Mərkəzi Elmi Kitabxanada oxucular ən çox hansı mənbələrə müraciət edirlər?
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) fondlarında XIX əsrdə Brokqauz və Efron tərəfindən nəşr edilən 82 cilddən ibarət rus dilində ensiklopedik lüğət, 44 cildlik "Qranat”, 20 cilddə "Britanika”, 28 cilddən ibarət Amerika ensiklopediyası, London nəşri olan 14 cildlik "Yeni universal ensiklopediya”, alman dilində 15 cilddə "Mayerin yeni lüğəti”, fransız dilində "P. Larousse”, "Qrand ensiklopedi”, "Universales” ensiklopediyaları, 22 cilddə "Dünya kitabı” ensiklopediyaları mühafizə olunur. Bu ensiklopediyalara oxucular daha çox müraciət edirlər.
Aztəhsil.com xəbər verir ki, bu barədə MEK-də mühafizə olunan çap və rəqəmsal ensiklopediyaların təqdimat mərasimində informasiya resurslarına nəzarət və əlaqələndirmə şöbəsinin müdiri Günel Əhədova məlumat verib.
G.Əhədova kitabxananın nadir kitab fondunda bütün elm sahələrini əhatə edən universal xarakterli ensiklopediyaların slayd vasitəsilə təsnifatını diqqətə çatdırıb.
O, həmçinin Azərbaycan Milli Ensiklopediyasından bəhs edib. Bildirib ki, ensiklopediyada ölkənin bütün həyatı, elm və mədəniyyət sahəsi, iqtisadi inkişafı, dövlətçiliyimizin qazandığı nailiyyətlər əks olunub, cildlərin hazırlanmasında Azərbaycan Respublikasının nazirlikləri, komitələri və digər dövlət qurumlarının materiallarından istifadə edilib.
MEK-in direktoru Leyla İmanova bildirib ki, fonddakı ensiklopedik mənbələrə sistemli şəkildə yanaşmaqda və təqdim etməkdə məqsəd vəsaitləri oxucuların diqqətinə çatdırmaqdır. Direktor kitabxananın qarşısına qoyduğu strateji hədəfdən, Milli Rəqəmsal Yaddaş layihəsindən və onun üstünlüklərindən söz açıb.
L.İmanova ölkəmizin tarixinə və mədəniyyətinə aid zəruri vəsaitlərin Azərbaycan dili ilə yanaşı, digər dillərdə də yazılmasının və elektron variantda kitabxanaya təqdim edilməsinin vacibliyini vurğulayıb. O, MEK-in Azərbaycan kitabxanaları arasında ilk müəllif hüququ imzalayan kitabxana olduğunu diqqətə çatdırıb.