Məktəblisi olan bilir ki, dərsliklərdə keçiləcək mövzularla bağlı bir neçə səhifə qalıb. Azyaşlı şagirdlərsə, gündəliyin son vərəqlərini gündə ən az 1-2 dəfə saymaqla məktəb zamanının bitdiyinə sevinirlər. Bizim hesabla təxminən bir həftəyə məktəb materialı qurtarmalı və tədris ilinə yekun vurulmalıdır.
Bu biçarə valideyn və şagirdlərin arzusu, planlarına uyğundur. Çiddi şəkildə hər kəs yorulub, bunu uşaqların məktəb yolunda səndəliyə-səndəliyə gedişlərindən də demək olar. Biz saydığımızı sayaq, gör Təhsil Nazirliyi nə sayır. Nazirlik bizi başqa mənada saymır, saya saymır bu dəqiqdir. Çünki Nazirimizə təhsillə bağlı tədbirlərdən çox qaçış marafonlarında, sərgilərin açılışında "xoş gəldin" edirik.
Onun nazirlər arasında yaşı və enerjisinin gəncliyinə çox inanmışdıq. Bu gün Nazirliyin bir neçə dəqiqədə çıxardığı yeni qaydaları isə ondan başqa qurumun digər səlahiyyətli və ya səriştəsiz şəxslərindən eşidirik. Bir-iki layihə yaradıblar, onu da şəhərin "çox tələbə qazandıran" məktəblərinə şamil ediblər. Qıraq -bucaqda qalan təhsil ocaqları yetim vəziyyətdə işləyir. Söz yox, məktəb zamanının 15 iyuna qədər uzadılması bütün orta məktəblər üçün qaydadır. Amma tədris ilinin bu vaxta qədər olmasına yetkinliklə məktəb əhli ilə yanaşı, tədris üzrə ekspertlər də həmişə "yox" deyib.
Qardaş, mayın sonu olmamış dərs proqramı bitirsə, bu şagirdlərin məktəb yolunu ölçməsinin nə mənası var? O boyda nazirliyin məktəblinin tədris ilini bitirməsi ilə bağlı bir dənə maraqlı, yorğunluğu çıxaracaq xeyirli, əyləncəli, standart layihəsi yoxdur. Dünya, Avropa ölkələrinin məktəb sisteminə ağzısulu baxanlar, bir gedin, görün orda uşaqların sağlamlığına, psixoloji rahatlığına, uzunömürlülüyünə, təhsinə birbaşa təsir edən necə maraqlı proqramlar var. Siz nazirliyin canı, o beynəlxalq şöbədə işləyənlər sonuncu dəfə hansı Avropa təhsili nümunələri ilə yerində tanış olublar ki, indi oturduqları kresloda uydurma, dağınıq, pərakəndə, gübrəsiz təhsil sistemində ideya fabriki yaradıblar.
Bir neçə gün əvvəl deputatlardan bir neçəsi tədris ilinin 1 sentyabr-25 may arası olması təklifini verdilər. Ardınca bir qrup valideyn sosial şəbəkədə bu təkliflə bağlı petisiya yaratdı və xəbəri olan ikiəlli ora səs verib qoşuldu. Dünənsə, Təhsil Nazirliyinin adı kimi özü də "cəsarət"li olan işçisi hardansa eşitdiyi yeni təklifi ilə elliklə hamını qıcıqlandırdı. Dedi ki, tədris ilini indiki zaman kəsiyindən daha da uzatmaq istəyirik.
Bildiyim qədər xəbəri oxuyan valideynlərin qəşəng mədəni ifadələri səsləndi. Hörmətli Nazirlik bizə açıq verirsiz? Məqsəd nədir? Məram nədir? Təhsilin yanıüstə, üzü yarğana getdiyini bilirik. Bəs gündə məntiqsiz, əssasız düşüncələrlə nə üstümüzə gəlirsiz? Tutaq ki, ilin 10 ayı məktəb oldu. Bunun dərs proqramının hazırlanması, dərslik məsələsi var. Yenəmi əndrabadi dərsliklərin hazırlanmasını tenderdə udan tikinti şirkətlərinin qoşub düzdükləri "alim"lər hazırlayaqcaq?
Dərs vaxtını uzadan dövlətin Nazirliyi əvvəlcə bir monitorinq keçirər, hər məktəb üçün kiçik sorğu, lap mini referendum təşkil edib həm valideyn, həm müəllim, həm də şagird rəyini öyrənər. Əlində ən azı bir neçə variant tədris proqramı olar, məktəbin əsasını təşkil edən həmin o üçlüyün fikri nəzərə alınmadan hoqqabazlıq etməzlər!!!
Təhsil hamı üçündür! Kiminsə uşağı 5-6 minlik məktəbdə oxuyursa, mənim kimisinin uşağı sıravi məktəbdə mənasız, enerjisini soran sistemdə əziyyət çəkməməlidir! Hörmətli Mikayıl Cabbarov, arada ölkənin təhsili haqqında da düşünün!!! Siz axı Mozambikin yox, güllük, gülüstanlıq Azərbaycanın nazirisiz!
P.S. Nazirlik susur, amma Lənkəran kəndinin müəllimi Həbib Əlizadə təklif edir ki, İslamiadada qalib idmançılar pul mükafatının 5%-ni ucqar kənd məktəblərinin rifahına xərcləsinlər. Ay gözəl insan, idmançıların çoxu doğru-dürüst cümlə qura bilmir, məktəbi tam oxumayıb, axı onlar təhsilin qeydinə necə qalsınlar. Nə bilim, vallah.
Raminə Eyvazqızı
qafqazinfo.az