Fövqəladə hallarla bağlı davranış qaydaları
Təxliyyə Geri
Təxliyyə təbii fəlakətlər, istehsalat qəzaları, müharibələr və digər fövqəladə hadisələr zamanı əhalinin yaranmış təhlükələrdən mühafizə olunması məqsədi ilə fəlakət zonasından çıxarılaraq təhlükəsiz ərazilərə yerləşdirilməsidir. Təxliyyədən qabaq və təxliyyə zamanı əhali xüsusi siqnallar və rəsmi qurumların informasiyaları əsasında hərəkət etməlidir.
Binaların təxliyyə planı
Hər bir binanın mütləq şəkildə təxliyyə planı olmalıdır. Bu plan binadan təxliyyə yollarını, hərəkətlərin ardıcıllığını özündə əks etdirən və hər mərtəbənin ümumi dəhlizində hamının görə biləcəyi yerdə divardan asılan lövhədə əks olunmalıdır. Planın mətn hissəsində planın izahı və digər məlumatlar yer alır.
Sığınacaqlarda daldalanma qaydaları
Kütləvi qırğın silahlarının törətdiyi zədələyici amillərdən, bakterial vasitələrdən, yanğın zonalarındakı yüksək temperatur və zərərli qazlardan, habelə adi silahların törətdiyi təhlükələrdən əhalinin mühafizəsi üçün xüsusi mühafizə qurğularından - sığınacaqlardan istifadə olunur. Adətən sığınacaqlar kimi binalara bitişik və ya müəyyən məsafədə olan xüsusi tikililər, yeraltı keçidlər, metro stansiyaları və ya şaxtalar, kənd yerlərində isə evlərin zirzəmiləri, yarğanlar, meşələr və s. hazırlanır.
Əhaliyə mühafizə qurğularına sığınma barədə ilk məlumatı müvafiq orqanlar verir və bu orqanların göstərişlərinə əsasən hərəkət edilməlidir. Mülki müdafiə orqanları fövqəladə vəziyyət barədə əhalini vaxtında xəbərdar etmək məqsədilə sirenalar, istehsalat fitləri və digər siqnallardan xəbərdaredici vasitə kimi istifadə edir ki, bu zaman siqnalı eşidən hər kəs radio və ya televizoru işə salmalı, verilən məlumatları dinləməlidir.
Bu siqnal ictimai yerlərdə (mağaza, teatr, restoran, xidmət obyekti və s.) eşidilərsə, təşkilatın rəhbərliyindən heç bir göstəriş olmadığı halda küçəyə çıxmaq, yaxınlıqdakı sığınacağın və ya təbii daldalanacağın yerini müəyyən etmək (xüsusi yolkənarı işarələr və ya yaxınlıqdakı polis məntəqəsinin köməyi ilə) və orada daldalanmaq lazımdır.
Yerləşdiyiniz məkanları (evlər, şəxsi obyektlər) tərk edərkən elektrik və qaz cihazlarını şəbəkədən ayırmağı və ev heyvanlarını daldalamağı unutmayın.
Daldalanma prosesi mütəşəkkil şəkildə və cəld həyata keçirilməlidir. Sığınacaqların yeri və giriş yolları xüsusi işarələrlə göstərilir. Hər bir sığınacağa əhali bu işdə məsul olan manqa komandirinin göstərişi üzrə yerləşdirilir.
Fövqəladə hallar və mülki müdafiə orqanlarının göstərişi olmadan sığınacaqlardan və daldanacaqlardan çıxmaq qəti qadağandır.
Əhalinin köçürülməsi
Fövqəladə hallar zamanı əhalinin mühafizəsinin üsullarından biri də fəlakət və ya qəza rayonlarından əhalinin köçürülməsidir. Müvafiq qurumlar xəbərdaredici siqnaldan sonra televiziya, radio və ya səsgücləndiricilər vasitəsi ilə əhaliyə toplanış-köçürmə məntəqəsinin nömrəsini və ünvanını, oraya toplanma vaxtını, istifadə olunacaq nəqliyyat vasitəsinin nömrəsini, son məntəqənin ünvanını bildirir. Yerli icra hakimiyyəti orqanları, habelə müəssisələrin, idarə və təşkilatların rəhbərləri köçürülən əhalinin təminatı üçün müvafiq tədbirlər görür.
Köçürülmə zamanı davranış qaydaları
Əhali köçürülmə haqqında göstəriş alan kimi elektrik və qaz cihazlarını xətdən ayırmalı, kənd təsərrüfatı heyvanlarını və yemlərini təhlükəsiz yerə yığmalı, fövqəladə hallara hazırlıq çantasını götürərək əvvlcədən elan olunmuş toplanış-köçürmə məntəqələrinə gəlməlidir. Hər kəs özünə aid olan cantanın üzərinə adını, soyadını, daimi yaşayış yerinin və köçürülmə məntəqəsinin ünvanını qeyd etməlidir. Nitq qüsurlu insanların və uşaqların geyimlərinin astarına xüsusi məlumatlar (adı, soyadı, atasının adı, təvəllüdü, daimi yaşayış yerinin və köçürülmə məntəqəsinin ünvanı) qeyd olunmuş parça tikilməlidir.
Köçürülmə zamanı köməyə ehtiyacı olan insanlara yardım olunmalı, rəsmi qurumların göstərişlərinə sözsüz əməl edilməlidir. fhn.gov.az