Xəbərlər
08 fevral 2017
4 475
'Məktəb direktoru və 40 quldur' – “Sənin ananı ağladajam”
Bakunews.az saytının təsisçisi Mirkənan Seyidov barəsində yazı gedən Tərtərdəki məktəblərin birinin direktoru tərəfindən ölmlə təhdid olunub. Jurnalistin hüquqları baxımından sayt təsisçisi məsələni ictimailəşdirmək qərarına gəlib. Aztehsil.com xəbər verir ki, Bakunews.az saytının təsisçisinin məsələni ictimailəşdirmək üçün göndərdiyi yazını təqdim edir.
07.02.2017-ci il tarixində Bakunews.az saytında "Təhsil Nazirliyinə qarşı İTTİHAM - Sınaq imtahanına nazirlik 6 manat yığır...” başlıqlı yazımız dərc edildikdən bir neçə saat sonra şəxsi telefon nömrəmə zəng edən Tərtər rayonu Şükür Rəhimov adına Azad Qaraqoyunlu kənd orta məktəbinin direktoru Elmira Hüseynova tərəfindən təhdid edildim. Açıqcası, ilk öncə zəngin ciddiyətinin hansı səviyyədə olmasını qeydə almasam da, daha sonra xanımın təhdid dolu çıxışı məni tədirgin etdi. Məsələni ictimailəşdirməyi, bölgələrdə bu sahədə olan boşluğu doldurmağın çıxış yollarının araşdırılaraq aydınlıq gətirilməsinə nail olmağı özümə mənəvi borc bildim.
"Daş-qaş əvəzinə özünə bilik yığsan, daha çox tanınarsan: ən qiymətli daşı salıb itirə bilərsən, ən sadə biliyi isə səndən heç kəs ala bilməz” desə də atalarımız, məktəb direktoru olan Elmira xanım ataların xatirəsinə "od” qoyur. Səs yazılarından da eşidildiyi kimi xanım açıq aydın təhdidlər sovurur: "Bıy dayaneee həə deyəjəm ki, mənnən müsahibə alıbsan, sora da çəkib qırağa 1000 manat pul istəyibsən... Həə səni dayan süründürəjəm. Hələ məni tanımırsan. İki saat vaxtın var o yazını silməyinə, yoxsa səni Tərtər rayon Prokurorluğuna gətizdirtdirəjəm. Sənin varhaa ananı ağladajam” deyir. Od olmayan yerdən bu qədər tüstünün gəlməsi artıq meşənin külləndiyindən xəbər verir. Elm-təhsil ocağının həvalə edildiyi bazar jarqonlu direktoru və onun üzə durmağa hazır 40 nəfərlik (üzəduran ordu) heyəti görünür artıq müəllimlikdən çox tutduqları sahənin peşəkar biznesmenlərinə çevriliblər.
Bəli, məktəb direktorunun haqlarında yazı getdiyi informasiya portalının adını belə doğru-düzgün səsləndirə bilməməsi "Bölgələrdə təhsil niyə aşağı səviyyədədir? Rayonlarda nəyə görə valideynlər uşaqlarını oxutmaq istəmir?” kimi suallara bariz nümunədir. Görünür, RTŞ-ləri "iş ver, işin getsin” prizmasıyla fəaliyyətlərini tənzimləyir. Əks halda, bir tədris müəssisəsinin idarəedicisi, özü də bir xanım "sənin ananı ağladajam” deyə KİV nümayəndəsinə ehkam kəsə bilməzdi. Elmira xanımın "Əli baba və 40 quldur” misalı cəsarətli çıxışından belə nəticəyə gəlmək olur ki, o cibini yaxşı əllərə bağlayıb.
Vəzifə borcumu yerinə yetirdiyim və yazmış olduğum reportajı saytdan götürmədiyimçün məni ölümlə hədələyən bu xanıma qarşı tədbir görülməsini hüquq mühafizə orqanlarından rica edirəm.