27 Sentyabr xalqımızı Zəfərə aparan yoldur
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamı ilə sentyabrın 27-si Anım Günü kimi təsis edildi. Təsis edilən Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü üçün canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir. Anım Günü ölkədə gənc nəslin vətənpərvər ruhda tərbiyə olunması, ölkə vətəndaşlarının birliyinin daha da möhkəmlənməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Ermənistanın ölkəmizə qarşı 2020-ci il 27 sentyabrdan başlayan növbəti hərbi təcavüzünə cavab olaraq Azərbaycanın Silahlı Qüvvələrinin Ali Baş Komandanının rəhbərliyi ilə işğal altında olan torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsi başladı. Bu, müasir dünya tarixinə qızıl hərflərlə yazılacaq vətənin ərazi bütövlüyü uğrunda savaşı idi. 28 sentyabr 2020-ci ildə Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəcamı ilə ölkədə qismən səfərbərlik elan olundu. Ehtiyatda olan hərbi qulluqçular, o cümlədən könüllü olaraq ordu sıralarına yazılmış gənclər döyüşlərə cəlb olundu.
Ermənistan azərbaycanlılara qarşı hər zaman milli, dini, etnik düşmənçilik siyasəti aparmışdır. 1948-1956-cı illərdə Ermənistandakı öz tarixi dədə-baba torpaqlarından 150 minə yaxın azərbaycanlı deportasiya olunaraq Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirildi. 1987-ci ildən başlayaraq daha 300 minə yaxın azərbaycanlı öz doğma yurdundan qovuldu, bununla da Ermənistan monoetnik dövlətə çevrildi. 1988-ci ildə başlayan Qarabağ hadisələri, erməni ideoloqlarının “dənizdən dənizə Ermənistan” adlı sərsəm ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələndi. Xarici havadarları tərəfindən silahlandırılan ermənilər Azərbaycan ərazisinin 20 faizini işğal etdi. İşğal zamanı yaşayış məntəqələri dağıdıldı, minlərlə insan amansızcasına qətlə yetirildi. Başlıbel, Ağdaban, Baqanis-Ayrım, Meşəli, Qaradağlı kəndlərində vəhşiliklər törədildi. Belə faciələrdən ən dəhşətlisi Xocalıda törədildi. 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırımı həyata keçirmişdir. Xocalı soyqırımı zamanı 613 nəfər, o cümlədən 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürülmuş, 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirmiş, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olmuşdur. BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməyən işğalçı dövlət sülh danışıqlarından yayınır, regionda status-kvonu saxlamağa çalışırdı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qətiyyətlə demişdi ki, nə Azərbaycan dövləti, nə də Azərbaycan xalqı Azərbaycanda ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcək. Bu, Azərbaycan dövlətinin dönməz, davamlı xarici siyasətinin mahiyyətini ifadə edirdi.
