AzTehsil.com


Xəbərlər / İlk peşə təhsili
07 avqust 2020
1 724


Kadr hazırlığı ölkəmizin sənaye, iqtisadi inkişafına uyğun aparılacaq



Kadr hazırlığı ölkəmizin sənaye, iqtisadi inkişafına uyğun aparılacaq

 Pərviz Yusifov: "Bu il ərzində peşə təhsili üzrə ixtisasların Təsnifatının yenilənməsi də gözlənilir”


Tezliklə peşə təhsili müəssisələrinə tələbə qəbulu start götürəcək. Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Pərviz Yusifov "Azərbaycan müəllimi” qəzetinə müsahibəsində qəbulda və ümumiyyətlə, peşə təhsilində gözlənilən yeniliklərdən danışıb.

Azərbaycanın peşə təhsil pilləsi üzrə tətbiq etdiyi yanaşma Avropa Təlim Fondunun hesabatına düşdü

- Peşə təhsili pandemiya dövrünü necə başa vurdu? Sizcə, peşə təhsil müəssisələri bu sınaqdan çıxa bildimi?

- Bildiyiniz kimi, yaranmış vəziyyət bütün sahələrdə olduğu kimi təhsil sahəsindən də yan keçmədi. Təlim-tədris prosesinin mart ayından etibarən dayandırılması qısa zamanda alternativ çıxış yollarının tapılmasını və təlim-tədris prosesinin, işəgötürənlərlə əməkdaşlığın və peşəyönümü fəaliyyətin məsafədən təşkili məsələsini qaçılmaz etdi. Bu vəziyyətin hansı müddətdə davam edəcəyi barədə dəqiq məlumatların olmadığını nəzərə alaraq, ilk olaraq peşə təhsili pilləsi üzrə teledərslərin hazırlanmasına qərar verildi. Qeyd etməliyəm ki, peşə təhsili üçün bu dərslərin onlayn formatda hazırlanması bizim üçün böyük çağırış oldu. Çünki hər bir dərsin spesifikası onun üçün xüsusi emalatxana tələb edirdi. Dərslərin televiziya vasitəsilə tələbələrimizin öyrənə biləcəyi şəkildə çatdırılması sahəsində də təcrübəmiz məhdud idi. Bununla belə, həm Təhsil TV-nin topladığı təcrübə, həmçinin beynəlxalq tərəfdaşlarımız olan Avropa İttifaqı, BMT-nin İnkişaf Proqramı və Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının dəstəyi əsasında qısa müddətdə 80-dən artıq teledərs hazırlandı. Dərslərin hazırlanmasında  peşə təhsil müəssisələrinin emalatxana və mühəndis-pedaqoji heyətindən, həmçinin tərəfdaş işəgötürənlərin resurslarından istifadə edildi. Qeyd edim ki, həmin teledərslər artıq müxtəlif sənaye sahələrində əməkdaşların təlimi üçün istifadə olunur. Təbii ki, teledərslərlə də kifayətlənmədik. Bir sıra peşə təhsil müəssisələrində ilk dəfə olaraq məsafədən tədrisin aparılması həyata keçirildi. "Microsoft Teams” proqramı üzərindən aparılan dərslər tələbələrin və müəllimlərin iştirakı ilə interaktiv şəkildə təşkil edildi.

Qeyd edim ki, pandemiya ilə əlaqədar tətbiq olunan məhdudiyyətlər dövründə Azərbaycanın peşə təhsil pilləsi üzrə tətbiq etdiyi yanaşma Avropa Təlim Fondu tərəfindən də böyük maraqla qarşılandı və müvafiq hesabatında bu uğurlar qeyd olundu.

"Pandemiyanın yaratdığı yeni həyat qaydalarını problem kimi deyil, yeni imkan kimi dəyərləndirməliyik”

- Peşə təhsilində əsas üstünlüyün təcrübəyə verildiyini bilirik. Məsafədən təhsil məcburiyyəti davam edərsə, bu, peşə təhsilinə zərbə ola bilərmi?

