MEK noyabr ayı ərzində kitabxanaya daxil olan sənədlərin təqdimatını keçirib
AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) noyabr ayı ərzində kitabxanaya daxil olan sənədlərin təqdimatını keçirib.
MEK-də hər həftənin dördüncü günü müəlliflərin və mütəxəssislərin iştirakı ilə təşkil edilən ənənəvi təqdimat mərasimlərinin əhəmiyyətinə toxunan Kitabxana-xidmət şöbəsinin müdiri Aygün Səfərova qeyd edib ki, məqsəd ölkənin elmi-ədəbi həyatındakı yenilikləri təbliğ etmək, əhəmiyyətli kitab nəşrlərini ictimaiyyətin diqqətinə çatdırmaqdır.
A.Səfərova MEK-də Milli Rəqəmsal Yaddaş (MRY) layihəsi çərçivəsində görülən işlərə diqqət çəkib, bildirib ki, layihənin məqsədi Azərbaycanın mədəniyyəti, tarixi, bəşəriyyətin inkişafına verdiyi töhfələr barədə bütün məlumatları bir araya toplamaq, arxivləşdirmək, sistemləşdirmək, rəqəmsallaşdırmaq və dünya oxucusu üçün əlçatan etməkdir. A.Səfərova vurğulayıb ki, MEK-də bu məqsədlə yerli və xarici arxivlərə, kitabxanalara, fondlara, muzeylərə, təhsil ocaqlarına, elmi-tədqiqat institutlarına, media və ictimai qurumlara məxsus olan resurslardan və şəxsi kitab kolleksiyalarından yararlanmaq kimi gərəkli addımlar atılıb.
Noyabr ayı ərzində daxil olan sənədləri MEK-in Fondların formalaşdırılması bölməsinin əməkdaşı Sevil Əliyeva təqdim edib. Qeyd olunub ki, ay ərzində kitabxanaya pulsuz məcburi nüsxə, hədiyyə, abunə, satınalma və beynəlxalq kitab mübadiləsi yolu ilə - kitab, jurnal, elektron resurs, dissertasiya və avtoreferatlardan ibarət olmaqla cəmi 613 sənəd daxil olub. Kitabxanaya daxil olan sənədlərin statistikasını açıqlayan təqdimatçı kitablar haqqında ümumi məlumat verib.
Bildirilib ki, akademik İsa Həbibbəylinin və Vidadi Muradovun müəllifi olduğu, etnoqrafik tədqiqatlar əsasında hazırlanmış və Azərbaycan, ingilis və rus dilərində çap edilmiş, "Naxçıvan xalçaçılığı: ənənə və müasirlik” , Səbuhi Əhmədovun "Azərbaycan silahları IX - XVII əsrlərdə”, Aqil Əsədov və Ədalət Əsədovun birlikdə yazdığı "Elektron xidmətlərin təşkili: reallıqlar və perspektivlər”, Xaqani İsmayılovun "Ermənilərin müsəlmanlara, xristianlara və yəhudilərə qarşı soyqırımı”, Teymur Sadıqovun ərəb və yəhudi dillərinin oxşar cəhətlərinin müqayisəli şəkildə öyrənilməsinə həsr olunmuş "Сопоставление определенного артикля, слитных местоимений с именами и предлогами, а также употребление имён в сопряжённой конструкции в арабском языке и в иврите” adlı monoqrafiyası, Elşən Bayramzadənin "Amerika prezidentləri”, Fuad Həsənovun "Rethinking the Nagorny Karabakh conflict” kitabları, Məhərrəm Mustafanın "Yaralı tut ağacı” adlı seçilmiş hekayələri, Mahir Qabiloğlunun müəllifi olduğu "Qabil” seçilmiş əsərlərinin VI və VII cildləri fonda daxil olan yeni nəşrlər sırasındadır.
Təqdimatda MEK-in beynəlxalq təşkilatlarla daim sıx münasibətlər yaratmasından, ABŞ-ın Miçiqan Universiteti, Nyu York Şəhər Kolleci, Sofiya Universiteti kitabxanası, Türk Dünyası Araşdırmalar Vəqfi, Türkiyə Dil Qurumu, Belarus Milli Kitabxanası, Almaniya Universitet kitabxanası, Almaniya Etnoqrafiya Dövlət Muzeyi, Almaniya Potsdam Universiteti, Fransa Milli Tarix Muzeyi, Edinburq Kral Cəmiyyəti Kitabxanası, Yaponiya Kimya, Geokimya, Neft Kimya, Geologiya Cəmiyyətlərinin kitabxanaları ilə əməkdaşlıq proqramları çərçivəsində həyata keçirilən beynəlxalq kitab mübadiləsindən söhbət açılıb. S.Əliyeva bildirib ki, xarici ölkələrlə ədəbiyyat mübadiləsi prosesində əsas meyar kimi kitabların Azərbaycanı təbliğ xarakterli olmasına və xarici dillərdə nəşr edilməsinə xüsusi fikir verilir.
Tədbirdə iştirak edən müəlliflər MEK tərəfindən təşkil edilən belə təqdimatların müstəsna əhəmiyyət daşıdığını bildiriblər. BMT-nin Inkişaf Proqramının Baş Məsləhətçisi, Demokratiya Monitoru İctimai Birliyinin sədri Fuad Həsənov Qarabağ konflikti haqqında yazdığı əsərinin informasiya müharibəsi dövründə qarşı tərəfə ünvanlanmış, Azərbaycan haqqında həqiqətlərin bəyan edilməsi üçün düşünülmüş bir addım olduğunu bildirib.
Filologiya üzrə fəlsəfə doktoru, dosent Teymur Sadıqov, Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Təhsil Problemləri” qəzetinin əməkdaşı Xaqani İsmayılov, İctimai Televiziyanın Yayım Şurasının və Azərbaycan Mətbuat Şurasının üzvü Azər Həsrət, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Məhərrəm Mustafa yeni kitabların bu formada təbliğ olunmasını və xarici dillərdə elektron kataloqlarda əksini tapmasını əhəmiyyətli hadisə adlandıraraq Mərkəzi Elmi Kitabxananın fəaliyyətini yüksək qiymətləndiriblər.
Xatırladaq ki, MEK-də planlaşdırılan və keçirilmiş tədbirlər haqqında yenilənən məlumatları kitabxananın www.mek.az ünvanlı saytından izləmək olar.