Aprel döyüşlərindən 4 il sonra 2020-ci ilin iyul ayında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində şiddətli döyüşlər baş verdi. Belə ki, Ermənistan ordusu artilleriya, iriçaplı silahlar və minaatanlardan istifadə etməklə Tovuz rayonu istiqamətindəki mövqelərimizə hücum etdi. Azərbaycanın qüdrətli ordusu tərəfindən hücumun qarşısı alındı və işğalçılara ağır zərbələr endirildi. 5 günlük Tovuz döyüşləri Azərbaycanın uzun illər işğal altında olan torpaqlarının azad olunmasına yol açaraq qığılcım rolunu oynadı. Sentyabrın 27-si Rəşadətli Azərbaycan Ordusu düşmən təxribatına cavab olaraq cəbhəboyu anti-terror əməliyyatına başladı və 30 illik zülmə, haqsızlığa, dünyanın göz yumduğu hərbi cinayətlərə son qoydu. 44 gün ərzində Ordumuz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, qalib Azərbaycan xalqının birmənalı dəstəyi ilə tariximizin ən şanlı səhifələrini qanı ilə ilə yazdı. İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuz kədərli günləri qürurlu günlərlə əvəz etdi. 27 sentyabr Anım günü olması ilə bərabər, həm də Zəfər gününün başlanğıcıdır. Müzəffər Azərbaycan Ordusu 44 gün ərzində Şuşa, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan şəhərləri, Xocalı, Laçın və Xocavənd rayonlarının bir hissəsi, yüzlərlə qəsəbə və kəndlərimiz, strateji əhəmiyyətli Hadrut qəsəbəsi, Talış və Suqovuşan kəndlərini işğaldan azad etdi. Düşmən Azərbaycana qarşı bütün sahələrdə acınacaqlı şəkildə məğlub oldu. İstər döyüş meydanında, istərsə də siyasi arenada Azərbaycan düşməni darmadağın etdi. Bütün meydanlarda məğlub olduğunu görən Ermənistan Baş naziri Nikol Paşinyan 10 noyabrda məğlubiyyəti qəbul etdi, kapitulyasiya aktına imza atmağa razı olduğunu bildirdi. Kapitulyasiya aktı Azərbaycanın parlaq qələbəsini bir daha sübut etdi. Prezident İlham Əliyevin rəhbərliyi altında, Ordumuzun gücü, xalqımızın birliyi, əsgər və zabitlərimizin canı bahasına torpaqlarımız işğaldan azad olundu. Azərbaycan bir daha güclü bir dövlət kimi öz qüdrətini bütün dünyaya göstərdi. 44 gün ərzində qələbə qazanmağımız sözsüz ki, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü siyasət, Azərbaycan Ordusunun Vətənə məhəbbəti və xalqımızın “dəmir yumruq” kimi Ali Baş Komandanın ətrafında birləşməsinin nəticəsi idi. Əfsuslar olsun ki, 44 günlük haqq savaşı itkilərsiz ötüşmədi. Müharibə zamanı 3000-ə yaxın zabit və əsgərlərimiz şəhidlik zirvəsinə ucaldı, minlərlə hərbçimiz qazi adını qazandı. Namərd atəşlər nəticəsində 100-ə yaxın mülki şəxs, onların arasında uşaqlar, qadınlar həlak olmuşlar. 400-dən çox mülki şəxs yaralanmış, 2406 fərdi ev, 92 çoxmənzilli bina və 423 mülki obyekt zərər görmüş və yararsız hala düşmüşdür. Ağdam, Bərdə, Füzuli, Gəncə, Goranboy, Naftalan, Mingəçevir və Tərtər rayonlarında şəhər və kəndlərin raket atəşinə tutulması müharibə cinayətidir. O cümlədən 100-dən çox mülki vətəndaşımız raket-artilleriya hücumları nəticəsində dünyasını dəyişdi.