- Əlbəttə, burada risklər var. Amma belə hesab edirik ki, dövrümüzün çağırışları, xüsusən də hazırda dünyada hökm sürən COVID-19 pandemiyasının yaratdığı yeni həyat qaydalarını problem kimi deyil, yeni imkan kimi dəyərləndirməliyik. Çünki ənənəvi sinifdə, emalatxanada təhsilalanların sayını məhdudlaşdırsa da, hazırladığımız TV dərslərə baxıb dərziliyi, aşpazlığı, bitkiçiliyi və s. öyrənmək şansı əldə edən yüzlərlə insan var artıq. Bu da bizim əhatə dairəmizin artması deməkdir. Qeyd edim ki, təkcə "Youtube” platforması üzərindən bu dərslərə 11000-dən artıq baxış olub. Bu da o deməkdir ki, indiyədək peşə təhsilinə cəlb edə bilmədiklərimizə də ayrı-ayrı peşələr üzrə bacarıqlar aşılaya bilmişik. İnformasiya texnologiyaları ilə bağlı fənlərin məsafədən tədrisində uğurlarımızı da qeyd etməliyəm. Bu təcrübəni digər ixtisaslara inteqrasiya etməklə, daha səmərəli nəticələr əldə edə biləcəyimizi düşünürəm. Bununla bağlı hazırda bir sıra inkişaf etmiş ölkələrin məsafədən tədris metodikalarını qiymətləndiririk.  Həmçinin, tələbə qəbulu planının layihəsi üzrə 2020-2021-ci tədris ilində nəzərdə tutulan ixtisasların tədris proqramları təhlil edilir. Tədrisin məsafədən keçirilməsi zərurəti yaranarsa, müvafiq praktik mövzular üzrə teledərslərin çəkilməsi və prosesin interaktiv aparılması üçün müxtəlif alternativləri dəyərləndiririk.
Bu il ərzində yeni publik hüquqi şəxslər yaradılacaq

 - 4 Peşə Təhsil Mərkəzi publik hüquqi şəxs statusu qazanıb. Bu il bu statusu qazanan başqa təhsil müəssisəsi də olacaqmı?

- Bildiyiniz kimi, Təhsil Nazirliyi tərəfindən dövlət peşə təhsili müəssisələrinin mövcud vəziyyəti araşdırılıb. Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilən "Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nin "10. Tədbirlər Planı” hissəsinin 1.1.2. və 1.1.3-cü bəndlərinə uyğun olaraq 55 peşə təhsili müəssisəsinin bazasında 24 peşə təhsil mərkəzi yaradılıb. Bunun üçün də əvvəlcə monitorinqlər keçirilib, peşə təhsil müəssisələrinin infrastrukturu, maddi-texniki bazası, aparılan tədrisin keyfiyyəti, müəllim-pedaqoji heyətin potensialı qiymətləndirilib. Məhz müvafiq qiymətləndirmə əsasında peşə təhsili müəssisələrinin idarəedilməsinin daha da təkmilləşdirilməsi, maliyyə vəsaitindən səmərəli istifadə edilməsi, keyfiyyət göstəricilərinin yaxşılaşdırılması məqsədilə bir sıra peşə təhsili müəssisələrinin rasionallaşdırılması və optimallaşdırılmasına qərar verilib.  Qərara görə, 24 peşə təhsil mərkəzinin mərhələli olaraq publik hüquqi şəxs kimi qeydiyyatdan keçirilməsi nəzərdə tutulub. İlkin olaraq 2019-cu ildə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, bu il isə 4 müəssisə publik hüquqi şəxs statusu alıb. Bunlardan 3-ü Bakı şəhərində, 1-i isə Sumqayıtda fəaliyyətdədir. Nəzərinizə çatdırım ki, peşə təhsili müəssisələrinə publik hüquqi şəxs statusunun verilməsi ilə bağlı məsələlər iqtisadiyyatın prioritet sahələrinə və əmək bazarının tələblərinə, həmçinin vətəndaşların üstünlük verdiyi ixtisas və müəssisələrə, onların kadr təminatına, maddi-texniki bazasına, idarəetmə qabiliyyətinə uyğun olaraq prioritetləşdirilib. Həmçinin, yeni yaradılmış müəssisələrdə yeni struktur tətbiq edilib. Bu da onların idarəetməsini daha effektiv təşkil etməsi nöqteyi nəzərindən vacib addımdır. Üstəlik, həmin müəssisələr üçün bir nümunə də var. Belə ki, artıq 1 ilə yaxındır öz fəaliyyətini uğurla quran Sənaye və İnnovasiyalar üzrə BDPTM publik hüquqi şəxs kimi təcrübəsini digər peşə təhsil müəssisələri ilə bölüşür və mümkün çətinliklərdən çıxış yolları göstərilir. Təbii ki, mərhələli olaraq bu proses davam edəcək. Bu il ərzində bir sıra yeni publik hüquqi şəxsin yaradılması planlaşdırılıb. Bunlar əsasən regionlarda aparılmış optimizasiyanın nəticəsi olaraq yaradılan müəssisələrin bazasında fəaliyyət göstərənlər sırasından  olacaq. 

