Məktəbdən sonra nazirliyin şagirdlərin hardasa toplaşmasının qarşısını ala bilməsi mümkünsüzdür
Təhlükəsizliyə cavabdehliyi məktəb yox, valideyn daşıyır
Düz 5 gündən sonra məktəblilərin "Son zəng”i çalınacaq. İndidən bütün orta məktəb şagirdləri bu ab-havaya köklənib. Bir az kədər, bir az da göz yaşı qarışır bu günə, amma istənilən halda "Son zəng” uşaqlığımıza son vidadır.
Xüsusən də, məzunlar üçün bu gün bir başqa gözəldir. Heç şübhəsiz ki, digər şagirdlərdən fərqli olaraq, məzunlar 14 iyuna böyük həyəcanla hazırlaşır. Onlar artıq son zəngi harada və necə keçirmək barədə düşünürlər. Təhsil Nazirliyi isə yenə də onların əvəzindən qərar verib. "Son zəng” tədbirləri ancaq məktəb divarları arxasında keçirilməlidir.
Nazirlikdən verilən məlumata görə, hər il olduğu kimi, bu il də "Son zəng” tədbirləri məktəb rəhbərləri tərəfindən şagirdlərin təhlükəsizliyi təmin olunmaqla bilavasitə ümumtəhsil məktəblərində təşkil ediləcək.
Hər nə qədər şagirdlərin təhlükəsizliyi üçün məktəbdən kənarda böyük ziyafətlərin təşkili məsləhət görülməsə də, məzunlar hər il bu ənənəni pozur. Gənclər "Son zəngi”” məktəb proqramına uyğun rəsmi formada qeyd etdikdən sonra öz arzularını reallaşdırmaq üçün bulvara, parklara üz tutub gəzir, axşam saatlarında isə sifarişlə yer ayırdıqları restoranlarda görüşürlər. İlk baxışdan gənclərin bu həvəsi təhlükəli görünməsə də, hər il "Son zəng” günlərində yayılan qəza və kriminal xəbərlər cəmiyyətdə narahatlıq doğurur.
Bəs "Son zəng” necə və harada keçirilməlidir ki, nə şiş yansın, nə də kabab?
"Son zəng” tədbirlərinin məktəbdən kənarda keçirilməsinə nazirlik tərəfindən müəyyən qadağalar qoyulduğunu deyən təhsil eksperti Nabatəli Qulamoğlunun sözlərinə görə, məktəbi tərk etdikdən sonra buna nəzarət etmək vəzifəsi birbaşa Təhsil Nazirliyinin öhdəliyindən çıxır:
"Əslində bu sahədə müəyyən olunan qadağa sui-istifadə hallarının qarşısının alınması üçün tətbiq edilir. Bu, "Son zəng” bəhanəsi ilə məktəb rəhbərliklərinin şagirdlərdən rüşvət toplamasının qarşısını almaq üçün nəzərdə tutulub. Korrupsiyanın azaldılması istiqamətində bu qanunlar ciddiləşdirilir. Artıq məktəbdən sonra nazirlik və ya məktəb buna nəzarət edə bilməz. Təhsil Nazirliyi yalnız məktəb barədə qərarlar verə bilər, şagirdlərə "gedib hər hansı bir yerdə toplaşmayın”- qadağası qoya bilməz. Bu zaman məzunların təhlükəsizliyini təmin etmək valideynlərin ixtiyarına düşür”. N.Qulamoğlu şagirdlərə ziyafət və ya gəzinti təşkilatçılığı edərkən müəllimlərin nəzarətinə şərait yaratmağı tövsiyə edir. Ekspertin sözlərinə görə, əks şəraitdə bu qərarın indi olduğu kimi gələcəkdə də nəticəsiz qalması qaçılmazdır: "Məzunlar müəllimləri təşkilatçılığa cəlb edərsə, daha rahat şəraitdə öz tədbirlərini həyata keçirə bilərlər. Nəzarəti öz boynuna götürən müəllim məsuliyyət hiss edərək, rəsmi şəkildə özündən yuxarı qurumlara - məktəb direktoruna, idarəçiliyə məlumat ötürəcək. "Yemək-içmək” ziyafətlərində məzunların təhlükəsizliyi baxımından valideynlər hələ çox nigaran qalacaqlar”.
Əməkdar müəllim, təhsil eksperti Almaz Həsrət isə "Şərq”ə açıqlamasında deyib ki, hər dərs ilinin sonunda məzun şagirdlər "Son zəng” gününü səbirsizliklə gözləyirlər və özünəməxsus şəkildə qeyd edirlər:
"Sözsüz ki, şagirdlər ömürlərində bir dəfə keçirilən "Son zəng”i yaddaqalan keçirmək arzusunda olurlar. Ancaq onların düşüncəsi ilə böyüklərin düşüncəsi eyni olmadığı üçün məktəb rəhbərliyinin, valideynlərinin maarifləndirici xəbərdarlıqları onlara bir o qədər də xoş gəlmir”.
Təhsil Nazirliyinin çox haqlı olaraq "Son zəng” tədbirlərinin məktəb daxilində keçirilməsi ilə bağlı öz tövsiyələrini verdiyini qeyd edən Almaz xanım hesab edir ki, "Son zəng” uşaqların məktəb illəri ilə vidalaşması deməkdir. Ona görə də tədbirlər məktəb ərazisində keçirilməlidir:
"Məzunların bulvara və ya digər məkanlara üz tutmasını düzgün hesab etmirəm. Onların şəhərdə gəzmək, əyləncə mərkəzlərində şənlik keçirmək üçün hələ çox imkanları olacaq. Ali məktəb imtahanlarından müvəffəqiyyətlə keçəndən sonra bu cür şənlikləri təşkil etsələr, daha yaxşı olar. "Son zəng” isə məktəb divarları arxasında keçirilməli və məzunların xatirələrində də məhz bu cür qalmalıdır. Ancaq hesab edirəm ki, artıq parklara, "bulvar”a gəzintiyə çıxmaq mənasızdır. "Son zəng” günü bəlkə də sonuncu dəfə birlikdə gülüb-əylənirlər. Çünki bundan sonra bu cür toplaşmaq, bir-biri ilə dərdləşə bilmək onlar üçün şirin bir xəyal olacaq. Yenə də məsləhət məzunlarındı. Biz onları heç nəyə məcbur edə bilmərik. Onlar üçün necə rahatdır, qoy öz "Son zəng”lərini elə də keçirtsinlər. Əsas odur ki, "Son zəng” günü onlar sonradan peşmançılığını çəkəcəkləri səhvə yol verməsinlər. Necə və harada qeyd etmələrindən asılı olmayaraq, "Son zəng” gününü hər zaman xoş və şirin bir xatirə kimi xatırlasınlar”.
Xüsusən də oğlan məzunların çılğın olduqlarını, spirtli içki qəbul edib sükan arxasına oturduqlarını qeyd edən ekspertin sözlərinə görə, bununla da həyatlarını təhlükəyə atmış olurlar: "Düşünürəm ki, müəllimlər və valideynlər sözü bir araya qoymalı və "Son zəng” tədbirlərinin necə keçirilməsi ilə bağlı düzgün maarifləndirmə metodu tapmalıdır. Gec-tez məqsədəuyğun hesab olunan proqram bütün şagirdlər tərəfindən qəbul olunacaq”.