Azərbaycan Ordusu düşmənin işğal müddətində yaratdığı, möhkəmləndirdiyi, təkmilləşdirdiyi müdafiə sədlərini darmadağın etdi. Vətən müharibəsi nəticəsində Ermənistanın işğalçılıq siyasətinə son qoyuldu. Milli həmrəyliyin, peşəkar rəhbərliyin, effektiv hərbi strategiyanın və ordumuzun gücü düşməni kapitulyasiya aktına imza atmağa məcbur etmişdir. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərə görə Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. II Qarabağ müharibəsi zamanı istifadə olunan döyüş taktikası dünya hərb tarixində yenilik hesab olunur və müvafiq ali hərbi məktəblərin dərsliklərinə salınaraq öyrənilir. Bəzi aparıcı Qərb mətbu orqanlarında, habelə ABŞ-ın Milli Müharibə Kollecinin (National War College) və Seton Hall Universitetinin Diplomatiya və Beynəlxalq Münasibətlər Məktəbinin analitik nəşrlərində Azərbaycan Ordusunun hərbi taktikası öyrənilir. ABŞ Hərbi Akademiyası və Pentaqonun rəsmiləri Azərbaycan Ordusunun hərbi əməliyyatlarının öyrənilməsi zərurətini qeyd edirlər. Şuşanın alınması Ermənistanı tam tərk-silah etdi, onun bütün manevr imkanları çökdürüldü. Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu ərazi bütövlüyümüzün təmin edilməsi yönündə öz vəzifəsini layiqli şəkildə yerinə yetirdi. 28 il işğal altında qalan mədəniyyət beşiyimiz olan Şuşanın azad edilməsi böyük siyasi, strateji və mənəvi məzmun daşıyır. Şuşanın azad edilməsindən bir gün sonra – Dövlət Bayrağı Günündə, noyabrın 9-da Azərbaycan Prezidenti İlham Əliyev daha 71 kəndin, iki qəsəbənin və 8 strateji yüksəkliyin işğaldan azad edildiyi barədə Azərbaycan xalqını məlumatlandırdı. Yaranmış vəziyyət Nikol Paşinyanı məcbur etdi ki, noyabrın 10-da məlum bəyanatı imzalasın. İmzalanan bəyanat Ermənistanın hərbi kapitulyasiyası olmaqla Azərbaycanın siyasi maraqlarını təmin edən bir sənəd oldu. Bu bəyanat 30 ilə yaxın davam edən işğala birdəfəlik son qoydu. Razılaşmaya əsasən, Ermənistan öz üzərinə Kəlbəcər, Laçın və Ağdam rayonları ərazisindən işğalçı qoşunlarının çıxarılması barədə öhdəlik götürdü. Beləliklə, məcburi köçkün olan həmvətənlərimizin 30 illik yurd həsrətinə son qoyuldu. 44 gün ərzində xalqımız yüksək səviyyədə birlik nümayiş etdirdi. Ön cəbhədə hərbçilərimizin şücaəti, ordumuzun rəşadəti, arxa cəbhədə mülki insanlarımız, bütövlükdə isə xalqımızın həmrəyliyi nəticəsində qələbə çaldıq. Bir daha dünyaya sübut etdik ki, bu torpaqlar əzəli və əbədi Azərbaycan torpaqları olmuşdur, “Dəmir yumruq” əməliyyatı göstərdi ki, Qarabağ Azərbaycandır! Bundan əlavə, Vətən müharibəsində əldə etdiyimiz Zəfərdən sonra Prezident İlham Əliyev tərəfindən bir neçə orden və 15 medalın təsis edilməsi Qələbənin əbədiləşdirilməsi və iştirakçılara ayrılan ali diqqətin təcəssümüdür.