- Pilot təhsil proqramları ilə təhsil verən peşə təhsil mərkəzləri var. Həmin təhsil proqramı özünü doğruldurmu? Belə mərkəzlərin sayı arta bilərmi? Bununla bağlı hansı planlar var və ya nə kimi yeniliklər gözlənilir?

- Pilot təhsil proqramlarının tətbiq ediləcəyi peşə təhsili müəssisələrində yeni hazırlanmış səriştə əsaslı  təhsil proqramları (kurikulumlar) və modul tədris vəsaitləri tətbiq olunur. Beynəlxalq layihələr çərçivəsində hazırlanan bu proqramlar və tədris vəsaitləri işəgötürənlərin birbaşa tələblərini əks etidirir. Həmin müəssisələrdə istər qəbul zamanı, istərsə də tədris və təcrübənin təşkili zamanı işəgötürənlərlə sıx əməkdaşlıq qurulub. Bu il həmçinin ilk dəfə olaraq yüksək texniki peşə təhsili səviyyəsi olaraq 2 ixtisas üzrə qəbul həyata keçiriləcək, bunlar nəqliyyat vasitələrinin istismarı və informasiya texnologiyaları ilə bağlı ixtisaslar olacaq. Bu günə olan nəticələrimiz göstərir ki, pilot peşə təhsil müəssisələrində təqdim olunan ixtisaslara maraq çox yüksəkdir. Bu isə çox sevindiricidir. Çünki peşə təhsilinin gənclərimiz üçün cəlbedici olmadığına dair fikrin artıq keçmişdə qaldığının bir göstəricisidir.

İşəgötürənlərlə sıx əməkdaşlıq, peşə təhsil müəssisələrində mövcud olan müasir infrastruktur və güclü mühəndis-pedaqoji heyət peşə təhsilinin inkişafını şərtləndirən amillərdəndir. Həmin müəssisələrdə tətbiq etdiyimiz yanaşmaların, kurikulumların digər peşə təhsili müəssisələrində də tətbiqini planlaşdırırıq.  Məsələn, cari ildən "Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətin nəzdində yaradılan Peşə Təhsil Mərkəzində artıq ötən ildən pilot olaraq başladığımız və Koreya Respublikasının təcrübəsi əsasında yaradılmış tədris proqramlarından və materiallardan istifadə etməyi nəzərdə tutmuşuq. Gələcəkdə yenidənqurulan müəssisələrin bir çoxunda da bu yanaşmaların tətbiqini planlaşdırırıq. 

Ənənəvi sənətlərimiz beynəlxalq səviyyədə sərgilənəcək

- Tələbə qəbulunun miqyası qaneedicidirmi? Peşə təhsilinə maraq, həvəs və tələbat artıbmı? Sizcə, bu istiqamətdə hansı addımlara ehtiyac var?

