Aprel döyüşlərinin qəhrəman şəhidi, gizir Pəncəli Teymurovun əmisi cənab prezdentə müraciət edib. Aztehsil.com saytı həmin müraciəti oxucularına təqdim edir:
"Azərbaycan Respublikasının Prezidenti, Zati-aliləri İlham Əliyev cənablarına.
Aprel döyüşlərində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda rəşadətlə döyüşərək Talış yüksəkliyinin və eyni adlı kəndin düşməndən azad edilməsində xüsusi qəhrəmanlıq göstərən Pəncəli Teymurovun əmisi Fərəcov Şirməmməd Hənifə oğlundan
M Ü R A C I Ə T.
Məni Sizə müraciət etməyə vadar edən səbəb 2016-cı ilin aprelin 3-də Talış yüksəkliyinin, Talış və Seysulan kəndlərinin erməni işğalçılarından azad edilməsi uğrunda döyüşüb qəhrəmanlıqla şəhid olan doğma qardaşımın oğlu, Xüsusi Təyinatlı Qüvvələrin 17 illik kəşfiyyatçısı Teymurov Pəncəli Nurməmməd oğlunun bütün xidməti dövründə göstərdiyi qəhrəmanlıqların hərbi rəhbərlik tərəfindən lazımınca qeyd edilməməsi və ona layiq olduğu Milli Qəhrəman adının təqdim olunmamasıdır. Dövlət başçısı kimi Siz 14 ildir ki, xalqımızın xidmətindəsiniz və Sizin səmərəli fəaliyyətinizi görürük və dəyərləndiririk. Ona görə böyük ümidlə Sizə müraciət etməklə ümidvarıq ki, Siz hər bir azərbaycanlının Prezidenti olduğunuz üçün övladımızın haqqının ona qaytarılmasına kömək edəcəksiniz.
Artıq bir ildir ki, sosial şəbəkələrdə, internet xəbər portallarında, televiziya ekranlarında, bir sözlə milli mətbu orqanlarında 2016-cı ilin aprel döyüşlərində şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin giziri Pəncəli Nurməmməd oğlu Teymurova "Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi xahişi ilə əlaqədar Sizə demək olar ki, hər gün kütləvi müraciətlər ünvanlanır. Görəsən şəhid Pəncəli Teymurov "Azərbaycanın Milli Qəhrəmanı” adına layiq olan bir hərbçidirmi? Kimə verilir "Azərbaycanın Milli Qəhrəmanı” adı? Ümumiyyətlə "Azərbaycanın Milli Qəhrəmanı" adının verilməsi üçün hansı meyarlar mövcuddur? Bir tərəfdən, "Azərbaycanın Milli Qəhrəmanı” adı haqqında Əsasnamənin 1-ci bəndinin məzmununa görə, "Azərbaycanın Milli Qəhrəmanı” adı Azərbaycan Respublikasının müstəqilliyi və tərəqqisi naminə xalq qarşısında göstərilmiş müstəsna xidmətlərə və rəşadətə görə verilir. Digər tərəfdən, Azərbaycan Prezidentinin "Azərbaycanın Milli Qəhrəmanı" adının verilməsi haqqında imzaladığı Sərəncamların mətnindən də görünür ki, "Azərbaycanın Milli Qəhrəmanı" adı Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasında göstərilmiş xüsusi xidmətlərə və döyüş tapşırığının yerinə yetirilməsi zamanı göstərilmiş şəxsi igidliyə görə verilir. Bəs görəsən Pəncəli Teymurov Azərbaycanın müstəqilliyi və tərəqqisi naminə xalq qarşısında müstəsna xidmətlər və rəşadət göstərmişdirmi? Yaxud o, Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlər və döyüş tapşırığını yerinə yetirərkən şəxsi igidlik göstəribmi?
Pəncəli Teymurovun Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasında fəal iştirak etmək məqsədi olmasaydı, o, hələ hərbi xidmətdə ikən könüllü olaraq Azərbaycanın Xüsusi Təyinatlı Qüvvələrinin kəşfiyyat qrupuna yazılmaz, Bakıda gizir məktəbində, Türkiyədə Xüsusi Kəşfiyyat Məktəbində təhsil almazdı. O, həqiqi hərbi xidmətini başa vurduqdan sonra ata-ana ocağına qayıdardı. Amma o, Vətən evini öz doğma ata-ana evindən, ocağından üstün tutdu və hərbi xidmətini kəşfiyyatçı-gizir kimi könüllü olaraq davam etdirdi. Özü də nöqsansız, qüsursuz. Bəli, "Qüsursuz xidmətə görə" medalı Azərbaycan Silahlı Qüvvələrində qüsursuz həqiqi hərbi xidmət keçən hərbi qulluqçulara verilir.
"Qüsursuz xidmətə görə" medalının üç dərəcəsi var: 1) "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medal. Bu medal Silahlı Qüvvələrdə 10 təqvim ili qədər göstərilmiş xidmətə görə verilir. Pəncəli Teymurov Azərbaycan Müdafiə Nazirliyinin 26 iyun 2010-cu il tarixli əmri ilə "Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalla təltif olunmuşdu. 2) "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medal. Bu medal Silahlı Qüvvələrdə 15 təqvim ili qədər göstərilmiş xidmətə görə verilir. Pəncəli Teymurov Azərbaycan Müdafiə Nazirliyinin 02 iyul 2015-ci il tarixli əmri ilə "Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medalla təltif edilmişdi. 3) "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medal. Bu medal isə Silahlı Qüvvələrdə 20 təqvim ili qədər göstərilmiş xidmətə görə verilir. Əgər Pəncəli Teymurov sağ olsaydı, şübhəsiz ki, üç ildən sonra, yəni 2020-ci ildə Silahlı Qüvvələrdə 20 təqvim ili xidmət etdiyinə görə "Qüsursuz xidmətə görə" mütləq 1-ci dərəcəli medalla da təltif olunacaqdı.
