və dərslik müəlliflərini yığıb tender elan edilir. Hərə öz kitabını yazır. Hətta ən pis kitab tenderdən keçir. Nazirlik sadəcə seçir. Əslində, bütün dünyada olduğu kimi özlərinin dərslik mərkəzi olmalıdır. 2 aya yazılan dərslik əlbəttə keyfiyyətli olmayacaq. Düşünürəm ki, Beynəlxalq standartların Azərbaycanda reallaşması artıq mümkün deyil".
Təhsil eksperti K.Əsədov ibtidai siniflərin dərs yükünün hər mənada hədsiz dərəcədə ağır olduğunu şəxsi təcrübəsində yaşayır: "Əvvəlllər mən bunu mütəxəssis olaraq danışırdım. Sorğu aparırdım, araşdırma edib, nəticəni bildirirdim. İndi isə mənim öz övladım birinci sinifə gedir və mən bunu artıq praktiki olaraq yaşayıram. Bir həftəlik təəssüratlarım belədir: Əvvəla, uşaqların çantaları çox ağırdır. Məktəbin qapısına qədər özüm aparıram. Məktəbin qapısında çantanı belinə keçirəndə uşaq əyilir. Bu da onurğa sütununu əyir. İnkişaf dövründə uşağın onurğa sümüyünün əyriliyi avtomatik olaraq görmə zəifliyi yaradır. Mən çıxış yolunu hər dərs kitabından daha birini ev üçün almaqda gördüm. Dövlətin verdiyi məktəbdə qalacaq, evə özüm alacaq. Uşaq ağır yük daşımasın deyə bunu edirəm. Bu kustar üsuldur və bu təkcə çanta ağırlığı problemini aradan götürür.
Ölkədə 165 780, Bakı şəhərində 48 000 şagird birinci sinifdə təhsil alır. Bütün valideynlər bunu edə bilməyəcək. Uşağına məktəb forması ala bilməyən valideyn əlavə kitabı necə alsın? Bu çıxış yolu deyil! Həm də, şagird 1 kitabla işləməlidir. Fiziki baxımdan kitaba öyrəşməlidir. Düzdür, eyni kitabdır, amma istər-istəməz təmas, qeydlər söhbəti var".
Qanunvericilikdə nəzərdə tutulur ki, bütün materiallar orta məktəb kitabı ilə yekunlaşmalıdır
Dərs proqramının müəllimlər tərəfindən süni şəkildə ağırlaşdırıldığını qeyd edən ekspert, əlavə ev tapşırıqların və sinifdənxaric oxunun qanunvericiliyə zidd olduğunu bilıdirdi:
"Orta məktəbin funksiyası şəxsiyyət yetişdirməkdir, amma bu kitabların heç biri şəxsiyyət yetişdirmir. Mənasız informasiya yükü şagirdin yaş xüsusiyyətinə uyğun deyil. Ev tapşırıqları həddindən artıq çoxdur. Sinifdənxaric materiallar çoxdur. Sinif testlərindən, əlavə tapşırıqlardan, iş dəftərlərindən söhbət gedir. Qanunvericilikdə nəzərdə tutulur ki, bütün materiallar orta məktəb kitabı ilə yekunlaşmalıdır. Niyə? Çünki ölkə prezidentinin tapşıırığı var ki, dərslik pulsuz olmalıdır, təhsil valideynləri əlavə xərcə salmamalıdır. Amma bütün müəllimlər iş dəftəri, əlavə oxu materialları aldırırlar. Nəticədə çanta ağırlaşır".
Müəllim yanına hazırlığa gələn uşağla münasibəti daha yaxşı olur və daha yaxşı qiymət yazır
Eksperin fikrincə, müəllimlər şagirdləri ev tapşıırıqları ilə yükləməklə maddi maraq güdürlər: "İbtidai sinif müəllimləri ev tapşırıqlarını ona görə çox verirlər ki, şagirdlər evdə valideynlə işləyəndə valideynlər bezsin və ya tapşırıqları yerinə yetirə bilməsinlər və nəticədə müəllimlər dərsdən sonra öz xidmətlərini, yəni repetitor xidmətini təklif etsinlər. Yəni uşaqlar hazırlığa qalsınlar. Onun da keyfiyyəti yoxdur. Çünki alan bəlli, verən bəlli. Ev tapşırığını verən də özüdür, uşaqla bu tapşırığı yerinə yetirən də özüdür. Məqsəd pul qazanmaqdır. Sadəcə, müəllim yanına hazırlığa gələn uşağla münasibəti daha yaxşı olur və daha yaxşı qiymət yazır".