Bakıda özünü məktəbin pəncərəsindən atan şagirdin durumu açıqlandı - YENİLƏNİB
Özünü məktəbin sanitar qovşağının pəncərəsindən atdığı deyilən şagird xəstəxanadan evə buraxılıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.
“16 yaşlı vətəndaş (qadın cinsli) bel fəqərəsində yerdəyişməyən sınıq xətti diaqnozu ilə təcili tibbi yardım briqadası ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. Zəruri müayinələrdən sonra ambulator müalicə üçün evə buraxılıb”, - məlumatda deyilir.
12:13
Özünü məktəb binasından atdığı deyilən məktəbli dərhal Kliniki Tibbi Mərkəzə aparılıb.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, ona təcili təxirəsalınmaz tibbi xidmət göstərilib.
İlkin məlumata görə, həkim müayinəsindən sonra məktəblinin müalicəsi evdə davam edəcək.
11:58
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları hazırda Binəqədi rayonu 135 nömrəli tam orta məktəbdədir. Hadisə ilə bağlı araşdırma aparılır.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Bakı şəhər Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, məktəbdən verilən ilkin məlumata görə Binəqədi rayonu 135 nömrəli tam orta məktəbin IX sinif şagirdi (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) dərsdən yayınmaq məqsədilə II mərtəbədə yerləşən sanitar qovşağın pəncərəsindən atılıb qaçmaq istəyərkən yerə yıxılıb.
Məktəb rəhbərliyi tərəfindən dərhal təcili-tibbi yardım çağırılıb, şagirdə ilkin tibbi yardım göstərilib. Məsələ ilə əlaqədar hüquq-mühafizə orqanlarına məlumat verilib.
Hazırda uşağın vəziyyətinin qənaətbəxş olduğu bildirilir.
Əlavə məlumat veriləcək.
11:01
Bakıda şagird özünü məktəb binasından atıb.
“Unikal”ın əldə etdiyi məlumata görə, hadisə ötən gün Binəqədi rayonu 135 nömrəli tam orta məktəbdə baş verib.
Belə ki, sözügedən təhsil müəssisəsinin 9-cu sinif şagirdi dərs zamanı özünü məktəbin 2-ci mərtəbəsindən atıb.
Qız uşağı müxtəlif bədən xəsarətləri alıb.
Onun hansı səbəbdən bu addımı atması hələlik məlum deyil.