AzTehsil.com


Ziyalılar
13 iyun 2016
5 404


Müəllimi ittiham eləmək asandır-Müəllim-şagird qovğası: kimdir günahkar?



Müəllim-şagird qovğası: kimdir günahkar?
Müəllimi ittiham eləmək asandır-Müəllim-şagird qovğası: kimdir günahkar?
Son günlərdə ayrı-ayrı mətbuat orqanlarında və internet şəbəkəsində bir-iki məktəbdə müəllimlərin şagirdləri döyməsi halları ilə bağlı video-süjetlər təqdim olunmaqda, şagirdlərin hüquqları ilə bağlı müzakirələr açılmaqdadır. Məsələnin birtərəfli təqdimatı əlbəttə ki, problemin həllinə yox, ayrı-ayrı yazarların düşüncəsinə xidmət edir.  

 Bir vətəndaş və bir valideyn kimi mən də çox istərdim ki, bu kimi məsələlərə məktəb-təhsil sistemində rast gəlinməsin, çünki bu cür hallar məktəblərdə təhsilin düzgün istiqamətdə inkişafına maneə törədən amillərdəndir. Lakin problemə səthi yanaşmaq, yalnız bir tərəfin hüquqlarını qabartmaq və təhsilin əsas prioritet vəzifələrindən uzaq nəticələr çıxardaraq onları cəmiyyətə obyektiv mövqe kimi təqdim etmək əsla doğru deyil. Bu səbəbdən, orta məktəblərdə müəllim və şagirdlər arasında ara-sıra baş verən bu sayaq neqativ hallarla bağlı qarşı tərəfin də baxış bucağını incələməyə, düşünürəm ki, ehtiyac var.

İlk öncə onu qeyd etmək lazımdır ki, məktəblərdə zaman-zaman baş verən müəllim-şagird konfliktləri kütləvi informasiya vasitələrində yanlış təqdim olunur. Bu təqdimatlar zamanı cəmiyyətə əksər hallarda müəllimin özbaşınalığı, şagirdin hüquqları barədə gen-bol danışılır və cəmiyyətdə süni şəkildə "aqressiv müəllim" obrazı formalaşdırılır. Halbuki həqiqət bu deyil. Ümumiyyətlə, bu məsələdə həqiqət birtərəfli deyil. Və obyektiv olmasaq, bu və ya digər tərəfi ittiham etməklə cəmiyyətin düşüncə tərzinə böyük zərbə vurmuş olarıq. Bəli, inkar etmək olmaz ki, məktəblərdə bəzən müəllimlərin haqsız yerə şagirdi vurması halları baş verir. Bu kimi halları ümumən müəllimin pedaqoji səriştəsizliyi, yaxud dərskeçmə metodlarının zəifliyi ilə də əlaqələndirmək olar, hətta müəllimin öz ixtisas sahəsi üzrə həddən artıq savadsız olmasından irəli gələrək dərslərdə bu kimi oyunlardan çıxması faktları da vardır. Lakin bu cür müəllimlər hər hansı bir məktəbin pedaqoji kollektivinə daxil olan insanların uzağı 5-7 faizini təşkil edə bilər, bunu həm pedaqoji kollektivlə işləyən, həm də övladı təhsil alan bir insan kimi əminliklə deyə bilərəm. Cəmiyyətin hansı sahəsində bütün kadrlar öz işinin öhdəsindən doğru-dürüst gəlir ki? Müəllimlik sahəsi də bu mənada istisna deyil. Belə olan halda cəmiyyətdə "aqressiv müəllim" obrazı yaratmaq, şagird-müəllim konfliktlərində məhz müəllimlərin suçlu olduğunu söyləmək nəyə və kimə lazımdır axı? Azərbaycanda aztəminatlı təbəqəyə daxil olan sayca ən böyük kontingent müəllim kontingentidir və az miqdarda maaşla müəllimdən ideal dərs, yüksək səviyyəli təhsil və bilik tələb edən insanlar öz düşüncələrində tələskənliyə yol verməməlidirlər. Lakin az maaş almaq da müəllimə dərsini yarımçıq keçməyə, şagirdlərlə aqressiv davranmağa, tədris prosesinə laqeyd yanaşmağa əsas vermir.

