AzTehsil.com


Xəbərlər / Psixoloq / Valideyn
02 dekabr 2017
3 447


Uşaq yalanları və özündən uydurmalara meyillilik



Uşaq yalanları və özündən uydurmalara meyillilik

Əgər yalanın tərifi - həqiqəti BİLƏRƏKDƏN təhrif etmək, başqa adamları QƏSDƏN aldatmaqdırsa, onda uşaqlar, xüsusən də yaşı beş yaşına qədər olan uşaqlar bu sözün tam mənasında – yalançı adlandırıla bilməzlər. Baxmayaraq ki, böyüklər anlayır ki, uşaq həqiqəti düz demir, lakin onun düzgün olmayan danışığı nə pis niyyətdən, nə də onu dinləyəni aldatmaq məqsədindən irəli gəlir.


Uşaqlar bəzən cəza qorxusundan, qardaş və bacılarına qısqanclıqdan, eqoizm və ya hətta onu intizamlı etməkdən ötrü hakimiyyətdən istifadə taktikasına əl atan vaideynlərinin "gözünə toz üfürmək” məqsədi ilə yalan danışırlar. Həm danışıqda, həm də əməldəki tərslik də əksər hallarda yalana gətirib çıxarır. Əgər uşaq hər hansı bir səbəbdən doğru olanı demirsə, tərslik onun öz sözlərinin üzərində inadla durmasına gətirib çıxaracaqdır. Lakin əksər hallarda uşaqların uydurduğu tarixçələr onların təxəyyülünün məhsuludur. Qızlar və oğlanlar, xüsusən də yeniyetməlik dövründə özlərindən qeyri-adi hadisələr uydurur və onları elə təsvir edirlər ki, bunlar sanki doğrudan da baş veribdir, həm də bu hadisələrdə özlərini, şübhəsiz ki, qəhrəman kimi ön plana çəkirlər. Bu an onlarda təxəyyül elə qüvvə ilə işləyir ki, uydurma ilə real olan arasında sərhəd pozulur, xəyali olanlar onlara real həqiqət kimi görünməyə başlayır və uşaqlar hətta öz dediklərinə inanmağa başlayırlar.

 

Məsələn, uşaq sadəlövhcəsinə anasına inandırmağa çalışır ki, dünən evlərinin üzərindən keçən təyyarəni o özü sürürdü və ya bir yumruqla qonşunun evinin divarını uçurmaq gücünə malikdir. Bu uydurmalar yalan sayıla bilməz, ona görə də uşağı pis davranışda ittiham edib, cəzalandırmağa ehtiyac yoxdur.


Uşaq davranışının tipləri haqqında kitab yazmış pedaqoq Robert Qoup bu cür fantaziyalara görə uşaqların cəzalandırılmasını "ziyansız göyərçinlərin atəşə tutulmasına” oxşadır. Üç-dörd yaşlarında uşaqlar elə bir inkişaf mərhələsinə çatırlar ki, gördüklərini şişirtmək onlar üçün təbii haldır. Ona görə də onların danışdıqlarını yalan kimi şərh etmək və buna görə onları cəzalandırmaq - ədalətsizlikdir.


Deyək ki, siz balaca qızdan gəlinciyini soruşursunuz. Qız isə cavabında həvəslə gəlinciyinin ağlamasından və sözə baxmamasından sizə söhbət açır. Qızın xoşbəxt çöhrəsi və parlayan gözləri onu göstərir ki, onun sözləri, qəribə də görünsə, həqiqətdir. Onu da demək lazımdır ki, uşaq ona qadağan olunmuş işi gördükdə, eynilə öz günahını düşünmədən, qərəzsiz olaraq başqalarının üzərinə qoyur. Çox nadir hallarda uşaq şüurlu və məqsədli şəkildə yalan danışır.

 

Həqiqətdən sapınma - əslində təfəkkürün yetişməməsindən, onun sözlərinin böyüklərin anlamamasından irəli gəlir. Gələcəkdə əqli inkişafı sayəsində uşağn özündən uydurması, müxtəlif real olmayan şəraitlərdə həyacan keçirməsi arxada qalacaqdır. Uşaqların xəyalları, özündən uydurmaları, adətən uşaq təxəyyülünün zənginliyindən irəli gəlir. Ona görə də onları böyüklərin məqsədli aldatma məqsədi daşıyan yalanları ilə eyniləşdirmək olmaz.


Fransız filosofu və yazıçısı Jan Jak Russo düzgün aparılmayan tərbiyəni uşağın yalançıya çevrilməsinin səbəbi hesab edirdi. Uşağın psixologiyasına bələd olmayan tərbiyəçi və ya müəllim onu düzgün tərbiyə etmir, onu yalana təhrik edir. Bütün pedaqoqlar onu da yadda saxlamalıdırlar ki, özündən uyduran uşağı məzəmmət etmək və utandırmaq, xüsusən də dostların və tanışların yanında onu yalanda ittiham etmək olmaz. Başqa sözlə desək, onun uydurduğu hekayədən mənfi nəticə çıxarmaq lazım deyildir. Ən əsası isə tərbiyəçilər "düzgün yoldan çıxdığına” görə uşaqları cəzalandırmamalıdırlar. Əksinə, böyük səbr və mərhəmətlə uşağın davranışında tədricən düzəlişlər etməli və o faktı da tam dərk etməlidirlər ki, bu cür davranış uşaqlar üçün təbii haldır və onlar böyüdükcə dəricən aradan götürüləcəkdir.


