“Gənc müəllimlər” məktəbində növbəti dərs
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) informasiya və kommunikasiya texnologiyaları (İKT) mərkəzinin direktoru Sərxan Talıbzadə "Gənc müəllimlər” məktəbində "İnformasiya texnologiyaları sahəsində gələcək proqnozlar” mövzusunda mühazirə oxuyub.
Aztəhsil.com xəbər verir ki, AzMİU-dan AZƏRTAC-a bildirilib ki, S.Talıbzadə müasir dövrdə İKT-nin inkişaf etdirilməsinin hər bir ölkənin intellektual və elmi potensialının vacib göstəricilərindən biri olduğunu, texnologiyaların sürətlə yayılmasının bəşəriyyətin inkişafı üçün geniş imkanlar açdığını diqqətə çatdırıb. S.Talıbzadə gənc müəllimlərə informasiya texnologiyalarının təhsildə tətbiqinin əhəmiyyətindən və bu sahədə yeniliklərdən danışıb. O, müasir dövrdə müasir texnologiyaların tətbiqinin geniş yayılmasının süni intellekt, enerji effektivliyi, 3D, nanotexnologiyalar kimi müasir innovasiyaları ortaya çıxardığını bildirib.
Mərkəzin direktoru bildirib ki, müasir informasiya texnologiyalarının insanların intellektual fəaliyyətinin bütün sahələrinə nüfuz etməsi 20-30 il sonra bəzi peşələrə tələbatı azaldacaq, bəzi peşələrə isə təsir etməyəcək.
Xatırladaq ki, "Gənc müəllimlər” məktəbi AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədovanın təşəbbüsü ilə ötən ildən fəaliyyətə başlayıb.