Əlbəttə ki, tədris prosesində müəllimlərin səbrindən, təmkinindən, izah tərzindən, davranışından, hətta geyim tərzindən belə çox şey asılıdır. Və səbrini cilovlaya bilməyən, hər xırda şeyə əsəbi reaksiya verən, şagirdin şəxsiyyətinin hələ püxtələşməkdə olduğunu nəzərə almayan, şagird biliyinin qiymətləndirilməsi zamanı bəzən hisslərinin təsiri ilə qərar verən və şagirdin gələcək taleyində rol oynaya biləcək qərarlar zamanı da bu cür yanaşma nümayiş etdirən müəllimlər qınanmalıdır. Ancaq gəlin görək bu kimi məsələlərdə yalnız müəllimlər günahkardırmı? Şagirdin özünün, yoldaşlarının, valideynlərin günahı yoxdurmu müəllim-şagird münasibətlərində? Var, özü də bu sadalananların günah payı müəllimlərinkindən qat-qat çoxdur. Bunları məktəbdə tədris prosesinə ən sadə bir biçimdə nəzər salmaqla görmək mümkündür.

Müəllim-şagird münasibətlərindəki münaqişəli vəziyyətlərdə tərəflərdən birinin - şagirdlərin məktəbdəki fəaliyyətinin mənfi tərəflərinə bir qədər diqqət yetirsək, məsələ tamamilə aydın olar və həqiqi mənzərə gözlər önünə sərilər. Elə İnternet şəbəkəsində şagirdin döyülməsi ilə bağlı yayınlanan süjetlərdə də bir sual ortaya çıxır - baş verənlərin arxadan diqqət cəlb etmədən mobil telefonun videokamerası vasitəsilə lentə alınması nə deməkdir? Yayılan videoçarxlardan açıq-aydın görünür ki, müəllim şagirdi vurmazdan daha öncə həmin şagirdin müəllimə əl qaldırması da lentə düşüb və bu, şagirdlərin bilərəkdən həmin müəllimə qarşı "oyun" planlaşdırdıqlarını sübut edir. Heç kəsə sirr deyil ki, bu gün orta məktəblərdə şagirdlərin mobil telefondan istifadəsi dərs prosesinə kifayət qədər ziyan vurur. Şagird mobil telefondan məktəbdə şəkil çəkmək, xoşu gəlməyən hər hansı bir müəllimi qıcıqlandırıb onun dərs zamanı etdiyini kameranın yaddaşına həkk eləmək və bu materialları İnternet şəbəkəsində yaymaq, sinif yoldaşlarının yanında "baxın, mənim də mobilim var, deməli mənə şəxsiyyət kimi ailədə hörmət qoyulur" görüntüsü yaratmaq, məktəbin mövcud  qaydalarından sui-istifadə, yaxud bu qaydaları pozma hallarını lentə almaq, yuxarı yaş həddinə aid müxtəlif foto, audio-video materialları Bluetooth sistemi vasitəsilə bir-birinə ötürmək, dərs zamanı müxtəlif sosial şəbəkələrə daxil olmaq, dərsdən yayınıb yaşına uyğun olmayan İnternet səhifələri ilə maraqlanmaq, əks cinsin nümayəndələri ilə çat söhbət panellərində yazışmaq və bu kimi digər məqsədlərlə istifadə edir. Mobil telefondan tədrisə yönəlik məqsədlərlə demək olar ki, istifadə edilmədiyi gün kimi hər kəsə aydındır.