- Son illər peşə təhsili sahəsində görülən işlər peşə təhsilinin cəlbediciliyinin artırılmasında mühüm əhəmiyyət kəsb edir. Bunu biz peşə təhsili müəssisələrinə faktiki qəbulun dinamikasında da müşahidə edirik. Lakin faktiki miqyasla kifayətlənmirik. Sadəcə onu qeyd edim ki, 2020-2021-ci tədris ilində gənclərin peşə təhsilinə cəlb edilməsi məqsədilə mütəmadi olaraq peşə təhsili müəssisələrində şagirdlər üçün peşəyönümü tədbirləri həyata keçirilib. Belə tədbirlərin çoxunda valideynlər iştirak edib. Şagirdlərin peşə təhsili müəssisələrinə və işəgötürən müəssisələrə səfərləri təşkil edilib. Eyni zamanda, peşəyönümü və təbliğat fəaliyyətinin tərkib hissəsi olaraq sərgi, seminar, infoturlar, "Açıq qapı”, karyera günləri və s. kimi tədbirlərdə peşə təhsili almaq imkanı barədə məlumatlar verilib. Belə tədbirlərdən biri də bu ilin fevralında Peşə Təhsili üzrə Dövlət Agentliyinin, turizm-xidmət üzrə ixtisaslaşan PTM-lərin və "JW Marriott Absheron Baku” otelinin birgə təşəbbüsü ilə keçirilib. Hazırda COVID-19 pandemiyası ilə əlaqədar belə tədbirləri onlayn formatda təşkil edirik. İndiydək peşəyönümü və əmək bazarında olan ixtisaslar barəsində gənclərin maarifləndirilməsi məqsədilə kənd təsərrüfatı, İKT, avtomobil təmiri və xidmət, mebel sənayesi, üzümçülük və şərabçılıq, turizm-xidmət, bitkiçilik üzrə "Peşə seçimi və iş imkanları” mövzusunda sosial şəbəkə vasitəsilə vebinarlar təşkil edilib. Bundan əlavə,  peşə təhsili müəssisələri mövcud ixtisaslar və karyera imkanlarına dair mütəmadi olaraq virtual turlar təşkil edir. Bu da geniş ictimai kütlənin cəlb edilməsi deməkdir. Eyni zamanda, Avropa İttifaqının maliyyə dəstəyi ilə, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP Azerbaijan), Peşə Təhsili üzrə Dövlət Agentliyi və Azərbaycan Gənclərinin Nailiyyəti - "Junior Achievement Azerbaijan” təşkilatının birgə əməkdaşlığı çərçivəsində peşəyönümü, karyera planlaşdırılması və ixtisas seçimi üzrə onlayn təlimlər təşkil olunub.

Peşə təhsilinin cəmiyyətdə nüfuzunu artırmağı planlaşdırmışıq. Peşəyönümü xidmətinin təmin oluması üzrə hüquqi-normativ bazanın təkmilləşdirilməsi istiqamətində "Ümumi təhsil müəssisələrində peşəyönümü xidmətinin həyata keçirilməsi Qaydası”  artıq müəyyən olunub. Nazirlər Kabinetinin 12 may 2020-ci il tarixli 167 nömrəli Qərarı ilə təsdiq olunan bu qaydalar təhsilalanların peşə seçiminə və əmək fəaliyyətinə hazırlanması məqsədinə xidmət edir.

Peşə təhsilinin ölkədə təşviqi və imicinin yüksəldilməsi məqsədinə xidmət edəcək daha bir uğurumuz var. Bu ilin martından Azərbaycan "WorldSkills Asia” təşkilatının tamhüquqlu üzvüdür. Həmçinin, "WorldSkills International” təşkilatına assosiativ üzv olmaq üçün müvafiq müraciət formaları təşkilatın katibliyinə təqdim edilib. "WorldSkills” peşə təhsili sahəsində olimpiada, bacarıqların yarışı kimi qəbul edilir. Bu yarışlarda qalib olan ölkələr öz məzunları və işçi qüvvəsi ilə fəxr edə bilir. Dünyanın bir çox ölkələrindən bu yarışlarda qalib olan şəxslərə iş təklifləri gəlir. Gələcəkdə biz bu müsabiqəni həm yerli səviyyədə təşkil etməyi, həm də beynəlxalq səviyyədə iştirak edərək peşəkarlarımızı və ənənəvi sənətlərimizi sərgiləməyi planlaşdırırıq.

