Payız depressiyasına siz də yaxalana bilərsiz– ƏLAMƏTLƏR
Payız depressiyasına siz də yaxalana bilərsiz
Yazın gəlişi ilə təbiət canlanır, insanlarda əhval-ruhiyyə də yüksək olur. Yay aylarında isə hamının açıq havada vaxt keçirməsi, istirahət etməsi orqanizmdə başqa bir canlılıq yaradır. Payız fəslində havaların birdən-birə soyuması, günəşin az görünməsi, yağış yağması, təbiətin canlılığının insan gözü qarşısında günü-gündən azalması bəzi insanlarda fəsil depressiyasının yaranmasına səbəb olur.
Yeni dövrün bəlası olan depressiya ən çox payız aylarında müşahidə edilir. Həkimlər insanlarda yaranan depressiv vəziyyətin vaxtında ciddiyə alınmasını tövsiyyə edirlər.
Depressiyanın əlamətləri
Xəstəliyin müşahidə edildiyi ilk günlərdə insanda enerji və maraq azalır və ya itir, özünü günahlandırma duyğuları baş qaldırır, diqqətsizlik, iştahsızlıq, özünü bədbəxt hiss etmək kimi hallar müşahidə edilir. Həmin şəxslər hər şeyə qarşı həssas olurlar, hər şeydən küsürlər, inciyirlər, hətta yaşamaq belə istəmirlər. Tez-tez özlərinə qapanıb ağlayırlar, heç kəslə danışmaq istəmirlər, işlərində geriləmə müşahidə edilir, yuxusuzluqdan əziyyət çəkirlər, cinsi istəkləri azalır, özlərini daim yorğun hiss edirlər.
Özünüzü test edin
Ən az iki həftə ərzində sizdə aşağıdakılardan 5-i müşahidə edilərsə diqqətli olun.
Özünü kədərli və boşluqda hiss etmək
Həyatdan zövq almamaq
Səbəbsiz yerə kökəlmək və ya arıqlamaq
Yuxusuzluq və ya həddən artıq yatma
Yersiz yerə hərəkətlilik və ya fəaliyyətsizlik
Davamlı, səbəbsiz yorğunluq, enerji itkisi
Özünü günahlandırma hissi
Diqqətsizlik, düşünməmək
Ölüm və intihar düşüncələri.
Payız depressiyasına ən çox kimlər yaxalanır?
Depressiv vəziyyət daha çox qadınlarda müşahidə edilir. Əvvəllər depressiyadan əziyyət çəkənlərin yenidən bu xəstəliyə tutulma riski də böyükdür. Xüsusilə pessimist, narahat, özünə inamı az olan insanlar bu dövrlərdə daha çox risk daşıyırlar.
Hamı payız depressiyasına düşə bilərmi?
Hamı müvəqqəti, ya da yüngül olaraq bir neçə gün müddətində mövsüm dəyişikliyindən təsirlənə bilər. Ancaq mövsümi depressiya ən azı iki həftə davam edir. Ən çox sentyabr-oktyabr aylarında müşahidə edilir. Amma iki həftədən sonra depressiv hal keçməzsə, şəxsin işində ailəsində problem yaradarsa mütləq mütəxəssisə müraciət edilməlidir.
Payız depressiyası ilə mübarizə yolları
– Gün işığından mümkün qədər bəhrələnin. Tədricən qısalmağa başlayan günlərdə mümkün olduğu qədər gün işığına çıxın. Buludlu günlərdə belə, səhər və ya günortalar 20-30 dəqiqə açıq havada olun.
– İdman edin. Gündə 30 dəqiqəlik aktiv yürüşə çıxmaq yetərlidir.
– Sağlam qidalanın. İştahanız artsa da, karbohidrat və şəkərli qidalardan çalışın az istifadə edin. Bol bol su üçün.
– Çox yatmayın. Zorla da olsa özünüzü səhər yataqdan erkən qalxmağa məcbur edin.
– Yeni hədəflər təyin edin, yeni planlar hər zaman insanı ruhlandırır.
– "Bu dünyada ölümdən başqa hər şeyə çarə var” məsəlini tez-tez təkrarlayın.
– İş yerindəki narazılığı azaltmaq üçün də tez-tez və qısa fasilələr vermək, ruhlandıracaq işlərlə məşğul olmaq, yenidən planlaşdırmaq depressiv əlamətlərin azalmasına kömək edir.
– Qidalanmanıza fikir verin. Şəkərli, qazlı qidalardan uzaq durun. Karbohidrat və şəkəri təbii məhsullardan alın.
Depressiyanın öhdəsindən yaxın insanların və ya həkimlərin köməyi ilə gəlmək mümkündür.