Gizlətmək lazım deyil, şagirdlərin mobil telefondan məktəbdə istifadəsi məktəbdə tədris prosesinə böyük zərbə vurur. Və bunda mobil gətirən şagirdin valideynləri hər kəsdən çox günahkardırlar. Aydın məsələdir ki, valideyn övladına mobil telefonu yuxarıda söylənilən hərəkətləri etməsi məqsədilə almayıb. Mobil telefon şagirdə valideyni tərəfindən o səbəbdən alınır ki, şagirdin dərsdə olub-olmadığı, dərslərdən sonra evinə gedib-getmədiyi barədə valideynin narahatçılığı azalsın, bu, tamamilə başa düşüləndir. Amma valideyn bir çox hallarda bilmir ki, əvvəla, hələ fiziki cəhətdən püxtələşməmiş uşağına yüksək dalğalı mobil telefon verilməsi həmin uşağın gələcək inkişafına əngəl törədən ən böyük amillərdən biridir və onun bahalı mobil telefon alıb verdiyi uşaq məktəbdə, valideynin nəzarətindən kənarda həmin mobil telefonla nələr edir və edə bilər. Bəzi valideynlər bildirirlər ki, "bəs müəllimlər niyə mobil telefonla məktəbə gəlirlər?". Burada, zənnimcə, hələ heç bir ciddi əhatəsi formalaşmamış, ciddi karyera və iş mühitinə hələ düşməmiş uşaq, yaxud yeniyetmə şagirdlə ailəsi, uşaqları, qohum-əqrəbası və yaxın çevrəsi ilə münasibətləri çoxdan formalaşmış müəllimin müqayisə edilməsinin özü yanlışdır. Məhz yuxarıda qeyd edilən neqativ hallarla üzləşməmək üçün bir sıra məktəblərdə ümumiyyətlə, şagirdlərin məktəb binasına mobil telefonla daxil olması qadağan edilmişdir. Düşünürəm ki, bu tamamilə doğru və gələcək problemlərin yaranmasının qarşısını almağa yönəlmiş addımdır. Valideynlərin narahatlığına gəlincə, Təhsil Nazirliyi və əlaqədar təşkilatlara məktəblərdə şagird kartlarının istifadəyə verilməsi, onların davamiyyəti ilə bağlı valideynlərin telefonlarına müntəzəm məlumatların verilməsinin mexanizmini işləyib-hazırlamaq kimi təkliflər verilə bilər. Vətəndaş cəmiyyətində bir problemin həll olunması üçün başqa bir problemin, bəzənsə daha çoxsaylı problemlərin yaranmasına səbəb olmaq qəbuledilməzdir. Hər birimiz, zənnimcə, bu kimi məsələlərə yanaşma nümayiş etdirərkən deyilənləri nəzərə almalıyıq.

Ümumiyyətlə, bir cəmiyyət olaraq etiraf etməyə çalışmalıyıq ki, müasir texnoloji nailiyyətlərin mahiyyəti, istifadə məqsədləri, faydası və eyni zamanda zərəri barədə informasiyamız natamamdır, yarımçıqdır, bu səbəbdən də bir çox hallarda bizlər həmin texnoloji nailiyyətlərin görüntüsünə, çoxfunksiyalılığına aldanırıq. Əslində isə heç bir texnoloji nailiyyət insan oğlunun özünün əxlaq, mənəviyyat, davranış və yaşam qaydalarından yüksəkdə dayanmır.

