Məktəblərdə İntizam Şurası: Nə dəyişəcək, necə dəyişəcək?
Xəbər verdiyimiz kimi, məktəblərdə İntizam Şurası yaradılacaq. Şuranın yaradılması və tərkibində valideynin iştirakı məcburi olacaq.
Maraqlıdır, məktəblərdə Valideyn Komitəsi varkən, İntizam Şurasına niyə ehtiyac yarandı?
Kamran Əsədov: Şagirdlərin cəzalandırılması onlarda məktəbə, müəllimə qarşı aqressiya yaradacaq
Təhsil eksperti Kamran Əsədov Bakıvaxtı.az-a bildirib ki, sinifdə nizam-intizam, davranış problemi şagirdlərin təlim nəticələrinə birbaşa təsir göstərən və məktəblərdə ən çox rast gəlinən problemlərdəndir: “Nizam-intizam olmayan, davranış qaydalarına əməl edilməyən sinifdə yüksək təlim nəticələrindən danışmaq mümkünsüzdür. Nizam-intizam, sinifdə səssizliyin hökm sürməsi demək deyil, şagirdlərin diqqətinin dərsə cəlb olunması deməkdir. Dərsi pozan, məktəbin normal gedişinə mane olan şagirdlərin cəzalandırmaqdan çəkinməyi dünya təcrübəsi tələb edir”.
K.Əsədov hesab edir ki, mövcud dəyişiklik, yəni şagirdlərin cəzalandırılması onlarda məktəbə, müəllimə qarşı aqressiya yaradacaq, onları məktəbə, müəllimə qarşı birləşməyə sövq edəcək, nəticədə şagirdlər məktəblə, müəllimlə birlikdə deyil, “əks cəbhə”də olacaqlar, məktəb və müəllim də daim bu cəbhədə döyüşməli olacaq. Konflikt böyüdükcə, valideynlər də bu məsələyə qoşulacaq və nəhayət məktəb, müəllim haqlı olsa belə, çoxluq qalib gələcək.
Ekspertin sözlərinə görə, şagird dərsə qulaq asmaya, nizam-intizam qaydalarına əməl etməyə bilər, lakin bu hərəkətləri onun timsalında “xuliqan” obrazı yaratmaq üçün əsas vermir: “Səbrlə, təmkinlə, qayğı göstərərək onu ələ almağa, düzgün tərbiyələndirmək lazımdır. Hər bir şagird uğur qazana bilər, müəllimin vəzifəsi ona uğur qazanmağın yolunu göstərməkdir. Bütün insanlar kimi uşaqlar da zəhmət tələb edən, xüsusilə, öhdəsindən gəlmək çətin olan işi görməyə can atmırlar. Şagirdə “sən bunu bacaracaqsan” fikrini təlqin etmək, onu dərsə cəlb etməyin ən yaxşı yoludur. Şagirdin səhvinə görə heç bir zaman onu lağa qoymayın, danlamayın, əksinə, onda tərifləyə biləcəyiniz xüsusiyyətlər axtarın. Əlbəttə, bu o qədər də asan deyil, lakin bunu bacarmaq lazımdır. Müəllimlik peşəsinin çətinliklərindən biri də budur. Müəllimlik, 45 dəqiqə müddətdə sadəcə dərsi izah edib, soruşub, qiymətləndirməkdən ibarət deyil. Şagirdlərin xüsusiyyətlərini öyrənməyə çalışın, dərsin planını qurarkən onları nəzərə alın. Əgər şagirdlərin daxili aləminə bələd olsanız, onları tez ələ alar, dərsə maraqlandıra bilərsiniz”.
K.Əsədov hesab edir ki, müvafiq qurum yenə də ən mənasız və qısa yolu seçərək son dövrlər ortaya çıxan problemləri həll etmək istəyir: “Bilirsiniz, təhsil dərk edilən həqiqətdir, amma deyəsən, bəziləri bunu dərk etmir. Bu yolla şagirdi təhsilə cəlb etmək olmaz, bu cəza yolu ilə məktəblərdə nizam-intizam qurmaq olmaz. Bu cəza növü artıq təhdid vasitəsinə çevrilə bilər. Sivil cəmiyyətdə insanlar arasında münasibətlər hansı etik normalara əsasən qurulursa, məktəbdə müəllim - şagird münasibətləri də o cür qurulmalıdır. Görünən odur ki, bəzi rəsmilərin məktəbşünaslıqdan anlayışı yoxdur”.
Elmin Nuri: İntizam Şurasının yaradılması valideyn komitələrinin də lazımsız fəaliyyətinə son qoyacaq
Təhsil eksperti Elmin Nuri isə Bakıvaxtı.az-a bildirib ki, İntizam Şurasının yaradılması valideyn-məktəb münasibətlərinin tənzimlənməsi və şagirdlərin nümunəvi məktəbdaxili nizam-intizam qaydaları haqda hazırlanan sənəd layihəsində öz əksini tapıb. Ekspert qeyd edib ki, nazirlik tərəfindən artıq məktəblərdə nizam-intizam qaydalarını pozan şagirdlərə qarşı tətbiq ediləcək inzibati tədbirlər də müəyyənləşib: “Belə ki, davranış səviyyələrinə görə tətbiq ediləcək inzibati tədbirlər aşağıdakılardır:
- müəllim baxışı, qeyri-verbal münasibət
- şagirdlərlə sakit söhbət
- xəbərdarlıq
- uzaqlaşdırma
- valideyn ilə əlaqə saxlamaq
- dərsdən sonra şagirdin məktəbdə saxlanması
- psixoloqa yönləndirmə
- sarı xəbərdarlıq məktubu
- narıncı xəbərdarlıq
- qırmızı xəbərdarlıq”.
