Nə qədər ki, təhsilimiz bu axarda davam edəcək... - Ekspertlər çıxış yollarından DANIŞDI
Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransı zamanı elm və təhsil naziri Emin Əmrullayevin toxunduğu bir neçə məsələ geniş müzakirələrə səbəb olub. Onlardan biri də, yüksək nəticə göstərən abituriyentlərin esse yaza bilməməsi ilə bağlıdır.
Belə ki, nazir çıxışında bildirib ki, Azərbaycan dili fənni ilə bağlı problemlərimiz ciddidir.
"Bu yaxınlarda Azərbaycan dili və ədəbiyyat forumu keçirildi. Gördük ki, dil fənni ilə bağlı problemlərimiz ciddidir. Dillə bağlı səriştələri öyrətməliyik. Bu sahədə səriştəsi olan şəxs yazıb danışmalıdır. Dil qaydaları və üslub bunun tərkib hissəsidir. Sertifikatlaşdırma üçün suallar hazırlananda gördüm ki, bizim fənn mütəxəssisimiz belə bundan uzaqdır. Mən xahiş edirdim ki, belə suallar salmayaq. Özümüzü bir çərçivəyə salmışıq və ordan çıxa bilmirik. Ona görə, Azərbaycan dilindən imtahanda maksimum nəticə göstərən abituriyent bir səhifəlik esse yaza bilmir”, - deyə Əmrullayev qeyd edib.
Bəs, şagirdlər, abituriyentlər dilimizə niyə bu qədər biganədir, habelə test imtahanında yüksək nəticə göstərmiş birisi niyə esse yaza bilmir? Səbəb təhsil sistemidir, yəni məktəblərdə təhsilin aşağı səviyyədə olmasıdır, yoxsa repetitorluqdur?
Mövzu ilə bağlı Milli Məclisin elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov Redaktor.az-a danışdı.
Deputat söylədi ki, biz problemləri də deməliyik, həqiqətləri də:
"Amma problemləri ümumiləşdirib deməli deyilik. Yəni bəzən ümumiləşdirərək deyilən fikirlər cəmiyyət tərəfindən birmənalı qarşılanmır. Ümumiləşdirmə aparılanda insanlarımızın və cəmiyyətimizin də reaksiyası düzgün olmur. Bu problemlərin səsləndirilməsi yaxşıdır, amma mən düşünürəm ki, bu problemlərin səsləndirilməsi ilə bağlı prosesdə gecikirik. Burada da real addımlar atılmalıdır və proses sürətləndirilməlidir. Ümumiyyətlə, repetitorluqla bağlı məsələyə gəldikdə isə, mən dəfələrlə bu məsələni demişəm. Azərbaycan təhsilində ən böyük problemlərdən biri də repetitorluqdur. Biz bunu deyəndə bəziləri deyirlər ki, bütün dünyada var, heç bir dünyada bu qədər kütləvi deyil. Bu qədər kütləviliyin qarşısını almalıyıq və əslində bu gün Azərbaycan təhsilinin reallığı odur ki, ali məktəbə qəbul olunanların böyük əksəriyyəti repetitor yanına gedənlərdir. Çox cuzi bir hissə repetitor yanına getmədən ali məktəblərə qəbul ola bilir. Belə olduğu təqdirdə, əlbəttə ki, cəmiyyətdə müəyyən müzakirələr gedir və suallar yaranır ki, onda bu, bizim məktəbimizin, təhsilimizin uğuru deyil? Tələbələrin, valideynlərinin öz səyi hesabına qazanılmış bir uğurdur. Ona görə bu məsələni mən üzərində xüsusi duraraq onu qeyd etmək istəyirəm ki, çıxış yolu odur ki, təhsili məktəbə qaytarmalıyıq. Çünki bu gün yeri gələndə vətəndaş da deyə bilər ki, bu uğur məktəbin uğuru deyil, ona görə ki, bu uğur daha çox hansısa bir müəllimin yanına getmək, hansısa bir müəllimdən əlavə bilik əldə etmək nəticəsində qazanılmış uğurdur. Ona görə düşünürəm ki, problemlərin bilinməsi yaxşıdır. Amma mən bu gün Azərbaycan təhsilində repetitorlarla mübarizə ilə bağlı heç bir işin görüldüyünü görmürəm. Bəzi məktəblərdə hələ də müəllimlər uşaqları buna təşviq edirlər və ona görə də həllini gözləyən ən önəmli məsələlərdən biridir".
