Vətənpərvərlik hissi və milli şüur uzun bir tarixi inkişaf prosesinin məhsuludur.
"Hər bir cəmiyyətin gələcəyi onun yetişməkdə olan gənc nəslidir. Gənc nəslə qayğı isə, hər bir dövlətin siyasətinin aparıcı istiqamətlərindən biridir. Məhz bu baxımdan bu gün ən başlıca vəzifə mənəvi tərbiyənin mühüm tərkib hissələrindən biri olan yeniyetmə və gənclərdə vətənpərvərlik hissi və milli mənlik şüurunun formalaşdırılmasıdır. Azərbaycan gəncləri öz kökünə müraciət edərək xalqın tarixi irsini, tariximizin görkəmli şəxsiyyətlərinin həyat və fəaliyyətini öyrənməli, milli özünüdərkin, milli özünütəsdiqin, milli özünəməxsusluğun bütün əlamətlərini aşkar etməyə çalışmalıdırlar"
Bu barədə Bizimyol.info xəbər portalına təhsil eksperti Nadir İsrafilov danışıb. Onun sözlərinə görə, bugünkü məktəbli nə qədər savadlı, nə qədər vətənpərvər, nə qədər yüksək dünyagörüşünə malik olarsa, dövləti və millətin gələcəyi üçün bir o qədər yeni inkişaf və tərəqqi perspektivləri açılar.
“Bu mənada məktəb gələcəyimizin bünövrəsinin möhkəmlənməsinə xidmət edən bir qurum olaraq, öz yetirmələrinin tərbiyəsinə kompleks yanaşmanı təmin etməli, ona çalışmalıdır ki, bu gün formalaşan yeniyetmə və gənc yalnız yaxşı oxumaqla kifayətlənməməli, eyni zamanda vətənpərvər və dövlətçiliyimizə sədaqətli olsun, vətən naminə çalışmaq, vətəni qorumağa hər an hazır olmaq, onun yolunda qəhrəmanlıqlar, fədakarlıqlar göstərmək, vətənin və xalqın hər bir uğuruna sevinmək onun idealına çevrilsin. Bu hiss insana genlə, qanla keçsə də, bütün digər hisslər kimi tərbiyəyə möhtacdır və tərbiyə yolu ilə daha da möhkəmlənir, artır.
Vətənpərvərlik nədir sualına Ümummilli liderimiz Heydər Əliyevin cavabı kimi konkret olduğu qədər də dolğun ikinci cavab tapmaq mümkün deyil: "Vətənpərvərlik böyük məfhumdur. Bu, sadəcə, orduda xidmət etmək deyil. Vətənə sadiq olmaq, Vətəni sevmək, torpağa bağlı olmaq - budur vətənpərvərlik!".
Vətənpərvər gənclərin yetişdirilməsi təkcə təhsil müəssisələrinin işi deyil. İlkin olaraq, ailədən başlayan bu tərbiyəvi iş təhsil müəssisələrində davam etdirilir, bütün cəmiyyətin, onun hər bir üzvünün əməlindəki müsbət nümunələrlə yetkinləşir” - deyə Nadir İsrafilov qeyd edib.
Ekspert bildirib ki, Azərbaycan Respublikasında təhsil sahəsində islahatlar üzrə Dövlət Komissiyası tərəfindən hazırlanmış, hələ o zaman Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 15 iyun 1999-cu il tarixli, 168 nömrəli Sərəncamı ilə təsdiq olunmuş müstəqil Respublikamızın ilk mühüm sənədi olan “Azərbaycan Respublikasının təhsil sahəsində islahat Proqramı”nda xüsusi olaraq vurğulanırdı ki, “hazırda təhsil sistemində milli ideologiyamıza əsaslanan gənclərimizdə vətənpərvərlik, vətəndaşlıq, torpağa və xalqa bağlılıq hissi aşılayan tərbiyə konsepsiyası yoxdur. Təhsilin və tərbiyənin məzmununun əsasını təşkil edən təhsil proqramında bu hissləri aşılayan mövzuların olmaması, Azərbaycan tarixi və mədəniyyətinin lazımi səviyyədə öyrədilməməsi onların milli hisslərinə təsir göstərir”.
İsrafilovun fikrincə, bunları nəzərə alaraq, İslahat Proqramında “milli tariximizin, mədəniyyətimizin, adət və ənənələrimizin dərindən öyrədilməsi və gənclərdə vətənpərvərlik hissinin vacibliyi nəzərə alınmaqla humanitar və sosial-iqtisadi fənlərin strukturunu və məzmununu müəyyənləşdirmək, onların tədrisi və tədqiqinin yeni konsepsiyasını hazırlamaq” bir prioritet hədəf kimi qarşıya qoyulub.
“Çox əlamətdar haldır ki, XXI əsr Azərbaycan təhsilinin “Yol xəritəsi” hesab olunan, Prezident İlham Əliyevin 24 oktyabr 2013-cü il tarixli sərəncamı ilə təsdiq olunan “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın əsas strateji istiqamətlərindən biri olan təhsilin məzmunca yeniləşdirilməsində milli tərbiyə işinin təşkili məsələləri də əsas hədəflərdən biri kimi ön plana çəkilmişdir. Ötən müddətdə ümumi təhsilin məzmununda milli tərbiyə məsələləri, xüsusilə vətənpərvərlik tərbiyəsi, azərbaycançılıq ideologiyası və onun komponentləri ilə bağlı tərbiyə məsələləri ümumi təhsil üzrə humanitar profilli dərsliklərdə geniş şəkildə əks olunmuş, məktəbəqədər, ümumi təhsil və məktəbdənkənar təhsil müəssisələrində tərbiyə işinin təşkli ilə bağlı çoxsaylı layihələr reallaşdırılmışdır” - deyə ekspert əlavə edib.
Nadir İsrafilov qeyd edib ki, dövlət başçısının son illərdə təsdiq etdiyi Azərbaycan gəncliyi ilə bağlı bir neçə dövlət proqramı da məhz bu konseptual yanaşmanın reallaşmasına xidmət edir. Belə ki, dövlət başçısının böyük uğurla gerçəkləşdirdiyi gənclər siyasəti gənclər arasında vətənpərvərlik ruhunun yüksəlməsinə, gənclərin vətənçilik, dövlətçilik, azərbaycançılıq ideyaları əsasında əsl vətənpərvər kimi yetişmələrinə imkan yaradıb.
“Məktəblərimizdə bütövlükdə tərbiyə işində müəyyən boşluqlar olmasına baxmayaraq, bu sözləri yetişməkdə olan gənc nəslin vətənpərvərlik hisslərinin və milli mənlik şüurun formalaşması ilə əlaqədar aparılan tərbiyə işi barədə demək ədalətsizlik olardı. Bunu qalibiyyətli Zəfər tariximiz bir daha əyani şəkildə sübut etmiş oldu. Vətənpərvərlik hissi və milli şüur uzun bir tarixi inkişaf prosesinin məhsuludur. Bu gün ölkəmizin gələcəyi məhz gənc nəslin necə yetişməsindən, onların milli mənlik şüurunun hansı formada inkişaf etdirilməsindən, vətənpərvərlik hisslərinin necə tərbiyə edilməsindən asılıdır. Bu missiyanı davam etdirmək və inkişaf etdirmək isə, təkcə valideynin və məktəbin işi olmayıb, hər bir vətənpərvər vətəndaşın borcudur” - deyə ekspert əlavə edib.