Müəllimin dördüncü sinif şagirdini döydüyü iddia olunan məktəbin direktoru DANIŞDI
Sabunçu rayonunda yerləşən 310 nömrəli məktəbdə müəllimin şagirdi döyməsi iddiasına məktəb direktoru Rəsmiyə Quliyeva aydınlıq gətirib.
Direktor Oxu.Az-a açıqlamasında ünvanına səslənən iddiaların doğru olmadığını, hadisədən üç gün sonra xəbər tutduğunu və dərhal tədbir gördüyünü vurğulayıb:
“Mənə heç kim müraciət etməyib. Belə hadisə olanda mənə dərhal bildirmək lazımdır. Əgər həmin işi həll etməsəm, onda şikayət edərdilər. Axı o qədər qəddar deyiləm ki, uşaq döyülsün, mən səssiz qalım. Heç kim uşaqlara barmağının ucunu belə vura bilməz. Hadisə cümə günü yaşanıb, mənim isə bazar ertəsi xəbərim oldu. Elə xəbər tutan kimi müəllimə Leyla Niyazovadan izahat alıb xəbərdarlıq elədim. Müəllimə and içir ki, uşağı vurmayıb, sadəcə uşaq bir az nadincdir, dəcəllik edəndə tənbeh edib”.
Rəsmiyə Quliyeva hazırda tərəflər arasında razılıq əldə olunduğunu deyib:
“Dərhal valideynlə də söhbət apardım, hazırda problem həllini tapıb, narazılıq yoxdur. Sadəcə həmin gün axşam saatlarında uşağın atası Əfqan bəy müəlliməyə zəng edib, hərbçidir, deyəsən, bir az Leyla xanımla sərt danışıb, müəllimə də narahat olub, öz növbəsində kəskin cavab verib. Tərəflər qohumdurlar, niyə belə bir gərginlik yaşanıb, bilmirəm, amma artıq heç bir problem yoxdur”.