Tovuzun Qalaboynu kəndində müəllimin şagirdi döyməsi faktı ölkə mətbuatına səs saldı.
Videodan göründüyü kimi, hərbi hazırlıq müəllimi Mövsüm Sadıqov şagirdi küncə sıxışdıraraq döyür, uşağın yalvarmasına belə məhəl qoymur.
Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdiri Cəsarət Valehov bildirdi ki, məsələylə bağlı araşdırmalara başlanıb: ”Həmin məktəbdəki hadisə ilə bağlı komissiya yaradılıb. Hazırda araşdırmalar gedir. Tovuz rayon Təhsil Şöbəsi hadisənin nəticəsi ilə bağlı Təhsil Nazirliyinə və ictimaiyyətə məlumat verəcək”.
Təhsil eksperti
Nadir İsrafilov bildirdi ki, müəllimin uşaq döyməsi məsələsi son zamanlar xüsusilə aktuallaşıb: "Tarixən mollaxanalarda belə faktlar olub. Yüksək texnologiyaların inkişafı, audio-video çəkilişlərin internet səhifələrinə qoyulması bu məsələləri daha artıq gündəmə gətirir. Ona görə də məsələyə birmənalı yanaşılmır. Pedaqogika anlayışında fiziki güc tətbiq etmək metodu yoxdur, tənbeh adlanan bir metod var. Uşağı cəzalandırmaq üçün tənbehdən istifadə olunur. Fiziki güc tətbiq etməyə yol verilmir.
Bu məsələ zaman-zaman gündəmə gəlir, müzakirələrə səbəb olur. Ötən il Təhsil Nazirliyi bu məsələyə ciddi yanaşdı. Bakıda və regionlarda müəllim və valideynlərin iştirakı ilə geniş miqyaslı toplantılar keçirdi. Bu, bir az kampaniya xarakteri daşıdı. Hansısa müəllim kiminsə uşağını döymüşdü və bununla bağlı görüntü yayılmışdı. Orda qeyd edildi ki, belə maarifləndirici tədbirlər müntəzəm aparılacaq. Amma təəssüflər olsun ki, maarifləndirmə Bakıda, Xırdalanda, Sumqayıtda və digər regionlarda keçiriləndən sonra bu məsələlərə də son qoyuldu. Ümumiyyətlə, bu məsələlər daim diqqət mərkəzində olmalı, bununla bağlı iş aparılmalıdır. Bunun bir səbəbi də var. Artıq valideyn-məktəb münasibətləri də texnologiya üzərində qurulur. Məsələn, Sovet dönəmində məktəbin, ailənin, ictimaiyyətin əlbir işi deyilən bir anlayış var idi. Yəni, elə məsələlər var ki, Təhsil Nazirliyinin nəzarətində olan məsələ deyil. Təhsil Nazirliyidə elə də ciddi nəzarət mexanizmləri yoxdur. Ona görə də məktəb, valideyn, ictimaiyyət bu məsələnin üstünə getməlidir.
Müəllimin uşaq döyməsini mən başa düşə bilmirəm. Bəzən müəllimə bəraət qazandırırlar ki, o da insandır, onun da əsəbləri var, müəyyən məsələlərdə gərginləşə bilər. Belə deyil! Müəllimin məharəti, peşə səviyyəsi, peşə fəaliyyəti onu tələb edir ki, o öz əsəblərini cilovlamağı bacarmalıdır. Əsəblərini cilovlaya bilməyən müəllim işləyə bilməz.
Bildiyimiz kimi, məktəbdə psixoloq ştatları da yaradılıb. Əvvəl belə təsəvvür yarandı ki, bundan sonra bəzi məsələlər müəyyən qədər öz yolunu tapacaq. Amma müşahidələrimizin nəticəsində gördük ki, psixoloji xidmət ümidləri doğrultmadı, formal olaraq qaldı. Onların fəalliyəti ancaq müəyyən tədbirlərin materiallarını yığmaqla kifayətlənməkdir. Psixoloqların əksəriyyəti aylıq kursları bitirənlər, kifayət qədər peşəkar olmayan mütəxəssislərdir. Ona görə də bu məsələ də daim gündəmdə olmalıdır.
