Narazı müəllimlər hökumətə çağırış etdilər
Təhsil ictimaiyyəti müəllimlərin sertifikasiya imtahanları ilə bağlı qızğın müzakirələr aparmaqdadır. Əsas müzakiərlərdən biri sertifikasiyadan keçən müəllimlərin maaşına edilən 10 və 35%-lik əlavələrlə bağlıdır.
Məlum olduğu kimi, sertifikasiyanın test imtahanından 31-50 bal toplayanların maaşına 10%, 51-60 bal toplayanlarınkına isə 35% əlavə edilir.
Təhsilverənlərin sertifikatlaşdırma prosesində iştirak edən müəllimlər isə bu yanaşmanın ədalətsiz olduğunu vurğulayırlar.
Qeyd edək ki, sosial şəbəkələrdə sertifikasiyanın bu cür qiymətləndirilməsi kütləvi etirazlara səbəb olub. Müəllimlər sosial şəbəkələrdəki təhsil qruplarında öz etirazlarını açıq şəkildə ifadə edirlər.
Onlar Nazirlər Kabinetinə, Elm və Təhsil Nazirliyinə ünvanladıqları açıq müraciətlərdə 10%-lə 35%-in kəskin fərqinə diqqət etməyə çağırırlar.
Müraciətlərdə vurğulanır ki, 50 bal toplamış müəllimlə 30 bal toplamış müəllimə eyni artımın – 10%-in şamil olunması düzgün qərar deyil, ədalətsizlikdir.
Mektebgushesi.az AzEdu.az -a istinadən xəbər verir ki, bəzi müəllimlərin sözügedən məsələ ilə bağlı fikirlərini təqdim edir:
Məsələn, riyaziyyat müəllimi Əmrah Hümbətov bildirib ki, sertifikasiyada uğur qazananlar 3 kateqoriyaya bölünməli və maaş artımı aşağıdakı kimi nəzərə alınmalıdır:
“30-40 bal – 10% əlavə;
41-50 bal – 20% əlavə;
51-60 bal – 35 % əlavə.
Bu daha ədalətli olardı”.
Xəyal Atakişiyev: “Mən 50 bal yığıb ağlayıram. 30 bal yığan isə sevinir. Xahiş edirik, bu məsələnin ədalətli həll olunmasına çalışasınız”.
Gündüz Novruzov: “Ədalətsiz yanaşmadir. Əgər 32 bal yiğanla 49 yiğanın arasında fəq qoyulmursa, bu gülüş doğurur”.
Nuridə Ağalarova: “30 bal yığanla 49, 50 bal yığan eyni tutulur. Bu nə meyar, nə ölçüdür? Sözümüzü kimə deyək? Hansı məntiqlə bu bölgü aparılır? Onda şagird qiymətləndirməsindəki meyarlar da iki səviyyədə olsun. Qiymət də yalnız “3” və “5” çıxarılsın”.
Vüsalə İbadullayeva: “Əgər 45-50 bal nəzərə alınmayacaqdısa, onda hamımız elə 31 bal üçün çalışardıq”.
Samirə Məmmədova: “48 bal toplamış bir müəllimə kimi deyirəm: 30 bal toplamış müəllimlə bizə niyə fərq qoyulmur?. Bu nə dərəcədə doğrudu. Bizim artımı da 20-25 faiz etsinlər!”.
Zəhra müəllimə: Mən keçən il 49 bal yığmışam. Çox pis təsir etdi mənə. Hələ də özümə gələ bilmirəm. Çox bal yığa bilərdim. Bildiyim suallar qaldı. Vaxt çatmadı. Kompüterdə donmalar oldu. 49 balla 30 balın eyni dəyərləndirməsi adamı üzür.
İlhamə Qurbanova: “Fikrimcə, 50+ bal toplayanların əmək haqqı 35% , 30+ bal toplayanlarınkı isə 10% artırılırsa, o zaman 40+ bal toplayanlar maaşı da 22,5% artırılmalıdır. Yəni bu iki ədədin ədədi ortası qədər.
Nəzakət Hacıyeva: “Mən də 50 bal topladım. Çox üzüldüm. 30 balla 50 bal eyni götürülür. Çox böyük haqsızlıqdır”.
Qeyd edək ki, müəllimlər sosial şəbəkədə Milli Məclisin iqtisadçı deputatı Vüqar Bayramova da kütləvi müraciət ünvanlayıblar.
Məsələyə münasibət bildirən deputat Vüqar Bayramov yuxarıdakı təklifləri maraqlı yanaşma hesab edib.
“Faizləri artırmaq da olar. Yəni maksimum 35% deyil, 40% və ya daha artıq etmək olar”, – deputat bildirib.
V.Bayramov narazı müəllimləri dəstəklədiyini qeyd edib:
“50-dən az bal toplayanlar üçün də differensial yanaşma məqsədəuyğundur. Bu təklifi də Milli Məclis iclaslarında təqdim edərik”.