Şagird-müəllim konfliktlərində şagirdlərin özünün tərbiyə, əxlaq və davranışlarına da mütləq diqqət yetirilməlidir. Hər kəs gözəl bilir ki, şagird dərs prosesini müntəzəm pozmasa, müəllimin şəxsiyyətini alçaldan hərəkətlər etməsə, tərbiyəsizlik nümunəsi sayılan əməllərdən çəkinsə, heç bir müəllim övladı, yaxud nəvəsi yaşında şagirdi döyə biləcək dərəcədə əsəbləşib özünü kollektiv içində hörmətdən salan hərəkətlər etməz. Deməli, şagird-müəllim konfliktinin kökündə dayanan gerçək səbəblərdən biri məhz şagirdin sinifdə dərs zamanı mənfi davranışı, tərbiyəsizliyi, danışığını bilməməsi, özünün yenicə formalaşan şəxsiyyətini müəllimin on illərlə formalaşmış şəxsiyyətindən üstün tutması, müəllimi şagird yoldaşlarının qarşısında hansısa formada alçaltmağa çalışması və sair bu kimi amillər ola bilər. Təəssüf ki, bir cəmiyyət olaraq bu məqamlara diqqət yetirməyi nədənsə istəmirik.Müəllimi ittiham eləmək asandır.Müəllimi ittiham eləmək asandır-Müəllim-şagird qovğası: kimdir günahkar?Çünki o, şagird-müəllim münaqişəsində elə məhz "döyən tərəf" qismində görünür. Şagirdin bu münaqişəli vəziyyətin yaranmasında gerçək rolu isə arxa planda qalır, o sadə səbəbdən ki, o, görüntüdə "zərərçəkən" qismindədir. Halbuki bu insidentlərin mütləq əksəriyyəti məhz şagirdin ucbatından baş verir. Qəribədir ki, bizlər şagird-müəllim münaqişəsində müəllimin böyük, şagirdinsə kiçik olmasına baxaraq hadisəyə qiymət veririk, nəticə etibarilə də şagirdin şəxsiyyətini qabardır, onun hüquqlarının qorunmasından danışırıq, ancaq öz-özlüyümüzdə bir neçə suala qərəzsiz, obyektiv cavab vermək istəmirik: şagirdə kim ixtiyar verir ki, müəllimin şəxsiyyətini digər şagird yoldaşlarının qarşısında alçaltsın? Şagird niyə müəllimə qarşı hər şeyi edə bilər, ancaq müəllim onu bu etdiklərinə görə cəzalandıra bilməz? Hələ vətəndaş kimi formalaşmamış şagirdin şəxsiyyəti şəxsiyyətdirsə, bəs onda bu ölkənin tamhüquqlu vətəndaşı olan, həyat təcrübəsində neçə-neçə şagirdə elm-bilik, savad vermiş olan müəllimin şəxsiyyəti nədir? Axı o, daha çox hüququ və vəzifələri olan vətəndaşdır, o, ailə başçısıdır, o insandır, o bilik verəndir. Və o, məktəbə hər gün hansısa bir səbəbdən, hansısa bir cahil şagirdin əməlinə görə əsəbləşib dərman atmaq üçün yox, normal dərs keçmək üçün, şagirdlərə öz ixtisas fənnindən nələrsə öyrətmək üçün, ən azından ailəsini, övladlarını dolandırmaq üçün gəlir. Müəllim işə gəlmir ki, təhqir olunsun, söyülsün, əsəbləri pozulsun. Bu mənada şagird-müəllim konfliktində inkaredilməz səbəbkarlardan biri, bəlkə də birincisi məhz şagirdin özüdür, yaxud ona yanlış tərbiyəvi istiqamət verən valideynidir. Müqayisə üçün deyək ki, nə dərəcədə bilikli olmasından asılı olmayaraq, qardaş Türkiyədə şagirdlər hər zaman müəllimlərinə hörmətlə "hocam" deyərək bir çox hallarda onun əlindən öpür, alınlarına qoyurlar və bu, on illərdən bəri çağdaş Türkiyə cəmiyyətində normal şagird əxlaqının, tərbiyəli şagird davranışının əsas göstəricilərindən sayılan gözəl bir milli adət-ənənədir.

