Balakən, Zaqatala və Qaxda buraxılış imtahanları 11 mərkəzdə aparılıb
Dövlət İmtahan Mərkəzinin (DİM) martın 10-da qurumun Şəki regional bölməsinin əhatə etdiyi Zaqatala, Balakən və Qax rayonlarında tam (11 illik) orta təhsil səviyyəsi üzrə keçirdiyi buraxılış imtahanları başa çatıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, imtahanların keçirilməsi üçün Zaqatala rayonunda 5, Balakəndə 4, Qaxda isə 2 mərkəz olmaqla ümumilikdə 11 bina ayrılıb. Buraxılış imtahanları Zaqatala şəhər 1, 2, 3 nömrəli və Qazangül qəsəbə tam orta məktəblərdə, Zərifə Əliyeva adına Texniki təmayüllü liseydə, Balakən şəhər 1, 3 nömrəli, Mahamalar və Hənifə kənd tam orta məktəblərdə, həmçinin Qax şəhər 2 nömrəli orta məktəb-lisey və 5 nömrəli tam orta məktəbdə təşkil olunub.
İştirakçıların imtahan binalarına rahat şəkildə daxil olmaları üçün binalara müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib.
DİM-in regional bölməsindən verilən məlumata görə, Zaqatalada keçirilən və ümumilikdə 1196 nəfərin iştirakının nəzərdə tutulduğu imtahanların idarə olunmasına 16 imtahan rəhbəri və 113 nəzarətçi cəlb edilib. İmtahanların keçirilməsi üçün 96 zal ayrılıb.
Balakəndə keçirilən buraxılış imtahanında 743 nəfərin iştirakı nəzərdə tutulub. İmtahanların idarə olunmasına 10 imtahan rəhbəri və 74 nəzarətçi cəlb edilib. İmtahanların keçirilməsi üçün 61 zal ayrılıb.
Qax rayonunda keçirilən və 520 nəfərin iştirakının nəzərdə tutulduğu imtahanların idarə olunmasına isə 7 imtahan rəhbəri və 51 nəzarətçi cəlb edilib. İmtahanların keçirilməsi üçün 42 zal ayrılıb.
AZƏRTAC-ın bölgə müxbiri Qax şəhərindəki 2 nömrəli orta məktəb-liseydə keçirilən buraxılış imtahanının gedişi ilə tanış olub. Məktəbdəki imtahan zallarında şagirdlər üçün zəruri şərait yaradılıb. Ümumi imtahan rəhbəri Aqil Quliyev bildirib ki, 283 şagirdin iştirak etdiyi imtahanın idarə olunmasına 4 rəhbər və 28 nəzarətçi cəlb edilib. İmtahanların keçirilməsi üçün binada 23 zal ayrılıb.
Regional bölmənin müdiri Səbuhi Hüseynovun məlumatına görə, bütün imtahan mərkəzlərində tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları mövcud təlimata uyğun şəkildə aparılıb və heç bir qanun pozuntusuna yol verilməyib.