"Hansı qanunda yazılıb ki, müəllimi təbrik etmək və ya ona hədiyyə vermək olmaz...?" - TƏHSİL EKSPERTİ TƏNQİD ETDİ
"Müəllimə hədiyyə vermək ayrı şeydir, müəllimə hədiyyə almaq üçün pul yığılması tamam başqa şey... Əgər hər il elə bir 8 mart ərəfəsi olmur ki, müəllimlərə hədiyyə verilməsi ilə bağlı məsələ gündəmə gəlməsin, geniş müzakirə və mübahisələrə səbəb olmasın desəm, yəqin ki, çoxları mənimlə razılaşar. Kimi bunu hədiyyə, kimi rüşvət, bəziləri isə hətta məktəblərdə korrupsiyanın baş alıb getməsi kimi qələmə verirlər. Halbuki, hədiyyə, rüşvət, korrupsiya tamam fərqli anlayışlardır". Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Nadir İsrafilov deyib.
Onun sözlərinə görə, maraqlı olan isə odur ki, bir sıra digər vəzifəli peşə sahiblərinə bayram və əlamətdar günlərdə təqdim edilən hər hansı bir qiymətli hədiyyə ona göstərilən hörmət və diqqət əlaməti hesab edilirsə, sadə peşə sahibi olan sıravi müəllimə verilən adi gül dəstəsi belə rüşvət səviyyəsinə qaldırılır: "Bir də ki, hədiyyə almaq başqa şeydir, hədiyyə tələb etmək, məktəblərdə müəllimlərə hədiyyə almaq məqsədilə pul yığmaq, vəsait toplamaq tamam başqa şey. Və əgər nazirin keçirdiyi son brifinqdə dediyi kimi, biri məcburetmə, biri də valideynlərin özlərinin təşəbbüsü ilə hədiyyələrin alınması olarsa, onda gərək "Məktəblərdə pul yığımı ilə bağlı valideyn tərəfindən şikayət olmalıdır ki, bunun qarşısını ala bilək."
Bir də ki, bəlkə kiçik bir hədiyyə ilə kimsə müəllimə öz hörmətini, diqqətini, ehtiramını bildirmək istəyir. Ehtiramdan imtina etmək isə, ehtiramı göstərənə qarşı hörmətsizlikdir, sayğısızlıqdır. Əgər, kimsə müəllimini təbrik etmək istəyirsə, bundan müəllimə olan borcunu ödəməklə özündə bir rahatlıq tapırsa niyə də etməsin? Hansı qanunda yazılıb ki, müəllimi təbrik etmək və ya ona hədiyyə vermək olmaz...? Təəssüf ki, zəmanəmizdə əksər hallarda valideyn və ya şagirdin müəllimə öz hörmət və rəğbətini hər hansı bir kiçik hədiyyə ilə ifadə etməsi faktı ifrat dərəcədə qabardılaraq məktəbi, müəllimi gözdən salmaq alətinə çevrilir. Halbuki hər hansı bir formada təmənnasız minnətdarlığı müəllimin ələbaxanlığı ilə eyniləşdirmək son dərəcə təhlükəli tendensiya olub, müəllimin onsuz da sarsılmış nüfuzuna növbəti zərbədir.
Hər dövrün öz ənənəsi, öz xatirəsi, yaddaşı var. Uzun illər keçməsinə baxmayaraq, bugünki kimi yadımdadır. “8 mart Beynəlxalq qadınlar bayramı” ərəfəsində kitab mağazalarına, qəzet köşklərinə üz tutub, müəllimləri təbrik etmək üçün daha münasib və nəfis “otkrıtka” seçiminə çıxardıq. Xətti pis olanlar öz ürək sözlərini böyük qardaş və bacılarına yazdırardı. İmkan olan yerdə isə xüsusi kiçik emalatxana rolunu oynayan köşklərdə xəttatlara müraciət edilərdi. Sonralar öyrəndik ki, hazırda qəhətə çıxan bu “otkrıtka” adlandırdığımız üç qəpiklik əlvan karton parçasına dilimizdə “açıqça” deyilirmış. İmkan daxilində müəllimə ən böyük hədiyyəmiz o zamanlar dəbdə olan “Красная Москва” və Polşa istehsalı olan «Может быть», «Быть может…» duxiləri olardı. Bu 3 və 2 rubla olan ətir məmulatını müəllimin qəbul edib-etməyəcəyini fikirləşməkdən gecəni səhərəcən yata bilməzdik. Müəllim adı sözün bütün mənalarında bizim üçün böyük nüfuz simvolu, şəxsiyyət etalonu idi. Sonralar, artıq Təhsil şöbəsində və paytaxtın Baş təhsil idarəsində çalışarkən dəfələrlə 8 martla bağlı ərizə və şikayətləri araşdırmalı olduq. Hətta müəllimə ucuz hədiyyə aparan şagirdə “Bunu apar ver anana” deyən müəllimlərə də rast gəldik. Bəlkə də mənim heç də tam olmayan, sadəcə olaraq bir anlığa yadıma düşən bir neçə xatirəmin heç üç qəpiklik dəyəri olmamasını düşünənlər də olsun. Çünki, artıq dəyərlər dəyişib, insanlar başqalaşıb, maddiyyat mənəviyyatı üstələyib...
Bircə onu deyə bilərəm ki, dəyərləri dəyişən də, ona qiymət verən də elə özümüzük. Nə etsək də heç olmasa müəllimin üstünə bu dərəcədə aqressiya ilə getməyək, özü də qadın müəllimlərin, özü də bəlkə də kimlərəsə ildə bir dəfə sevinc yaşadan 8 mart bayramı ərəfəsində...".