XX əsr boyunca Azərbaycanda təlim-tərbiyə işində "falaqqaya salma", "küncə qoyma", "qulaq dartma" kimi "cəzalandırma" üsulları olmuşdur. Bu, əsasən şagirdin onun üçün cizilən qırmızı cizgilərdən çıxmaması və qəti şəkildə özünü öyrənmə prosesinə həsr etməsi üçün edilirdi. Bu günün gözüylə baxdıqda ilk baxışda insana elə gəlir ki, bunlar pedaqogikanın məqsədlərinə və məramına zidd olan qəddar üsullardır və bunların yalnız ziyanı var, əslində isə Azərbaycan gerçəkliyində yaşayan hər bir insan gözəl anlayır və bilir ki, məhz bu üsulların da tətbiq olunduğu təlim-tərbiyə prosesinin ciddiyyəti ötən əsrin əvvəlində Azərbaycana və bəşəriyyətə nə qədər dəyərli, davranış, danışıq, əxlaq, mənəviyyat və yaşamında örnək olan ziyalı və dahi mütəfəkkirlər bəxş edib. Biz əsla bu metodları təbliğ etmək, yaxud təqdir etmək fikrində deyilik, sadəcə düzgün istiqamətdə tərbiyə olunmayan, zərərli vərdişlərdən və davranışdan qəti şəkildə çəkindirilməyən şagirdin bir şəxsiyyət kimi formalaşmasının mümkün olmadığı qənaətindəyik. Bu gün də yaşlı nəslin bir çox nümayəndələri tərbiyədən söz düşərkən gülümsünərək uşaq vaxtı məktəbdə hansısa müəlliminə etdiyi sayğısızlığa görə valideyni tərəfindən cəzalandırıldığını dönə-dönə və ən əsası da valideyninə haqq verərək, doğru bir addım kimi xatırlayır.
Söhbətin bu yerində daha bir həlli mühüm məsələyə diqqət cəlb etməkdə fayda vardır. Bu məsələ tərbiyənin qiymətləndirilməsi ilə bağlıdır. Hələ sovet dövründə orta ümumtəhsil məktəblərinə "təlim-tərbiyə müəssisəsi" adı verilmişdi və adından da göründüyü kimi, orta təhsil şagirdlərə təkcə elm, bilik, savad yox, həm də onları şəxsiyyət kimi formalaşdırıb cəmiyyətə faydalı insanlara çevirməyə imkan verən tərbiyəni verməyi qarşısına məqsəd qoymuşdur. Sovet dövründə orta məktəbi bitirən şagirdlərə verilən yekun sənədin adı da diqqəti cəlb edirdi - "Kamal Attestatı".
Bu gün qloballaşan dünyamızda mənəvi dəyərlərin əhəmiyyətsiz bir şey kimi arxa plana keçirilməsinə tez-tez rast gəlirik. Və təəssüf ki, bizim cəmiyyətimiz də bu "mənfi axara" düşərək maddiyyata yüksək önəm verildiyi və mənəviyyatın əhəmiyyətinin sürətlə azaldıldığı bir cəmiyyətə çevrilməkdədir. Artıq bir çox insanlar orta məktəbi, təhsil sferasını yalnız "təlim müəssisəsi" olaraq görməyə meyillənib, tərbiyəyə artıq əvvəlki kimi mühüm əhəmiyyət verilmir. Yəqin elə bu səbəbdəndir ki, cəmiyyətdə get-gedə artan cinayətlər, mənəviyyatsızlıq, əxlaqi deqradasiya üçün münbit zəmin yaranır. Hər şey bugünkü şəxsiyyətin orta məktəbə ayaq basdığı vaxtdan başlanır. Orta məktəbsə bu gün şagirdin davranışına, əxlaqına, ailədə aldığı tərbiyəyə, danışığına, düşüncəsinə, dünyagörüşünə yox, sadəcə onun konkret akademik fənlər üzrə bilik səviyyəsinə qiymət verir. Orta məktəbin nailiyyətləri dedikdə yalnız ölkənin ali məktəblərinə qəbul olmuş məzunların faizindəki artım, yaxud müxtəlif müsabiqələrdə yerlər qazanmış şagirdlərin sayı əsas meyarlar kimi götürülür.

