Bakı Ali Neft Məktəbi IADC ilə əməkdaşlığa başlayır
Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Qazma Podratçıları Beynəlxalq Assosiasiyasının (International Association of Drilling Contractors) Beynəlxalq inkişaf üzrə vitse-prezidenti Mayk Dubouz ilə görüşüb. Görüş zamanı tərəflər arasında gələcək əməkdaşlığın mövcud ola biləcək istiqamətləri müzakirə olunub.
Görüş zamanı cənab Mayk Dubouz BANM-in fəaliyyəti ilə yaxından tanış olub və onun əldə etdiyi uğurları yüksək qiymətləndirib.
1940-cı ildən bəri bütün dünyada neft-qaz çıxarma sənayəsini təmsil edən Assosiasiya bu ildən etibarən SOCAR AQŞ-nin dəstəyi ilə Azərbaycanda da fəaliyyət göstərəcək. Bu münasibətlə Bakıda Qazma Podratçıları Beynəlxalq Assosiasiyasının Xəzər regionu üzrə açılış mərasimi keçirilib.
Tədbirdə çıxışı zamanı cənab Mayk BANM-in adını bir neçə dəfə vurğulayaraq onun fəaliyyəti və rəhbərliyi haqqında müsbət fikirlər səsləndirib. BANM-dən mərasimə Neft-qaz texnologiyaları üzrə magistr təhsili alan Rüfət Məhərrəmov qatılıb. Qeyd edək ki, o həmin assosiasiyanın Xəzər regionu üzrə prezidentinin katib-xəzinədarı təyin olunub.
Assosiasiyanın əsas məqsədi bütün dünya üzrə neft-qaz sənayesində fəaliyyət göstərən şirkətləri və bu sahənin gənc və təcrübəli mütəxəssislərini bir araya gətirərək əlaqələr yaratmaq, eyni zamanda gənclərin bu sahədə müxtəlif beynəlxalq və lokal konfranslar, təlimlər, seminarlar, elektron materiallar, yeniliklər, təcrübə proqramları ilə biliklərinin artırılmasıdır.
Qeyd edək ki Qazma Podratçıları Beynəlxalq Assosiasiyasının baş ofisi Amerikanın Hyuston şəhərində, regional ofis isə Dubayda yerləşir.
BANM təşkilatın regionda ilk və hələlik yeganə əməkdaşlıq edəcəyi ali məktəbdir.