"İgidliyə görə" medalı haqqında Əsasnamənin 1-ci bəndinə əsasən, "İgidliyə görə" medalı müharibədə döyüş zamanı göstərdiyi igidliyə görə, döyüş əməliyyatlarına uğurlu rəhbərlik etdiyinə və şəxsi mərdlik göstərdiyinə görə, həyatı təhlükə altında olduğu halda hərbi borcu yerinə yetirərkən igidlik göstərdiyinə görə, xüsusi tapşırığı yerinə yetirərkən cəsarət göstərdiyinə görə verilir. Bəli, məhz bu tələblərə cavab verdiyinə görədir ki, Pəncəli Teymurov Azərbaycan Prezidentinin 24 iyun 2015-ci il tarixli Sərəncamı ilə "İgidliyə görə” medalı ilə təltif edilmişdi.
"Vətən Uğrunda" medalı haqqında Əsasnamənin 1-ci bəndinə əsasən, "Vətən uğrunda" medalı Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsində iştiraka görə, dövlətin milli təhlükəsizliyinin təmin edilməsində fəaliyyətinə görə verilir. Məhz Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsində fəal iştirakının bariz nəticəsidir ki, Pəncəli Teymurov Azərbaycan Prezidentinin 19 aprel 2016-cı il tarixli, 1967 saylı Sərəncamı ilə ölümündən sonra "Vətən uğrunda” medalı ilə təltif edilmişdir.
Bunlardan başqa, Pəncəli Teymurovun çoxsaylı medal və təltifləri, fəxri fərman və tərifnamələri də var, məsələn, "Azərbaycan Silahlı Qüvvələrinin 90 illik yubileyi” medalı, "Azərbaycan Silahlı Qüvvələrinin 95 illik yubileyi” medalı, Türkiyə Cümhuriyyətinin Xüsusi Təyinatlı Qüvvələrinin "Qızıl Bayraq” medalı, Azərbaycan Silahlı Qüvvələrinin rəhbərliyinin 8 Fəxri Fərmanı, Türkiyə Xüsusi Təyinatlı Qüvvələrinin komandanlığının "Xüsusi Tərifnamə”si və sair və ilaxır.
Bəli, Pənəcli Teymurov cəmi 35 il ömür yaşadı. Bu ömrün 17 ili onun üçün hərbi mükələfiyyətli il idi. Bu 17 ili son nəfəsindədk Pəncəli Teymurov Vətənin qorunmasına ithaf etdi, hərbə həsr etdi. Bütün bunlar Azərbaycan Respublikasının müstəqilliyi və tərəqqisi naminə xalq qarşısında göstərilmiş müstəsna xidmətlər və rəşadət deyilmi, bütün bunlar Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasında göstərilmiş xüsusi xidmətlər və döyüş tapşırığının yerinə yetirilməsi zamanı göstərilmiş şəxsi igidlik deyilmi?
Pəncəli Teymurov elə biq qəhrəmandır ki, o, 19 avqust 2013-cü ildə öz toyunda çıxış edərək Vətəni və xalqının azadlığı üçün şəhid olmağı arzulamış , 17 illik xidməti dövründə saysız-hesabsız hərbi əməliyyatları müvəffəqiyyətlə icra etmiş və onlarla erməni faşistini , düşmən texnikasını, istehkam qurğularını və hərbi sursatı sıradan çıxarmışdır. Onun igidliyi, Vətən və xalqı üçün arzuladıqlarını nəinki Azərbaycan cəmiyyəti, eləcə də bütün dünya gəncləri bilir. O, heç zaman şəxsi həyatını yaşamamış və ömrünü dövlətimizin müstəqilliyinin qorunmasına sərf etmiş, üç illik evliliyinə baxmayaraq övladı da olmamışdır. Biz , Pəncəli Teymurovun ailə üzvləri olaraq ümid edirik ki, Siz qarşıdan gələn "Pəncəlinin ad günü"ndən, Lələ Təpədə və Talış yüksəkliyində Azərbaycanın qələbə bayrağının sancıldığı gündən və aprel döyüşlərinin 1 illiyinin tamamlandığı gündən bir fürsət kimi istifadə edərək Pəncəli Teymurovu unutmaz, onun adını bircə dəqiqə sükutla yad edəcək, yada salacaq və onu Azərbaycan Respublikasının "Qızıl Ulduz” medalına layiq görəcəksiniz. Azərbaycan gəncləri Pəncəlini Milli Qəhrəman olaraq sevir, onunla fəxr edirlər. Bu fəxri adın rəsmi olaraq Pəncəli Teymurova verilməsi bütün gənclərimizdə hərbi-vətənpərvərlik ruhunun artmasına və Azərbaycan dövlətinin, onun Sizin kimi dəyərli başçısının Azərbaycan gənclərinə, xüsusən də, cənub zonasının əhalisinə olan məhəbbətini bir daha izhar edəcəkdir!"
Qeyd edək ki, martın 24-ü şəhid Pəncəli Teymurovun doğum günüdür.