Peşə təhsili müəssisələrinə qəbul başlayır

- Peşə təhsili üzrə tələbə qəbulu nə vaxta planlaşdırılır? Qəbul qaydalarında və şərtlərində nəzərdə tutulan hər hansı dəyişiklik olacaqmı? Əsasən, onlayn qaydada keçirilən qəbul prosesinin pandemiya və karantin şərtlərinə zidd olan hər hansı mərhələsi, demək olar ki, yoxdur. Ancaq "ASAN Xidmət” mərkəzlərinin onlayn növbə rejimində çalışdığını nəzərə alsaq, bu, sənədlərin qəbulunda hər hansı ləngiməyə səbəb ola bilərmi? Müsahibə və sənədlərin təqdim edilməsi mərhələsində də nəzərə alınmasını vacib saydığınız tədbirlər planlaşdırılıbmı?
- Peşə təhsili müəssisələrinə tələbə qəbulunun avqust ayının ilk yarısında keçirilməsi nəzərdə tutulur. Bununla bağlı kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə, Təhsil Nazirliyinin və Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəsmi internet səhifələrində məlumat veriləcək. Bildiyiniz kimi, 2016-cı ildən başlayaraq peşə təhsili müəssisələrinə tələbə qəbulu "ASAN xidmət” mərkəzlərində, "ASAN xidmət” mərkəzləri fəaliyyət göstərməyən regionlarda isə müvafiq peşə təhsili müəssisələrində həyata keçirilirdi. Ötən ildən başlayaraq peşə təhsili müəssisələrinə qəbul üçün elektron informasiya sisteminin yaradılmasına başlanılıb. Hazırda sistemin üzərində son tamamlama işləri həyata keçirilir. Sözügedən elektron qəbul sistemi vasitəsilə vətəndaşlar istədikləri yerdən, heç kimlə ünsiyyətdə olmadan müvafiq məlumatları yaratdıqları şəxsi kabinetlərində doldurmaqla sənəd qəbulu prosesində iştirak edə biləcəklər. Qeyd etməliyəm ki, xüsusən də indiki pandemiya dövründə qəbulun bu formatda həyata keçirilməsi vətəndaşlarımızın rahatlığı və sağlamlığı nöqteyi nəzərindən vacibdir.

Sənədlərin qəbulu məsələsində də bir sıra yeniliklərimiz olacaq. Belə ki, əvvəllər müsabiqədə uğur qazanan namizədlər müvafiq sənədləri qəbul olunduqları gündən etibarən peşə təhsili müəssisələrinə təqdim etməli idilər. Hazırda bu prosesin də elektron qaydada və ya sosial məsafəni qorumaqla müəssisəyə təqdim  olunmasını təmin etməyin yollarını nəzərdən keçiririk.

Xüsusi karantin rejimi səbəbindən bu il istehsalat təcrübəsinin təşkil edilməsi mümkün olmayıb