Son olaraq bir gündə erməni diversiya qruplarının törətdiyi mina terroru nəticəsində 7 polis və iki mülkü şəxsin həlak olması Azərbaycanın səbrini daşırdı və antiterror tədbirlərinə start verildi. Ermənistanın məğlub ölkə libasında imza atdığı üçtərəfli bəyanatın müddəalarına məhəl qoymaması, hərbi təxribatlarını davam etdirməsi, işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinə ciddi şəkildə mane olmağa çalışması antiterror əməliyyatını labüd etdi. Sentyabrın 20-də başlanan lokal xarakterli antiterror tədbirləri uğurla başa çatdı. Qərb “hərbi yolla mümkün deyil” mesajı vermişdi. “Dəmir yumruq” isə 30 illik erməni terrorizmini 24 saatda əzdi. Sentyabrın 21-i Ermənistanın dövlət müstəqilliyi günü idi. Həmin gün Xankəndindəki erməni icmasının nümayəndələri Yevlax şəhərinə gəldi və Azərbaycan hökumətinin nümayəndələrilə danışıqlar apardı. Ali Baş Komandan xalqa müraciət edərkən bir daha Azərbaycan xalqı ilə erməni xalqının düşmən olmadığını, Qarabağdakı erməni əsilli sakinlərin də bu ölkənin vətəndaşları olduğunu vurğuladı. Yevlax görüşü həm də onu göstərdi ki, dünyanın hər hansı dövləti nə bəyanat verirsə-versin, hansı təhdidləri edirsə-etsin, bunun Azərbaycana heç bir dəxli yoxdur. Öz ərazilərimizdə antiterror tədbirləri keçirməklə dövlətin qanunlarına tabe olmayan, bu və ya digər ölkənin maraqları üçün alətə çevrilən insanları tənbeh etdik. Qarabağ tarixi Azərbaycan torpağıdır. Əksi olsaydı, ermənilər oranı viran günə qoymazdı. İndi isə Azərbaycan dövləti və xalqı əl-ələ verərək Prezidentin rəhbərliyi altında azad edilən torpaqları abadlaşdırır. Tarixi torpaqlarımız cənnətə çevrilir. Azərbaycan işğaldan azad etdiyi torpaqlarda həyata keçirdiyi bərpa və qurucluq işlərini Xankəndində də, Ağdərədə də davam etdirəcək. Ermənistan və onun beynəlxalq himayədarlarının məkrli planları ilə qurulmuş “boz zona”dakı erməni separatçı-terrorçuların 30 illik “tetris oyunu” həmişəlik bitirildi. Azərbaycan ordusu qarşıya qoyulan tarixi vəzifəni böyük ustalıqla icra etdi. Tarixi hədəfə nail oldu və 30 illik problemi bir dəfəlik ortadan qaldırmağı bacardı. Üstəlik, Azərbaycan ordusuna bu problemi həll etmək üçün cəmisi 24 saat yetərli oldu. Bəli, Azərbaycan dövləti və ordusu növbəti dəfə bütün dünyaya meydan oxudu. Dünyanın ermənipərəst siyasi dairələrinin maskasını yenı yırtdı, onların riyakarlıqlarını gün üzünə çıxartdı. Belə ki, BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsinə əhəmiyyət vermədən Azərbaycan ərazilərini 30 il işğal altında saxlayan Ermənistanın beynəlxalq himayədarları yenə məyus edildilər. Və məlum oldu ki, Ermənistanın beynəlxalq himayədarları nə az, nə çox, düz 30 il Azərbaycanın zamanını oğurlayıblarmış. Məsələ ondadır ki, Azərbaycanın işğal edilmiş ərazilərinin Ermənistanın nəzarətində saxlanması üçün Minsk Qrupu adı altında beynəlxalq siyasi fırıldaq missiyası yaradılmışdı. Həmin beynəlxalq fırıldaqçılar 30 il ərzində “Dağlıq Qarabağ probleminin hərbi yolla həllinin mümkün olmadığı”nı Azərbaycan dövlətinə qəbul etdirməyə çalışdılar. Ancaq Azərbaycan dövləti əksinə onlara sübut etdi ki, “Dağlıq Qarabağ problemi”nin sülh danışıqları yolu ilə həlli yoxdur. Və Azərbaycan ordusu Minsk Qrupunun 30 il sülh danıçıqları yolu ilə həllinə imkan vermədiyi “Dağlıq Qarabağ” problemini cəmisi 44 gün ərzində nizamladı, beynəlxalq fırıldaqçılar missiyasını da birdəfəlik dəfn etdi.