Bəzən valideynlər elə düşünürlər ki, cəzalandırmaqla uşağı intizama sala və onu doğruçuluğa öyrədə bilərlər. Lakin son nəticə tam əksinə alınacaqdır. Belə ki, uşaq təbiəti etibarı ilə zəngin təxəyyülə malik olduğundan heç vaxt görmədiyi və həyatını yaşamadığı hadisə və predmetlərin obrazlarını yaratmaq qabiliyyətinə mailkdir. Cəza təbiəti dəyişmək qüdrətinə malik deyildir. Kəmsavad və amansız tərbiyəçidən canını qurtarmağa və özünü müdafiə etməyə çalışan uşaq pis vərdişdən və həqiqi yalandan daha "möhkəm” yapışacaq və beləliklə də, addım-addım birinci dərəcəli yalançıya çevriləcəkdir.


Yeddi yaşlı oğlan məktəbdən qayıdır və sevinclə məktəbdə dərsi hamıdan yaxşı cavab verdiyini, müəllimin onu hamıya nümunə göstərdiyini və düzgün cavablarına görə onu təbrik etdiyini, hətta bir uşağın paxıllığından ağladığını, başqa uşaqların isə paxıllıqlarını gizlədə bilməməsini və tələffüsdə ona söz atmalarını və döyməyə cəhd etmələrini, sonra sinifə direktorun gəlməsi, məsələni araşdırması və s. haqqında danışır. Söyləmək olar ki, uşaq təxəyyülünün gücü uşağın xəyallarında baş vermiş hadisəni əməlli başlı "yuyaraq” real hadisəyə çevirmişdir. Lakin oğlunu yaxşı tanıyan ana çox gözəl anlayır ki, onun uşağı heç nədən belə böyük nailiyyətlər əldə edə bilməz.

 

Əgər ana bu zaman övladına diqqət yetirməsə və onun məqsədini və davranışındakı motivləri anlamağa cəhd etməsə, onun hekayəsini yalanın bir növü kimi qəbul edərək acıqlı halda qışqıracaq: "bunların hamısı uydurmadır!” və ya " yalan danışdığına görə utan!” və ya "hazırlaş bu dəqiqə gedirik müəllimin yanına, əgər danışdığın yalan olsa özündən küs!”. Ananın bu kəskin reaksiyasından xəyallar aləmindən yerə enmiş və qorxuya düşmüş uşaq, tam səmimiyyətlə inandığı öz poetik fantaziyalarına görə xəcalət çəkir. Cəzadan qorxaraq və məktəbdə nə cür alçalmaya məruz qalacağını gözləri önünə gətirərək yaxasını qurtarmağa, yalan danışmağa başlayır. Ağlına gələn uydurmalar və yalanlar üst-üstə o qədər qalanır ki, hadisələrin gedişatı tamamilə ağlasığmaz hala düşür və beləliklə də alınmış effekt gözlənilənin əksi olur.


Əgər ana diqqətcil və qayğıkeşdirsə və oğlunun tələblərinə anlama ilə yanaşırsa, həmin an susmaq, sifətdə ciddi ifadə yaratmaqla onun dediklərinə qulaq asmaq kifayət edərdi. Bu vəziyyətdə uşağın özündən uydurmaq həvəsi tədricən sönəcəkdir. O öz uydurmalarını ya yaddan çıxaracaq, ya da danışdıqlarının yalan və öz təxəyyülünün məhsulu olmasını boynuna alacaqdır. Bu zaman müdrik və xeyirxah ana oğluna onun dediklərində hikmətin olduğunu söyləyəcək, çünki o istəyir ki, onun oğlu həqiqətdə hamıya nümunə olsun. O ümid edir ki, uydurma hadisə həqiqətə çevriləcəkdir. Əgər şərait imkan verərsə, ana uşağa danışdığı bütün hadisələri həmişə həqiqətə uyğun olmasına çalışmasını ehtiyat və nəzakətlə oğluna başa salmalıdır.


Canlı və zəngin təxəyyülə, su zanbağından da zərif ürəyə malik həssas varlıqlarla işləyən böyüklər öz düşünülməmiş hərəkətləri ilə onları yaralıya bilərlər. Əgər uşaq sıxma-boğmaya salınmazsa və onun uydurmaya meyli qəsdən aldatma kimi baxılmazsa, o şübhəsiz ki, təxəyyülün inkişafı ilə bağlı onda yaranmış bəzi xoşagəlməz halları tədricən özündən uzaqlaşdıracaqdır. Ona görə də müəllim diqqətli olmalı, böyük səbr və mərhəmət nümayiş etdirməli, ana isə öz hərəkətlərində ciddilik və cəzaya deyil, daha çox uşaq psixologiyasına istinad etməlidir.




Загрузка...