Qusar orta məktəbi pilot layihədə qalib olub
Təhsil Nazirliyinin həyata keçirdiyi "Təhsildə inkişaf və innovasiyalar” üzrə birinci qrant müsabiqəsi çərçivəsində Qusarın Balaqusar bələdiyyəsi ərazisində yerləşən 4 orta təhsil məktəbində peşəyönümü işin inkişaf etdirilməsinə dair pilot layihə qalib olub. Layihə ilə tanışlıq məqsədilə rayonun Həsənqala kənd tam orta məktəbində görüş keçirilib.
Aztəhsil.com azərtac-a istinadən xəbər verir ki, tədbirdə Həsənqala, Balaqusar, Bədirqala və Köhnə Xudat Qazmalar kənd orta məktəblərinin rəhbərləri və müəllimləri iştirak ediblər.
Həsənqala kənd tam orta məktəbinin direktoru Şöhran Haçəliyev layihənin məqsəd və vəzifələrindən danışıb. O qeyd edib ki, layihənin əsas məqsədi 9-11 sinif şagirdlərinə gələcəkdə sevdikləri və bacardıqları ixtisasın və ya sənətin seçilməsində kömək etməkdir.
Sonra layihənin məsləhətçiləri və təlimçiləri Elçin Sərdarov və Telman Yolçıyev orta təhsil müəssisələrində peşəyönümü işlərin aparılmasının vacibliyindən danışıblar. Qeyd edilib ki, layihə çərçivəsində valideynlər, müəllimlər və 9-11 sinif şagirdləri üçün seminar, təlim, dərs, təqdimat və infoturlar təşkil olunacaq.
Tədbirdə Həsənqala kənd məktəbinin müəllimləri təkliflərlə çıxış ediblər.
Layihə üzrə növbəti tədbirlər Həsənqala və Bədirqala məktəblərində keçiriləcək.