Burada belə bir suallar ortaya çıxır: “İntizam Şurasının yaradılmasına hansı amillər səbəb oldu? Hansı boşluqlar bu istiqamətdə belə bir addımın atılmasına gətirib çıxardı?”
Ekspertə görə, sirr deyil ki, orta məktəblərdə bir-birini əvəz edən neqativ hallar, çətin təbiyə olunan şagirdlər tərəfindən yol verilən davranış pozuntuları rəsmi müstəvidə bu cür addımların atılmasına zərurət yaradıb.
E.Nuri bildirib ki, ən son olay - 112 saylı məktəbdə yaşanan hadisə, şagirdin sinif yoldaşını şiddətə məruz qoyması - bu kimi hadisələrin son partlayış nöqtəsi oldu: “Bu fakt öz-özlüyündə bir neçə neqativ olayı da üzə çıxardı: məktəbdaxili davranış qaydalarına nəzarətdə direktor və müəllimlərin işlərinin öhdəsindən gələ bilməməsi; məktəb psixoloqunun nə dərəcədə formal biri olması, hətta az məbləğ saydıqları 350 manat maaşı belə boşu-boşuna alması; deviant (çətin tərbiyə olunan şagirdlər) qrupa aid uşaqlarla ayrıca işlərin aparılmaması; “Məktəblinin dostu” adlanan səlahiyyətli şəxslərin vəziyyətə düzgün nəzarət edə bilməməsi; və ən əsası, məktəblərdəki valideyn komitələrinin formaldan da o yana olan “fəaliyyəti”...” Ekspert onu da deyib ki, bu kimi hadisələrin sayının durmadan artması rəsmi müstəvidə analoji addımların atılmasını zəruriləşdirdi: “Bu gün məktəblərdə fəaliyyət göstərən valideyn komitələrinin əsas işi ildə bir neçə dəfə hansısa səbəblə bağlı valideynlər arasında pul yığmaqdan ibarətdir. 5 oktyabr Beynəlxalq Müəllimlər Günündə, 8 Mart Qadınlar Günündə, yaxud hansısa xüsusi təqvimdə, bəzən, müəllim və direktorun doğum günü ərəfəsində belə halalrın az şahidi olmamışıq. Valideyn komitələrində özünü bu “missiya” üçün vacib sima hesab edən və bunu həyatının şərəf mənbəyinə çevirən hansısa valideyn yaxud qruplaşmış valideynlər klubu digərlərini də prosesə cəlb etməklə məşğuldurlar. Onların fəaliyyəti bundan o tərəfə keçməyib və keçməsi də gözlənilmirdi. Odur ki, rəsmi sənəd əsasında yaradılan İntizam Şurası ilə valideyn komitələrinin işini, fəaliyyət mexanizmini bir tutmaq yanlışlıq olardı. İntizam Şurasının yaradılması valideyn komitələrinin də lazımsız fəaliyyətinə son qoyacaq”.
Müsahibimiz deyir ki, xəbərdarlıqların dərəcələrinə diqqət etsək, bu prosesin təhsil müəssisələrindəki nizam-intizama xeyli təsir edəcəyini deyə bilərik.
E.Nuri onu da qeyd edib ki, intizam şuralarının yaradılması müəllimlərin də işini asanlaşdırmış olacaq: “Çünki bundan sonra şagirdlərin davranış pozuntuları ilə bağlı qərarı rəsmi sənədə əsasən yaradılan Şura müəyyən edəcək. Şuranın təkcə cəzalandırmaq yox, həm də təlim-tərbiyə işləri ilə də məşğul olması arzuolunandır. Modern Azərbaycan müəllimlərinin əksəriyyəti daha çox repetitorluğa meyl etdiyindən onu məktəbdəki nəinki təlim-tərbiyə, heç tədris keyfiyyəti də maraqlandırmır. Onu yalnız gəlir qazandıran hazırlıqlar maraqlandırır”.
Onun fikrincə, bu cür ciddi boşluqların yarandığı ərəfədə məsələyə nazirlik tərəfindən münsibət göstərilməsi vacib idi.
“Deyərdim ki, nazirlik bu məsələdə hətta gecikib. Bu gün Azərbaycan məktəblərində çalışqan, təhsilini inkişaf etdirmək istəyən şagirdlərlə yanaşı, onların tam əksi olan, gününü kriminal dünyaya, “vor söhbətləri”nə, təhqiramiz meyxana deyişmələrinə aid videolarla keçirən, kimlərisə yamsılamağa çalışan və gələcək üçün heç bir perspektiv vəd etməyən, tərbiyəsində problem olan şagirdlər də var. Onlar tədris mühiti, dərs ovqatı üçün, öz şagird yoldaşları üçün də potensial təhlükədirlər. 112 saylı məktəbdə yaşanan olaylar sözsüz ki, başqalarında da yaşanıb və sözsüz ki, bundan sonra da yaşanmaq ehtimalı var. Amma onlar da bu cəmiyyətin övladlarıdır, ata-kəsə bilmərik. Cəza mexanizmi ilə yanaşı, tərbiyələndirmə, gələcəklərini bəlkə də xilas edəcək məramda bir işlər görülməlidir. Valideyn Komitələri bu işin birmənalı şəkildə öhdəsindən gələ bilməyəcəklər. Odur ki, İntizam Şurasına uğurlar arzulamalıyıq”, - deyə Elmin Nuri bildirib.