"Təhsil Nazirliyinin səlahiyyətinin artırılması təhsildə varislik və fasiləsizliyi daha da gücləndirəcək" - EKSPERT
Nazirlər Kabineti "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”, "Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları”, "Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi” və "Orta ixtisas təhsili pilləsinin dövlət standartı və proqramı”nda dəyişiklik edib.
İndiyə qədər ümumtəhsil məktəbində təhsil verənlərin və təhsil alanların attestasiyasının, o cümlədən yekun attestasiyasının aparılması qaydaları Nazirlər Kabineti tərəfindən müəyyən edilsə də bundan sonra ümumtəhsil məktəbində təhsil verənlərin attestasiyasının, təhsil alanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması qaydaları Nazirlər Kabineti, təhsil alanların digər hallar üzrə attestasiyasının aparılması qaydası isə Təhsil Nazirliyi tərəfindən müəyyən olunacaq.
Onu da qeyd edək ki, Ali təhsil müəssisələrinin bakalavriat pilləsinə yekun attestasiyanın təşkili və keçirilməsi qaydaları da artıq Nazirlər Kabineti deyil, Təhsil Nazirliyi tərəfindən müəyyənləşdiriləcək. İmtahan sessiyalarının təşkili, tələbələrin biliyinin cari və aralıq qiymətləndirilməsi, dövlət attestasiyasının keçirilməsi qaydaları səlahiyyətləri çərçivəsində artıq məhz Təhsil Nazirliyi tərəfindən və təhsil müəssisələrinin nizamnamələri ilə müəyyənləşdiriləcək.
Maraqlıdır, sözügedən dəyişiklik ali təhsil müəssisələrinin fəaliyyətinə, eləcə də təhsil sisteminə necə təsir edəcək?
Təhsil Nazirliyinin səlahiyyətlərinin artırılması heç şübhəsiz, ilk növbədə "səlahiyyətlərin bərabər bölüşdürülməsi” və "funksiyaların yuxarıdan aşağıya paylaşdırılması” prinsiplərini reallaşdıracaq"- təhsil eksperti Nadir İsrafilov bunu Aztəhsil.com saytına açıqlamasında deyib.
Ekspertin fikrincə, bu dəyişiklik təhsildə varislik və fasiləsizliyi daha da gücləndirəcək.
"Təhsil vahid bir sistemdir və vahid mərkəzdən də idarə olunmalıdır. Əbəs yerə deyil ki, "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda üçüncü strateji istiqamət təhsildə nəticələrə görə cavabdeh, şəffaf və səmərəli idarəetmə mexanizmlərinin yaradılmasını nəzərdə tutur.
Hesab edirəm ki, Nazirlər Kabinetinin "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”, "Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları”, Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi və ” Orta ixtisas təhsili pilləsinin dövlət standartı və proqramı”nda etdiyi bu dəyişiklik təhsil sahəsində idarəetmə islahatlarının növbəti mərhələsidir.
Təhsil Nazirliyinin səlahiyyətlərinin artırılması heç şübhəsiz ki, ilk növbədə "səlahiyyətlərin bərabər bölüşdürülməsi” və "funksiyaların yuxarıdan aşağıya paylaşdırılması” prinsiplərini reallaşdıracaq, idarəetmənin tənzimləmə və əlaqələndirmə funksiyalarının işlək hala gətirilməsini tənzimləyəcək, təhsil sahəsində dövlət siyasətini və tənzimlənməsini, təhsil prosesinə ümumi rəhbərliyi həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı kimi Təhsil Nazirliyinə olan etimadı və təhsilimizin gələcəyinə olan inamı yüksəldəcək, nəticələrə görə cavabdehliyı artıracaq, təhsilin idarə olunmasında mobiliiyin və çeviklyin təmin olunmasını şərtləndirəcək, təhsildə varisliyi və fasiləsizli daha da gücləndirəcək, "Dövlət Strategiyası”nda nəzərdə tutulmuş vəzifələrin daha səmərəli və vaxtında yerinə yetiriməsi zamanı qaşıya çıxa biləcək hər hansı bir maneə və əhgəllərin operativ surətdə aradan qaldırılmasına öz töhvəsini verəcək".