Azərbaycan ordusunun lokal antiterror tədbirlərinin başlanmasından dərhal sonra ABŞ, Fransa, Avropa Birliyi və s. ermənipərəst beynəlxalq dairələr dərhal hərəkətə gəldilər. Rəsmi Bakının antiterror tədbirlərini dayandırmağa çağırdılar, üstəlik, yenə də bu problemin hərbi yolla həllinin mümkün olmadığını xüsusi olaraq, vurğuladılar. Yəni, yenə də uydurma siyasi dialoq tezisləri ilə rəsmi Bakını Azərbaycan ərazsindəki “boz zona”nı ləğv etmək qərarından daşındırmağa çalışdılar. Rəsmi Bakı ABŞ, Fransa və Avropa Birliyinə əhəmiyyət vermədi, lokal antiterror tədbirlərinin sona qədər davam etdirilməsində prinsipial mövqe tutdu. Nəticədə, rəsmi Bakı Azərbaycanın üzləşdiyi problemlərin həlli yollarını beynəlxalq ermənipərəstlərdən daha yaxşı bildiyini növbəti dəfə sübuta yetirdi. Bu hərbi cinayətkarlar Azərbaycan ərazisində “tetris bayraq” yelləyirdilər və o “bayraq” artıq düşdü. Əvəzində Azərbaycan ordusunun “dəmir yumruğu” erməni terrorçuları ağ bayraq qaldırmağa məcbur buraxdı. Və bundan sonra Azərbaycan dövlətinin şərtlərini yerinə yetirmək məcburiyyətində qaldılar. Rəsmi Bakının şərtləri isə konkretdir və prinsipialdır. Ermənistan ordusunun tör-töküntüləri tərsilah olunacaq, silahlı erməni terror dəstələri ləğv ediləcək. Silah-sursatı, hərbi texnikanı təhvil verdikdən sonra Ermənistan ordusunun tör-töküntüləri Azərbaycan ərazilərindən çıxarılacaq. Erməni separatçı-terrorçuların qondarma “qurumları” özünü buraxacaq. Xankəndi və ətraf bölgə Azərbaycan Konstitusiyasının müddəalarına uyğun şəkildə idarə olunacaq. Azərbaycanın Qarabağ regionunda yaşayan erməni azlığı isə reinteqrasiya prosesinə cəlb ediləcək. Böyük ehtimalla Azərbaycana qarşı hərbi cinayətlər törətmiş erməni separatçı-terrorçular da cəzasız qalmayacaqlar. Onların böyük əksəriyyətinin həbs edilmə ehtimalı kifayət qədər ciddidir. Ermənistanın “Hraparak” nəşri bu barədə artıq məlumat yayıb. Erməni nəşrinin iddiasına görə, rəsmi Bakı Qarabağdakı separatçılara konkret siyahı göndərib və orada adları olan şəxslərin Azərbaycana təhvil verilməsini tələb edib. Məlumata görə, siyahıda Qarabağdakı separatçı-terrorçuların keçmiş liderlərinin, aktiv separatçılıq fəaliyyəti göstərmiş şəxslərin, hərbi cinayətkarların, habelə I və II Qarabağ savaşlarında Azərbaycan ordusuna qarşı vuruşmuş, mülki əhaliyə qəddarlıq etmiş, ağır cinayətlər törətmiş şəxslərin adları qeyd olunub. Yəni, erməni separatçı-terrorçular istənilən halda, törətdikləri hərbi cinayətlərə görə cavab vermək məcburiyyətində qalacaqlar. Və “boz zona”da artıq sona çatan “tetris cinayətləri”nə görə hesab verməyin vaxtı çatıb.
Azərbaycan növbəti dəfə beynəlxalq qanunların təminini öz gücünə həyata keçirir və haqlı davamızda Zəfər Savaşında olduğu kimi bütün xalq Ali Baş Komandanın, qəhrəman ordumuzun yanındadır. Bu birlik qarşısında heç bir qüvvə dayana bilməz. Qısa müddət ərzində düşmənə gücümüzü yenidən göstərdik və onlar lazım olan dərsi aldı. Azərbaycan hakimiyyəti Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələri ilə Yevlaxda görüşünü rədd edən separatçılar yalvarışla atəşkəsə nail olub bu görüşə gəldilər. Bu təklif rəsmi Bakının vəziyyətinin gərginləşməsində maraqlı olmadığını, lakin erməni separatçıların qeyri-qanunu silahlı birləşmələri öz cinayətkar əməllərində israr edəcəkləri təqdirdə, antiterror tədbirlərinin sona çatıdırılmasında nə qədər qətiyyətli olduğunu açıq çəkildə göstərir. Separatçılara himayədarlıq edənlər, onları qızışdıranlar da bəllidir. Amma artıq hər kəs anlamalıdırlar ki, Azərbaycan müstəqil dövlətdir və hansısa qüvvə Azərbaycan Ordusunun hüququndan istifadəsinin qarşısını ala bilməz. Bölgədə sülh və sabitliyə nail olmağın yeganə yolu erməni silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindən qeyd-şərtsiz və tamamilə çıxarılması, qondarma rejimin buraxılmasıdır ki, Azərbaycan buna nail olacaq. Yüz illərdir xəyanət və riyakarlığı ilə Qafqazda savaş ocağı yaradan Ermənistana gərəkən dərsi Azərbaycan verəcək.