Xatırladaq ki, Rusiyanın bir çox subyektlərində orta ümumtəhsil məktəblərində ciddi şəkildə fəaliyyət göstərən, ştatlı əməkdaşlardan ibarət intizam komitələri (komitet dissiplinı) fəaliyyət göstərir. Bu komitələrin yekun rəyi olmadan şagirdin yuxarı sinfə keçirilməsi qeyri-mümkündür və hətta bütün fənlər üzrə biliyi "əla" qiymətlə qiymətləndirilsə belə, şagirdin əxlaqında, davranışında, tərbiyəsində onun şəxsiyyət kimi formalaşmasına əngəl olacaq ciddi problemlər varsa, həmin şagird yuxarı sinfə keçirilə bilməz, yaxud nəticə etibarilə tam orta təhsil haqqında attestat ala bilməz. Qardaş Türkiyənin nəinki orta məktəblərində, hətta əksər ali tədris müəssisələrində də intizam komitələri (Disiplin Kurulu) fəaliyyət göstərir. Elə Azərbaycanda fəaliyyət göstərən Türkiyənin tədris müəssisələrində də hər addımda bunun şahidi olmaq mümkündür. Qonşu Gürcüstanda isə orta məktəblərdə konkret olaraq "Tərbiyə" (Vospitanie) fənni tədris olunur və bu fəndən qeyri-kafi qiymətləndirilən şagirdin yuxarı sinfə keçirilmə şansı sıfıra yaxındır. Zənnimcə, Azərbaycanda orta məktəblərdə bir sıra hallarda müşahidə olunan şagird-müəllim konfliktinin yaranma səbəblərindən biri də məktəblərimizdə bu fənnin tədris olunmaması və yaxud şagirdlərin tərbiyəsi və davranışına ciddi nəzarət edən orqanın olmamasıdır. Zənnimcə, müasir təhsilin mühüm sənədlərindən biri olan kurikulumun tələblərindən biri kimi, qiymətləndirmə meyarlarının 4 ballıq şkala ilə deyil, daha əhatəli və obyektiv şəkildə əks olunması orta məktəb şagirdlərinin davranış, əxlaq və tərbiyəsinin də qiymətləndirilməsinə stimul verir. Nə qədər ki, məktəblərdə şagirdlərin tərbiyə və davranışı ayrıca bir fənn olaraq, yaxud məktəb rəhbərliyinin də iştirakı ilə ayrıca fəaliyyət göstərən hər hansı bir qurum tərəfindən ciddi nəzarətə götürülməyib, məktəblərdə bu sayaq münaqişəli vəziyyətlərin yaranması təəccüb doğurmamalıdır.
Nəzərə alaq ki, müasir dünyamızda uşaq hüquqları, şagirdlərin təhsil almaq hüququ kimi məsələlərə artıq o dərəcədə önəm verilməyə başlanıb ki, hətta məktəbin ali orqanı olan pedaqoji şuranın belə islah olunmayan, məktəbdə dərs prosesini müntəzəm pozan və cəzasız qalan şagirdləri cəzalandırmaq üçün effektiv təsir mexanizmi yoxdur. Yəni belə çıxır ki, bir şagird istədiyi qədər müəllimləri, şagird yoldaşlarını təhqir edə, vura, dərs prosesini poza, tərbiyədən, etikadan kənar hərəkətlər edə, məktəb qaydalarını poza bilər, hətta təkbaşına bir sinfi belə korlaya bilər, ancaq məktəb rəhbərliyinin və pedaqoji şuranın həmin şagirdi islah etmək, yaxud məktəbdən xaric etmək səlahiyyəti yoxdur. Axı bu bir, yaxud iki şagird ailəsindən gördüyü "tərbiyəni" hər addımbaşı nümayiş etdirməklə bütöv bir sinifdə təlim-tərbiyə prosesini məhv edə bilər, bütöv bir sinfin gələcək taleyinə mənfi təsir göstərə bilər, bu kimi amilləri, düşünürəm ki, gələcəkdə təhsil sahəsində normativ-hüquqi aktların qəbulu zamanı mütləq nəzərə almaq gərəkdir. Orta məktəbin hədəfi attestatlı və diplomlu nəsil yetişdirmək deyil, cəmiyyət üçün hər hansı formada (istər elmdə, təhsildə, istər idman sahəsində, istərsə də fərdi peşə yönümündə) faydalı olan şəxsiyyət formalaşdırmaqdır. Tərbiyə olmadan şəxsiyyət formalaşdırmaq heç bir vaxt mümkün deyil.