Təhsil eksperti Kamran Əsədov deyir ki, nazirlik maraqlı bir metod tutub, yəni özünü tənqid edib cəmiyyətə çatışmazlıqları göstərir:
"Bu, əslində yaxşı bir haldır, amma bu informasiya, yəni bir səhifəlik esse yaza bilməmək informasiyası yoxlanılmalıdır. Azərbaycanda şagirdlər 9-11-ci sinfdə buraxılış imtahanı verirlər və o uşaqlarda bu bacarıqlar yoxlanılmır. Mən bilmirəm Emin müəllim bunu harada yoxlayıb. Ola bilər ki, məktəblərdə 4-cü sinfdə keçirilən monitorinq imtahanında esse yazılır, bu da da ciddiyə alınacaq məsələ deyil. Şagirdlərin esse yazma bacarıqlarının aşağı olmasını biz mütəmadi qiymətləndirmə alətlərində görürük və mən hesab edirəm ki, bu ifadə təhsili gözdən salmağa yönəlib. Necə ola bilər ki, şagirdlər sinifdən sinfə keçirlər? Baxın Azərbaycan dili fənninin standartları var, burada 4.1, 4.2 standartında şagirdlərdə bu bacarığın formalaşdığı göstərilir. Əgər sizin nazir olaraq təyin etdiyiniz direktor şagirdlərin sinifdən sinifə keçməsinə göz yumursa, burda günahkar sizsiniz. Əgər sizin imtahan keçirib məktəbə təyin etdiyiniz müəllim bu standartların reallaşmasında düzgün peşəkarlıq nümayiş etdirmirsə, günahkar sizsiz. Bu problemi demək məsələnin həlli deyil. Yəni sanki başqası sizin çatışmazlığını deyənə qədər, siz onu qabaqlamağa çalışırsınız. Bəs yaxşı soruşmaq ayıb olmasın, indiyə qədər siz nə işlə məşğulsuz? Bu uşaqların qəbul nəticələri axı sizin deyil. Baxın, ali məktəblərə keçirilən qəbul imtahanlarının nəticələri hazırlıq kurslarının repetitorların nəticəsidir. Uğurların hamısı repetitorların, hazırlıq kurslarınındır, uğursuzluqlar isə bunlardır. Amma bunlar öz uğursuzluqlarını deyib sanki məsələdən qaçmaq istəyir, bu yanaşma doğru deyil. Bəli, esse yaza bilməyənlər var. Nazirlikdə də düzgün yaza bilməyən kifayət qədər rəhbər şəxslər var, düzgün bir slayd hazırlaya bilməyənlər var, amma bu demək deyil ki, hamıya şamil olunmalıdır. 3-5 uşağın esse yazmaması, bütün uşaqlar esse yaza bilmir ifadəsini işlətməyə əsas vermir".
Təhsil eksperti Vüsalə Ağabəyli deyir ki, bu məsələdə şagird yox, təhsil sistemi günahkardır:
"Esse bacarığı məktəbdə öyrədilməlidir, bunun üçün şagirdləri kitab oxumağa təşviq etmək lazımdır. Essenin yazı qaydaları, girişi, təhlili, şəxsi yanaşma, nəticə və s. nüanslar şagirdlərə aşılanmalıdır ki, onun əsasında da şagird esse yaza bilsin. Məsələnin əsas tərəfi odur ki, elm və təhsil naziri təhsili tənqid edir, təhsil müəssisəni tənqid edir, təhsilverəni, ya təhsil alanı tənqid edir? Nazir tənqidlərin həlli istiqamətində təkliflər vermək əvəzinə o da bizə qoşulub tənqid edəcəksə, problemləri kim həll edəcək bəs? Esse yazılmasını tədris planına daxil edə bilər, burada da günahkar məlumdur. Digər məsələ isə Emin Əmrullayev Azərbaycan dili fənnindən maksimum nəticə göstərən şagirdin esse yazmaq bacarığını imtahan nəticələri elan olunan kimi harda və necə yoxladı? Bu tənqidi yanaşmada nazirin mövqeyini anlamıram. Nazir yüksək nəticə göstərən şagirdləri digərlərinə örnək olaraq təqdim edib, təhsildəki problemlərin həllinə dair addımlar atılmasına göstəriş versə, daha yaxşı olardı".
Təhsil mütəxəssisi Nadir İsrafilov isə bildirdi ki, nazir Emin Əmrullayev bu ideyanı Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransında səsləndirib:
"Həmin konfransda iştirak etməmişəm, daha doğrusu mənim üçün doğma və əziz sayıla biləcək bu möhtərəm tədbirə dəvət almamışam, baxmayaraq ki, 50 illik pedaqoji fəaliyyətimin nə az, nə çox, düz 20 ilini bu idarədə çalışmışam, ömrümün ən məhsuldar illərini Bakı təhsilinin daha da inkişafı və tərəqqisinə həsr etmişəm. Son iş yerim də məhz bu idarədə “Strateji təhlil və Planlaşdırma” sektorunun müdiri vəzifəsi olub. Halbuki, həmin konfransda təhsillə heç bir əlaqəsi olmayan xeyli sayda nümayəndə iştirak edirdi. O ki, qaldı konkret olaraq nazirin “Azərbaycan dili imtahanında maksimum nəticə göstərən abituriyent bir səhifəlik esse yaza bilmir" qənaətinə, bu heç də yeni fikir olmayıb, hamıya məlum olan məsələdir. Bu barədə 9-cu siniflərdə esse imtahanını ləğv edərkən düşünmək lazım idi. Bir də ki, nə qədər ki, təhsilimiz bu axarda davam edəcək, esse yaza bilənlər arasında hər hansı bir artım olmayacaq, əksinə... Bu da mənim qənaətimdir".