Namərd düşmənin törətdiyi qanlı cinayətlər, insan qətliamları validenyləri gözü yaşlı, övladları atasız, ailələri başsız qoydu. Təskinliyimiz İgid oğullarımızın düşmənə sarsıdıcı zərbələr vuraraq qələbə sevinci bizlərə yaşatdılar. Qisas qiyamətə qalmadı. Bu gün hər birimiz vətəndaş olaraq şəhidlərimizin ruhu qarşısında baş əyirik, qazilərimizə Allahdan şəfa, veteranlarımıza can sağlığı diləyirik. Şəhidlərimizin hər biri qəhrəmanlıq nümunəsidir, onlar bizə sübut etdilər ki, qəhrəmanlar təkcə nağıllarda olmur. Onların hər biri haqqında bir salnamə yazmaq mümkündür. Nə qədər ki, cəsur ürəkli, düşmənə qan udduracaq igidlərimiz var, nə qədər ki Ali baş Komandanımız və “dəmir yumruq” altında birləşən xalqımız var torpaqlarımıza heç kim göz dikə bilməz. Kiçik bir yeri əhatə edən Azərbaycan əslində necə böyük qüdrətə sahib olduğunu bir daha dünyaya nümayiş etdirdi. Bu birliyin davamı və nəticəsi olaraq Azərbaycan Ordusu bu ilin 19-20 sentyabr tarixlərində Qarabağ ərazisində həyata keçirdiyi lokal antiterror əməliyyatları nəticəsində düşməni təslim etməyə məcbur etdi və tam olaraq suverenliyimizi bərpa etdi. Bu da məhz şanlı ordumuzun, qüdrətli prezidentimizin və müzəffər xalqımızın birlikdə mübarizəsinin məntiqi nəticəsi oldu.
Dünya xəritəsində kiçik bir yeri əhatə edən Azərbaycan dövləti Vətən müharibəsində bütün bəşəriyyətə səs salaraq öz gücünü göstərdi. Döyüş meydanında Ermənistan silahlı qüvvələrini diz çökdürən, illərdir yaradılan “məğlubedilməz erməni ordusu” mifini darmadağın edən rəşadətli ordumuz yazdığı tarixlə gələcək inkişafımızın prioritetlərini müəyyənləşdirdi. Vətən müharibəsi haqqın, ədalətin bərpası olmaqla yanaşı, işğalçı Ermənistana və ona havadarlıq edənlərə tarix və hüquq dərsi oldu. Ermənilərə elə bir dərs verildi ki, bu dərsi heç vaxt unutmayacaqlar. Zəfərimizlə Azərbaycanın dövlətçilik, hərbi-siyasi, müstəqillik tarixinə yeni qəhrəmanlıq salnaməsi yazıldı. Azərbaycan xalqı öz Prezidenti və Ordusu ilə birlikdə “Dəmir yumruq” olub düşmənin başını əzdi. Xalqın güc və birlik rəmzinə çevrilmiş “Dəmir yumruq” öz gücünü və şücaətini bütün dünyaya göstərdi. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki şəxslər, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirdilər. Düşmənə qan udduran igid hərbçilərimiz Ermənistan rəhbərliyini danılmaz fakt qarşısında qoydular. Cəmi 44 gün ərzində Ermənistan ordusu məhv edildi, hərbi texnikası sıradan çıxarıldı, canlı qüvvəsi zərərsizləşdirildi və Azərbaycan öz gücünü, öz qüdrətini dünyaya göstərdi. Bu müharibədə qardaş Türkiyənin mənəvi və siyasi dəstəyi də əhəmiyyətli rol oynadı. Türkiyənin açıq dəstəyi bir çoxlarının bu münaqişəyə müdaxilə cəhdlərini alt-üst etdi. Təbii ki, Türkiyə-Azərbaycan münasibətləri dərin tarixi köklərdən qaynaqlanır, müasir mərhələdə isə daha geniş xarakterli miqyas alıb.
