MEK-də akademik Hüseyn Həsənovun xatirəsinə həsr olunmuş kitabların təqdimatı keçirilib
AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) görkəmli neyrofizioloq alim, akademik Hüseyn Həsənovun xatirəsinə həsr olunmuş "Akademik Hüseyn Həsənov” və "AMEA Fiziologiya İnstitutunun və Azərbaycan Fizioloqlar Cəmiyyətinin elmi əsərlərinin külliyyatı” adlı kitabların təqdimatı keçirilib.
AMEA Mərkəzi Elmi Kitabxanasının və AMEA Fiziologiya İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən tədbiri giriş sözü ilə Mərkəzi Elmi Kitabxananın direktoru Leyla İmanova açıb. L.İmanova MEK-də elm aləmində xidmətləri ilə seçilən, Azərbaycan zəkasını dünya səviyyəsinə çıxaran alimlərin zəngin elmi irsinin, şəxsi kitabxanalarının, sənəd kolleksiyalarının akademik oxucu icmasının diqqətinə təqdim olunmasından, kitabxananın strateji hədəflərindən biri olan Milli Rəqəmsal Yaddaş (MRY) layihəsi çərçivəsində rəqəmsallaşdırılmasından və etibarlı şəkildə gələcək nəsillər üçün mühafizə olunaraq oxucu auditoriyasının istifadəsinə verilməsindən danışıb.
O, akademik H.Həsənovun xatirəsinə həsr edilən "AMEA Fiziologiya İnstitutunun və Azərbaycan Fizioloqlar Cəmiyyətinin elmi əsərlərinin külliyyatı”nın çap və elektron formatda kitabxanaya təqdim olunmasının önəmini xüsusi qeyd edib. "Əsas məqsədimiz MEK fondlarında mühafizə olunan milli irsimiz, tariximiz, mədəniyyətimiz haqqında mənbələri dünya oxucusunun istifadəsinə verməkdir” – deyən L.İmanova bu istiqamətdə son illər MEK-də həyata keçirilən layihələrə və əldə edilən nailiyyətlərə diqqət çəkib.
Sonra AMEA A.İ.Qarayev adına Fiziologiya İnstitutunun direktoru, biologiya elmləri doktoru Ulduz Həşimova çıxış edib. Akademik H.Həsənovun fiziologiya sahəsində yüksək ixtisaslı kadrların hazırlanmasında böyük rolu olduğunu qeyd edən Ulduz Həşimova alimin keçmiş ittifaq respublikaları ilə, o cümlədən "İnterbeyin” proqramı çərçivəsində Rusiya, Macarıstan, Polşa, Çexoslovakiya, Yaponiya, Amerika, İngiltərə və digər ölkələrin elmi-tədqiqat müəssisələri ilə yaratdığı əlaqələrdən bəhs edib. Qeyd edib ki, Akademik H.Həsənovun rəhbərliyi dövründə institutun fəal iştirakı ilə AMEA-da "Baş beynin uyğunlaşma funksiyaları” üzrə Ümumittifaq simpoziumu (1980), İnterbeyin xətti ilə "Axtarış aktivliyi, motivasiya və yuxu” beynəlxalq simpoziumu (1981), Ümumittifaq Fizioloqlarının XXIV qurultayı (1983), Zaqafqaziya Gənc Fizioloqlarının I, IV konfransları (1990, 1992) kimi bir sıra beynəlxalq əhəmiyyətli simpozium və konfranslar keçirilib.
Nitqinin sonunda U.Həşimova akademik H.Həsənovun xatirəsinə həsr olunmuş "AMEA Fiziologiya İnstitutunun və Azərbaycan Fizioloqlar Cəmiyyətinin elmi əsərlərinin külliyyatı”nın çap və elektron formatda nəşrini kitabxanaya təqdim edib. Böyük alimin 85 illik yubileyinə həsr edilmiş külliyyatın XXXV cildində Ə.İ.Qarayev adına Fiziologiya İnstitutunda, Bakı Dövlət Universitetində, Azərbaycan Tibb Universitetində aparılan, həmçinin Azərbaycan Fizioloqlar Cəmiyyətinin üzvlərinin elmi tədqiqat işlərinin nəticələrinə aid məqalələr toplanıb.
Sonra alimin həyat yoldaşı Arifə Həsənovanın dəstəyi və araşdırmaçı yazar Şəlalə Məhyəddinqızının müəllifliyi ilə hazırlanmış "Akademik Hüseyn Həsənov” kitabının video təqdimatı nümayiş olunub. H.Həsənovun elmi fəaliyyətinə həsr olunmuş kitabda alimi yaxından tanıyan iş yoldaşlarının, yaxın dostları olmuş fizioloq həmkarlarının, aspirantlarının xatirələri toplanıb, alimin beynəlxalq konfranslarda iştirakı, qazandığı mükafatlar, arxivində olan sənədlər və fotolar əksini tapıb.
Çıxış edənlərdən AMEA Mikrobiologiya İnstitutunun direktoru, akademik Məmməd Salmanov, AMEA-nın müxbir üzvü Rafiq Qasımov, professorlar Ədalət Fərəcov, Arif Məmmədov, Fəxrəddin Əsgərov, Əli Allahverdiyev, Zakir Məmmədov, Xədicə İsmayılova, Arif Mehdiyev Hüseyn Həsənovla bağlı xatirələrini bölüşüb, onun yüksək elmi fəaliyyətinin və şəxsi keyfiyyətlərinin xarakterik cizgilərini yada salıblar.
Sonda alimin həyat yoldaşı Arifə Həsənova və ailə üzvlərindən Rasim Müzəffərli çıxış edərək akademik Hüseyn Həsənova həsr edilmiş hər iki kitabın ərsəyə gəlməsində əməyi olanlara və keçirilən təqdimata görə MEK və AMEA Fiziologiya İnstitutu kollektivinə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Hüseyn Heydər oğlu Həsənov 300-dən artıq elmi işin, 5 monoqrafiyanın, mərkəzi sinir sisteminin fiziologiyasına aid dərsliklərin, fiziologiya sahəsinə aid elmi kitabların müəllifi olub. Onun rəhbərliyi altında 5 doktorluq, 40-dan artıq elmlər namizədi dissertasiyası müdafiə edilib. Elmi nailiyyətlərinə görə 1972-ci ildə "Azərbaycan Dövlət mükafatı” na layiq görülüb, 1978-ci ildən başlayaraq Azərbaycanı YUNESKO-da "Beyinin öyrənilməsi” üzrə beynəlxalq təşkilatda təmsil edib. Çoxşaxəli elmi fəaliyyəti nəticəsində H.Həsənov nəinki fiziologiya, eləcə də səhiyyə və fizika sahəsində çalışan alimlərlə elmi əməkdaşlıq edib. Bu da ali sinir fəaliyyətinin patologiyası və psixi sinir pozğunluqlarının müalicəsi üzrə kompleks tədqiqatlar aparılmasına imkan yaradıb. Hüseyn Həsənov yaradıcılığının məhsuldar bir dövründə, 1995-ci ildə 62 yaşında vəfat edib.