Bizim fikrimizcə, müəllim-şagird qovğasında birbaşa cəmiyyətin özü, onun fərdləri, valideynlər, şagirdin tərbiyə aldığı mühit günahkardır. Çünki cəmiyyət təlim-tərbiyə prosesinə sırf təlim prosesi kimi baxır. Yanlış olan da elə bu düşüncədir. Müəllimi ittiham etməzdən qabaq valideynlər, cəmiyyətin hər bir üzvü əvvəlcə özünün təlim-tərbiyə metodlarına, övladına davranış, əxlaq, danışıq barədə verdiyi öyüd-nəsihətlərin ölçüsünə, miqdarına diqqət yetirməlidir. Valideyn olaraq hər birimiz öz övladımızın düşüncəsinə yox, məktəbin, müəllimin uşağımıza verdiyi qiymətə, dəyərə istinad etməli və inanmalıyıq. Müəllim və valideynin birgə, əlbir fəaliyyəti şagirdi onlar arasında "manevr etmək", onları bir-birinə qarşı qoymaqla özünə bəraət atmosferi yaratmaq fürsətindən məhrum edər.
Bu baxımdan orta məktəblərdə son dövrlərdə sürətlə yaranmaqda olan Valideyn-Müəllim Assosiasiyalarının (VMA) rolunu müsbət qiymətləndirmək lazımdır. Orta təhsildə məktəblə valideynin çiyin-çiyinə, bir-birinə dəstək verərək fəaliyyət göstərməsi ümumən cəmiyyətimiz üçün təhsilin inkişafında həddən artıq müsbət nəticələrə gətirib çıxara bilər. Müəllimin əməyinə verilən obyektiv və yüksək qiymətsə öz-özlüyündə şagird-müəllim, valideyn-məktəb münaqişələrinin də nəzərəçarpacaq dərəcədə azalmasına səbəb ola bilər. Bəşəriyyətə gəlmiş-getmiş ən dahi insanlardan biri olan Əli bin Əbu Talibin gözəl bir fikrini hər zaman xatırlamaq lazımdır: "Mənə bir hərf öyrədənin quluyam". Cəmiyyətdə müəllimə yüksək dəyər verilməsi bir çox problemlərin həlli deməkdir. Belə olarsa, ümid etmək olar ki, gələcəkdə təhsilin inkişafına zərər verən situasiyalar tədricən minimuma enəcək və təhsildə şagird-müəllim-valideyn əməkdaşlığı daha da genişlənəcək. 

Ceyhun BAYRAMLI,
Bakıdakı 21 nömrəli tam orta məktəbin direktoru
Azərbaycan Müəllimi qəzeti 25 Yanvar 2013 
 
 



Загрузка...
Həmçinin oxuyun:
MÜƏLLİM-ŞAGİRD MÜNASİBƏTLƏRİ NORMAL OLARSA ....VİDEO

MÜƏLLİM-ŞAGİRD MÜNASİBƏTLƏRİ NORMAL OLARSA ....VİDEO

Müəllim və şagird ünsiyyətində peşəkar bilik və bacarıqlar mühüm rol oynayır.