- Məzunları üçün iş imkanları hazırda peşə mərkəzlərinə xüsusilə maraq yaradır. Bu istiqamətdə hansı peşə mərkəzinin fəaliyyətini qiymətləndirərdiniz?
- İş yerində təcrübənin peşə təhsilində tətbiqini həyata keçirmək üçün bir çox layihələrimiz olduğunu bilirsiniz. Bu da məzunlarımızın məşğulluğunun təmin edilməsi üçün böyük imkan yaradır. COVID-19 pandemiyası ilə əlaqədar olaraq xüsusi karantin rejimi səbəbindən bu il istehsalat təcrübəsinin təşkil edilməsi mümkün olmayıb. Lakin işəgötürənlərlə peşə təhsili müəssisələri arasında sıx əməkdaşlıq münasibətlərinin qurulmasına böyük diqqət yetirilib. İşəgötürənlərlə görüşlər keçirilib və onlar onlayn tədris prosesinin təşkilinə cəlb edilib. Peşə Təhsili üzrə Dövlət Agentliyi və Azərbaycan Hotel Assosiasiyası (AHA),  "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC, "Woodpecker” Mebel Şirkəti, "AzerGold” QSC, Bakı Nəqliyyat Agentliyinin Tədris Mərkəzi arasında Anlaşma Memorandumu imzalanıb. PTM-lərin işəgötürənlərlə əməkdaşlığı istiqamətində xüsusilə, Sənaye və İnnovasiyalar üzrə BDPTM və Turizm və Sosial Xidmət üzrə BDPTM-nin fəaliyyətini qeyd edə bilərəm. Sənaye və İnnovasiyalar üzrə BDPTM Sumqayıt Texnologiya "Data Mərkəzi” MMC, "Şərq Motors” MMC, "Cisco”  Şirkəti kimi 30-a yaxın işəgötürənlə Anlaşma Memorandumu  imzalayıb. Müəssisənin nəzdində İKT bacarıqlarının təkmilləşdirilməsi məqsədilə təsis edilən "Cisco Academy” fəaliyyət göstərir. Turizm-xidmət sektoru üzrə "British Council” və 5 ulduzlu otellərlə birgə həyata keçirilən, Turizm və Sosial Xidmət üzrə BDPTM-nin də aktiv cəlb olunduğu "Turizm-xidmət sahəsi üzrə kadrların təkmilləşdirilməsi və iş yerində təcrübə” layihəsi çərçivəsində 40-a yaxın mehmanxana ilə birgə əməkdaşlıq qurulub.

Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT İnkişaf Proqramının "Azərbaycanda peşə təlimi və tədrisi mərkəzlərinin müasirləşdirilməsi layihəsi” çərçivəsində də uğurlarımız var. Məsələn, Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzi və "Woodpecker” mebel şirkəti arasında yaradılmış əməkdaşlıq nəticəsində üzlükçü-dizayner ixtisasından bu il məzun olacaq tələbələrin bir hissəsi adıçəkilən şirkətdə işə başlayacaq.

Avropa İttifaqının maliyyə dəstəyi ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti tərəfindən icra edilən "Qəbələ, Qax və İsmayıllı rayonlarında kənd təsərrüfatı və turizm sahəsində dualabənzər Peşə Təhsili və Təlimi pilotlarının yaradılması” (EDVET) qrant layihəsi çərçivəsində  işəgötürənlərin peşə təhsilinə cəlb olunması ilə usta yanında şagirdliyi özündə ehtiva edən "Dual peşə təhsili” elementləri tətbiq edilib və nəticədə 50-dən çox müəssisə Qəbələ, İsmayıllı və Qax rayonlarındakı PTT mərkəzləri ilə əməkdaşlığa cəlb olunub.

İşəgötürənlərin peşə təhsili müəssisələri ilə əməkdaşlığının gücləndirilməsi və istehsalat təcrübəsinin təşkili, peşəyönümü işinə dəstək göstərməsinə dair layihələr də uğurlu olub.  Bunlara maşınqayırma və sənaye sahəsi üzrə "Gəncədə Sənaye üzrə Regional Peşə Kompetensiya Mərkəzinin yaradılmasına dəstək”,  kənd təsərrüfatı və istehsal sahəsi üzrə "Lənkəran iqtisadi rayonunda Regional Model Peşə Təhsil Mərkəzinin yaradılması” layihələrini, meyvəçilik və çayçılıq sahəsi üzrə isə Aqrar Məşğulluğun Artırılması Layihəsini (AMAL) misal çəkə bilərəm.

