Yüksək nəticə ilə direktor ola bilməyən müəllimin iddialarına RƏSMİ CAVAB
Lənkəran-Astara Regional Təhsil İdarəsi Cəlilabad şəhər 9 saylı məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində işləyən Rauf Məlikovun iddialarına cavab verib.
İdarədən “Qafqazinfo”ya bildirilib ki, Cəlilabad şəhər 9 nömrəli tam orta məktəbə 2021-ci ilin noyabr ayında rəhbərlik və nəzarət işi məktəbin tədris işləri üzrə direktor müavini Rauf Məlikova (şikayətçi) ilkin olaraq şifahi şəkildə təklif edilib, lakin o bu vəzifədən imtina edib.
Bundan sonra məktəbə rəhbərlik direktor təyin edilənədək məktəbin məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçısı Abdul Rzayevə müvəqqəti həvalə edilib.
R. Məlikovun hazırda səlahiyyətləri icra edən A. Rzayevin imtahan nəticələri barədə fikirlərinə cavab olaraq bildiririk ki, A. Rzayev LARTİ - nin 2022-ci ilin sentyabr-oktyabr aylarında keçirilən şagird sayı 500-dən aşağı olan direktor vəzifəsi üzrə DİQ imtahanında iştirak edərək 6 bal deyil, 19 bal toplayıb. Keçid balını toplamadığı üçün və müsahibədə iştirak etmədiyi üçün direktor vəzifəsinə təyin edilməyib.
R. Məlikov da həmin imtahanda (şagird sayı 500-dən az olan müəssisələr üzrə) iştirak edərək uğurlu nəticə göstərdiyinə baxmayaraq təklif edilən vakant yerlərdən (şagird sayı 500-dən az olan müəssisələr) imtina etmiş və ehtiyat kadrlar siyahısına daxil edilib.
Əlavə olaraq qeyd edək ki, Cəlilabad şəhər 9 nömrəli tam orta məktəbdə hazırda 600-dən çox şagird təhsil alır. Bu kateqoriyadan olan müəssisələr üçün müsabiqə növbəti aylar ərzində təşkil ediləcəkdir.
Qeyd edək ki, Cəlilabad şəhər 9 saylı məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində işləyən Rauf Məlikov 33 bal topladığı halda ehtiyat kadr kimi saxlandığını, lakin 6 bal toplayan müəllimlə müvəqqəti əmək müqaviləsi bağlanılaraq direktor vəzifəsinə təyin edildiyini iddia edib.