Türkiyə Prezidentinin 15 ildən sonra sentyabrın 25-də yenidən Naxçıvana səfəri bu dəfə fərqli kontekstdən yanaşmanı tələb edir. Ötən müddət Cənubi Qafqazda yeni reallıqları gündəmə gətirməklə yanaşı, eyni zamanda Azərbaycan-Türkiyə münasibətlərini də yeni müstəviyə – Şuşa bəyannaməsi ilə rəsmiləşdirilən starteji müttəfiqlik səviyyəsinə qaldırıb. Xüsusilə, Azərbaycanın son 3 il ərzində bütün Qafqaz regionunu dəyişən proseslərə imza atması bu istiqamətdə görülən tədbirlərin və yaranan yeni reallıqların müzakirəsini zəruri amilə çevirib. Bu səfərin Vətən müharibəsinin 3-cü ildönümü ərəfəsinə, Azərbaycanın Qarabağ bölgəsində keçirdiyi lokal xarakterli 24 saatlıq antiterror tədbirlərinin müsbət nəticə ilə yekunlaşmasından qısa bir müddət sonraya təsadüf etməsi də əbəs yerə deyil. Prezident cənab İlham Əliyev də öz çıxışında bunu qeyd etdi: “Beş gün bundan əvvəl Azərbaycan öz suverenliyini tam təmin etmişdir. Əgər üç il bundna əvvəl İkinci Qarabağ müharibəsi nəticəsində biz işğala son qoymuşduqsa, bu il aprelin 23-də Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsini qoymaqla ərazi bütövlüyünü tam bərpa etmişdiksə, 5 gün əvvəl biz suverenliyimizi tam təmin etdik, bərpa etdik.”
Tarixi günün görüşünün keçirildiyi, tarixi sənədlərin imzalandığı, mətbuata birgə bəyanatların verildiyi məkan. Buranın da xüsusi bir əhəmiyyəti və özünəməxsus mesajı var. Bu həmin o zaldır ki, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə ötən əsrin 90-cı illərində Azərbaycanın gələcəyi üçün taleyüklü qərarlar burda qəbul olunmuşdu. Həmrəyliyimiz burda elan olunmuş, Dövlət bayrağımız burda qaldırılmış, Dövlət himnimiz burda səsləndirilmişdir. İndi isə Ulu Öndərin davamçısı Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin gələcək perspektivləri, inkişaf hədələrini özündə ehtiva edən böyük tarixi qərarlara burda imza atılır. Tarix təkərrürdən ibarətdir.
Azərbaycan ictimaiyyəti və dünya azərbaycanlıları Anım Gününü böyük ehtiramlarla qeyd edirlər. Şəhidlərimizi sentyabrın 27-də böyük ehtiramla, dövlətə, dövlətçiliyə böyük sədaqətlə anacağıq. Bu il Anım Gününü həm də şəhidlərimizin ruhuna göz aydınlığı ilə qeyd edəcəyik. Bu ilin sentyabrın 20-də Azərbaycan Ordusu lokal xarakterli antiterror tədbirləri keçirdi. Xankəndində ağ bayraq qaldırıldı. Ermənistan ordusunun qalıqları, separatçılar tərksilah edildi. Vətəni sevən və onun yolunda canından keçmiş şəhidlərimizin ruhu qarşısında baş əyərək, onlara Allahdan rəhmət, qazilərimizə şəfa, veteranlarımıza can sağlığı diləyirik və onların hər biri ilə qürur duyuruq.