Peşə təhsilinə yeni ixtisaslar gətiriləcək

- Sırada nə var? PTDA yeni tədris ili ərəfəsində hansı yeniliklərə hazırlaşır?
- Ölkə Prezidenti İlham Əliyev Emin Əmrullayevi Təhsil naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul etdiyi zaman peşə təhsili ilə bağlı strateji istiqamətləri göstərməklə yanaşı, bu sektorun inkişafını nə dərəcədə yaxından izlədiyinin bir daha göstərdi. Prezident beynəlxalq tərəfdaşlarımızla birgə əməkdaşlıq quraraq peşə təhsili sahəsindəki kadr hazırlığını ölkəmizin sənaye, iqtisadi inkişafına uyğun inkişaf etdirməyi qarşımıza məqsəd kimi qoyub. Koreya Respublikası ilə əməkdaşlıqda yaradılmış Sənaye və İnnovasiyalar üzrə Bakı PTM fəaliyyətinin ikinci ilində daha böyük sayda tələbə qəbul edəcək. İlk dəfə yüksək peşə təhsili səviyyəsi üzrə təhsil verəcək. Bununla yanaşı,  Türkiyə Respublikasının Milli Təhsil Nazirliyi ilə peşə təhsili sahəsində əməkdaşlıq çərçivəsində Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin yenidənqurulması layihəsinə başlanılacaq. Uzunmüddətli tərəfdaşımız olan Avropa İttifaqının maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramının icra edəcəyi "Gələcək üçün peşə təhsili və təlimi” layihəsinin başlanması nəzərdə tutulur. 4 il ərzində icra olunacaq və 7 peşə təhsil mərkəzinin inkişafına dəstək verəcək layihə, peşə təhsili sahəsində rəqəmsallaşma, iş yerində təhsil, alternativ maliyyələşmə kimi yeni təşəbbüsləri dəstəkləyəcək və peşə təhsilinin yeni imicinin formalaşdırılmasında Dövlət Agentliyinə dəstək göstərəcək.

Bununla yanaşı, hazırda peşə təhsili müəssisələrinin maddi-texniki bazasının müasirləşdirilməsi və infrastruktur təminatının yaxşılaşdırılması istiqamətində bir sıra işlər həyata keçirilir. Məlumdur ki, yaxşı maddi-texniki baza və infrastruktur təminatı təhsilin, o cümlədən peşə təhsilinin keyfiyyətinin əsas təminatçısıdır. Bu məqsədlə növbəti ildə Xaçmaz Peşə Məktəbində yeni istixananın, Quba Peşə Liseyində dəmirçi emalatxanasının, Qax Peşə Liseyində dəmirçi və dülgər emalatxanalarının, həmçinin yenidən qurulmuş Bərdə Peşə Liseyinin tələbələrin ixtiyarına verilməsi planlaşdırılır. Cəlilabad Peşə Təhsil Mərkəzinin tikintisi, Lənkəran Peşə Təhsil Mərkəzinin layihələndirmə işləri davam edir. Bu il Mingəçevir Dövlət Universiteti və Mingəçevir Peşə Məktəbinin birgə kampusunun layihələndirilməsi işlərinə də start veriləcək. Bu da sənaye üçün yüksək ixtisaslı mütəxəssislərin hazırlanması, ali və peşə təhsili müəssisələri arasında əməkdaşlığın qurulması prizmasından çox vacib layihədir.

Bu il ərzində peşə təhsili üzrə ixtisasların Təsnifatının yenilənməsi də gözlənilir. Ölkə başçısının qoyduğu istiqamətlərə uyğun olaraq peşə təhsilinə yeni ixtisaslar gətiriləcək, köhnəlmiş və lazımsız ixtisasların isə tədrisi dayandırılacaq.

İxtisaslı kadrların hazırlanması üçün qısamüddətli təlimlər vasitəsilə peşə təhsili və təliminin əhatə dairəsinin genişləndirilməsi builki digər hədəflərimizdəndir. Burada  ilk növbədə məsafədən, mümkün olduğu halda isə kiçik qruplar halında əmək bazarının tələblərinə uyğun kursların keçirilməsi planlaşdırılır. muallim.edu.az 



