Məktəbdə biabırçılıq- Müəllim 4-cü sinif şagirdini qulağından qan açılana qədər döyüb- ŞİKAYƏT
Nizami rayonundakı Namiq Həmzəyev adına 238 nömrəli tam orta məktəbdə tükürpədici hadisə yaşanıb. Məktəbin müəllimi Nəzakət Qurbanovanın 4-cü sinif şagirdi Kamran Soltanovun qulağına ağır xəsarət yetirdiyi bildirilir. Nəticədə uşağın qulaq divarı zədələnib.
Aztəhsil.com xəbər verir ki, cebhe.info-ya açıqlamasında Kamranın anası Vəfa Soltanova iddia edib ki, artıq 4 ildir övladı həmin məktəbdə işgəncələrə məruz qalır. Amma bu illər ərzində məktəbin adı çıxmasın deyə şikayətçi olmayıblar:
"4 ildir ki, dözürəm. Amma artıq dözə bilmirəm. Ürəyim parçalanır. İki il əvvəl oğlumun sinif rəhbəri Məryəm müəllim idi. O da şagirdləri döyürdü. Sonra eşitdim ki, uşaqları döydüyünə görə valideynlər tərəfindən məktəbdən kənarlaşdırılıb. Ondan sonra uşağın sinif rəhbəri Nəzakət Qurbanova oldu. Həmin vaxtdan da indiyədək bu müəllim övladıma işgəncələr verir. Səbəb də odur ki, oğlumu Nəzakət müəllimin əlavə hazırlığına yollamıram. O, hər bir uşaqdan yarım saata görə aylıq 50 manat hazırlıq pulu alır. Mən müəllimə dedim ki, həyat yoldaşım rəhmətə gedib, aylıq 161 manat müavinət alıram. Gücüm çatmır ki, 50 manatı verim. Öz problemlərim var. Ondan sonra bizimlə prinsipə düşdü. Yoldaşım iki il əvvəl dünyasını dəyişib. Kamran tək övladımdır. Yeganə övladımı əzab-əziyyətlə böyüdürəm. Keçən il də uşağın cinsiyyət orqanını vurub yaralamışdılar. Ekspertizaya və polisə şikayət edəcəyimi deyəndə Nəzakət müəllim qarşımda diz çökdü, yalvardı ki, məni işdən çıxaracaqlar, getmə...Yenə keçdim”.
Valideyn bildirib ki, bununla bağlı məktəbin direktoru İlqar Talıbova da müraciət edib:
"Mənə dedi ki, bir gün sən mənim başımı ağrıdacaqsan, ömrünün axırına kimi isə mən sənin başını ağrıdaram. Dedi ki, məktəbin adı çıxmasın. Amma indi dözə bilmirəm. Uşağın başına o qədər vurub ki, artıq gözləri də çəpləşib. Üç gün əvvəl də qulağına necə vurubsa, divarı zədələnib, qan açılıb. Əlimdə uşağın döyülməsi ilə bağlı sübutum var. Müəllimin dırnaq izləri uşağımın boynunda, boğazında, sinəsində, qolunda qalıb. Hətta barmağında dəmir xətkeş izləri var. Qaydalarımız, qanunlarımız var ki, valideyn öz övladına əl qaldıranda məsuliyyətə cəlb olunur. Nəinki müəllim ola...”
Valideynin sözlərinə görə, müəllim tək onun övladına deyil, digər şagirdlərə də fiziki zorakılıq göstərir:
"Qulaq çəkmək, başa sillə vurmaq, dəmir xətkeşdən istifadə etmək onun adətidir. Bu insan müəllim adına layiq xanım deyil. İşgəncə ilə bağlı Nizami rayon Polis İdarəsinin 25-ci bölməsinə şikayət etmişəm. Bu məsələnin arxasınca gedəcəyəm. Şikayətimə baxılmasını istəyirəm. Mən həyatımı tək övladım üçün yaşayıram. Ya o müəllimə işindən azad olunmalıdır, ya da məktəbin həyətində özümə xəsarət yetirəcəyəm”.