Müəllim və şagird ünsiyyətində peşəkar bilik və bacarıqlar mühüm rol oynayır.

Müəllim və şagird arasında problemləri aradan qaldırmaq üçün 8 tövsiyyə

Müəllim və şagird arasında problemləri aradan qaldırmaq üçün 8 tövsiyyə

Müasir müəllim necə olmalıdır ?

Müasir müəllim necə olmalıdır ?

Müəllim - şagird münasibətlərinin psixoloji məsələləri

Müəllim - şagird münasibətlərinin psixoloji məsələləri

Ümumi təhsil müəssisələrində şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında müvəqqəti Qaydalar

Ümumi təhsil müəssisələrində şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında müvəqqəti Qaydalar

Müəllim - şagird münasibətlərinin psixoloji məsələləri....

Müəllim - şagird münasibətlərinin psixoloji məsələləri....

Müəllimin pedaqoji ustalığı

Müəllimin pedaqoji ustalığı

"Biliksiz müəllim susuz bulağa, işıqsız lampaya bənzəyir" - Y.A.Komenski

"Biliksiz müəllim susuz bulağa, işıqsız lampaya bənzəyir" - Y.A.Komenski

Sinif rəhbəri və sinifdə nizam-intizam qaydaları...

Sinif rəhbəri və sinifdə nizam-intizam qaydaları...

“Oxuyan oxusun, oxumayan özü bilər, mən vəzifəmi yerinə yetirdim” deməkdirmi müəllimlik ?

“Oxuyan oxusun, oxumayan özü bilər, mən vəzifəmi yerinə yetirdim” deməkdirmi müəllimlik ?

Bütün günahları müəllimdə axtarmayın...Psixoloq rəyi

Bütün günahları müəllimdə axtarmayın...Psixoloq rəyi

Sinif rəhbərləri oxuyun ! Şagird şəxsiyyətinin öyrənilməsi qaydaları

Sinif rəhbərləri oxuyun ! Şagird şəxsiyyətinin öyrənilməsi qaydaları

Uşaq huquqları və vəzifələri

Uşaq huquqları və vəzifələri

Müəllim mütaliə etmədiyi gün ölür- Siz mütaliə edirsinizmi ?

Müəllim mütaliə etmədiyi gün ölür- Siz mütaliə edirsinizmi ?

SİNİF RƏHBƏRİ HAQQINDA ƏSASNAMƏ...........

SİNİF RƏHBƏRİ HAQQINDA ƏSASNAMƏ...........

Pedaqoji Sistem Və Idarəetmənin Obyekti

Pedaqoji Sistem Və Idarəetmənin Obyekti

Düzgün qurulmuş müəllim - şagird münasibətləri şagirdlərin təlim marağının artmasında mühüm vasitədir.

Düzgün qurulmuş müəllim - şagird münasibətləri şagirdlərin təlim marağının artmasında mühüm vasitədir.

Orta məktəblərimizin və məktəbşünaslığın aktual və təxirəsalınmaz məsələləri

Orta məktəblərimizin və məktəbşünaslığın aktual və təxirəsalınmaz məsələləri

Şagird nailiyyətlərinin qiymətləndirilməsi konsepsiyası barədə.

Şagird nailiyyətlərinin qiymətləndirilməsi konsepsiyası barədə.

Müəllimin şagirdlərlə ünsiyyət üslubları.

Müəllimin şagirdlərlə ünsiyyət üslubları.

Həqiqi müəllim adını daşıyan insan həmişə......

Həqiqi müəllim adını daşıyan insan həmişə......

Şagirdlərimiz nə fikirləşir?! - Pedaqoji təcrübə

Şagirdlərimiz nə fikirləşir?! - Pedaqoji təcrübə