Загрузка...
Həmçinin oxuyun:
Azərbaycanda peşə təhsilinə maraq artır

Azərbaycanda peşə təhsilinə maraq artır

Peşə ixtisasları üzrə teledərslərin hazırlanmasında yeni təşəbbüs

Peşə ixtisasları üzrə teledərslərin hazırlanmasında yeni təşəbbüs

Azərbaycanda 10 pilot peşə təhsili müəssisəsi yaradılacaq

Azərbaycanda 10 pilot peşə təhsili müəssisəsi yaradılacaq

Cəzaçəkmə müəssisələrində peşə təhsili

Cəzaçəkmə müəssisələrində peşə təhsili

Dual peşə təhsili sahəsində Şərqi Avropa təcrübəsi öyrənilir

Dual peşə təhsili sahəsində Şərqi Avropa təcrübəsi öyrənilir

Peşə sahəsində onlayn karyera təlimləri təşkil edilib

Peşə sahəsində onlayn karyera təlimləri təşkil edilib

Peşə təhsili və təlimi sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunub

Peşə təhsili və təlimi sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunub

Təhsil Nazirliyi: 8651 nəfər ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul olub

Təhsil Nazirliyi: 8651 nəfər ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul olub

Peşə təhsili müəssisələrinə sənəd qəbulu başlayır

Peşə təhsili müəssisələrinə sənəd qəbulu başlayır

Bu tələbələr maaş da ala biləcəklər - Yeni qanun

Bu tələbələr maaş da ala biləcəklər - Yeni qanun

"ASAN peşə” layihəsi üzrə əlavə ixtisas seçiminin vaxtı uzadılıb

"ASAN peşə” layihəsi üzrə əlavə ixtisas seçiminin vaxtı uzadılıb

Peşə təhsili üzrə həyata keçirilən layihə çərçivəsində konfrans

Peşə təhsili üzrə həyata keçirilən layihə çərçivəsində konfrans

“Asan peşə” layihəsi üzrə boş qalan yerlərə əlavə ixtisas seçimi başlayıb

“Asan peşə” layihəsi üzrə boş qalan yerlərə əlavə ixtisas seçimi başlayıb

Gələn həftədən peşə təhsili müəssisələrinə sənəd qəbulu başlayır

Gələn həftədən peşə təhsili müəssisələrinə sənəd qəbulu başlayır

İlk peşə-ixtisas təhsili müəssisələrinə sənəd qəbulu başlayıb

İlk peşə-ixtisas təhsili müəssisələrinə sənəd qəbulu başlayıb

Azərbaycanda özəl peşə təhsili müəssisələri yaradılacaq

Azərbaycanda özəl peşə təhsili müəssisələri yaradılacaq

“ASAN peşə” layihəsi üzrə sənəd qəbulu başlayır

“ASAN peşə” layihəsi üzrə sənəd qəbulu başlayır

Peşə təmayüllü siniflərin məzunları peşə təhsili müəssisələrinə müsabiqədənkənar qəbul ediləcək

Peşə təmayüllü siniflərin məzunları peşə təhsili müəssisələrinə müsabiqədənkənar qəbul ediləcək

Peşə məktəblərinin boş qalan yerlərinə əlavə ixtisas seçimi avqustun 28-də başlayacaq

Peşə məktəblərinin boş qalan yerlərinə əlavə ixtisas seçimi avqustun 28-də başlayacaq

Peşə təhsili müəssisələrinə sənəd qəbuluna start verilib

Peşə təhsili müəssisələrinə sənəd qəbuluna start verilib

Azərbaycanda özəl və bələdiyyə peşə təhsili müəssisələri yaradılacaq

Azərbaycanda özəl və bələdiyyə peşə təhsili müəssisələri yaradılacaq

Cari ilin sonunadək rasionallaşdırılmış peşə təhsili müəssisələrində çalışan ixtisas fənn müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi nəzərdə tutulur

Cari ilin sonunadək rasionallaşdırılmış peşə təhsili müəssisələrində çalışan ixtisas fənn müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi nəzərdə tutulur

“ASAN peşə” layihəsi üzrə sənəd qəbulunun nəticələri açıqlanıb

“ASAN peşə” layihəsi üzrə sənəd qəbulunun nəticələri açıqlanıb

Nazir müşaviri peşəyönümü xidmətinin həyata keçirilməsi qaydasını şərh edib

Nazir müşaviri peşəyönümü xidmətinin həyata keçirilməsi qaydasını şərh edib