Uşağın döyülməsi, zor tətbiq edilməsi hadisələri zamanı valideynlərlə müəllimlər, məktəblər arasında ixtilaflar yaşanıb, müəyyən xoşagəlməyən hadisələr baş verib. Hazırda ölkəmizdə müxtəlif mövzularda təlim metodları, kurrikulumlar, testlər, diaqnostikayla bağlı aylıq kurslar təşkil olunur ki, bunların sayı- hesabı yoxdur. Şübhəsiz ki, elə bu təlimlərin birini də müəllim- şagird münasibətlərinə sərf etmək olar.
Bu hallar azalmaq əvəzinə artıq, hələ də qüvvədə qalır. Bu, hələ mətbuata sızan faktlardır. Elə faktlar da var ki, bunu ört-basdır edirlər. Burda müəllimlərə qarşı cəzasızlıq da hökm sürür. Belə faktlar dərhal araşdırılmalı, obyektiv qiymət verilməlidir. İlk siqnal Təhsil Nazirliyindən gəlməlidir. Belə ki, Təhsil Nazirliyi münasibəti ilkin bildirməlidir ki, bu proseslər mətbuatda başqa formada, başqa yöndə istiqamətlənməsin. Çünki hərdən işlər böyüyür və məlum olur ki, əslində fakt başqa aspektdən qaynaqlanıb.
Təhsildə təkcə uşaq döyülməsi faktı deyil, digər pedaqoji işçiyə xas olmayan, eləcə də müəllim –şagird mübasibətlərində xoşagəlməz hadisələrin də şahidi oluruq. Biz bir çox sahədə maariflənmə işlərinə önəm veririk. Hesab edirəm ki, belə neqativ halların da qarşısını almaq üçün maarifləndirmə işlərini gücləndirmək lazımdır”.
Ekspert deyir ki, zorakılığa qarşı Uşaq Hüquqları haqqında Konvensiya var ki, biz də o konvensiyaya qoşulmuşuq. Lakin çox müəllim və şagird hələ də öz hüquqlarını kifayət qədər bilmir:
"Digər tərəfdən Təhsil Nazirliyi tərəfindən Müəllimlərin etik qaydalarına dair sənəd də hazırlanıb. Bundan əlavə ümumtəhsil məktəblərinin nümunəvi nizamnaməsində müəllimlərin və şagirdlərin hüquqları birmənalı şəkildə göstərilib. Göründüyü kimi kifayət qədər rəsmi sənədlərin olmasına baxmayaraq, maarifləndirmə işlərinin aparılması zəruridir. Çünki çoxusu bundan xəbərsizdir. Sovet dönəmində Uşaq hüquqları konvensiyası, ədəb- əxlaq qaydaları məktəblərin foyesində böyüdülmüş şəkildə vurulardı. Şagirdlərə davranışlarına görə qiymət verilərdi. Xüsusi olaraq, əxlaq qiyməti var idi. O cümlədən müəllimlərin hər hansı bir işə keçməsinə görə, onlara xasiyyətnamə verilirdi. Bu məsələlər əvvəlki aktuallığını itirib. Ona görə də belə hadisələrin qaçılmazlığı belə bir vəziyyətə gətirib çıxardıb”.
Təhsil eksperti Kamran Əsədov bildirdi ki, bütün hallarda müəllimin şagirdə qarşı fiziki zorakılıq törətməsi yolverilməzdir: "Bu ilk növbədə, 2014-cü ildə qəbul edilmiş Müəllimlərin etik davranış qaydaları haqqında nizamnamənin tələblərinə ziddir. Bundan başqa Uşaq Konvensiyası da yetkinlik yaşına çatmayan şəxslərə qarşı fiziki cəzaların verilməsini pisləyir. Məsələnin ikinci bir tərəfi odur ki, şagird müəllimi hansı səviyyəyə çatdırıb ki, ali təhsilli, təcrübəli, idarəetmə qabiliyyəti olan şəxs özündən çıxıb şagirdə qarşı bu cür addım atıb. Burda iki tərəfin də günahı var. Mən bütün hallarda şagirdə qarşı zorakılıq və fiziki cəzanın əleyhinəyəm. Lakin unutmaq olmaz ki, bizim milli mentalitetimiz var. Şagirdi döyən müəllim heç də ona cəza vermək üçün hansısa fiziki xəsarət yetirmək üçün bunu etmir. Müəllim öyrədən və tərbiyə edəndir. Bu tələblərin yerinə yetirilməsi üçün bəzi hallarda bəyənilməsə belə, fiziki cəza bəzən son hədd kimi çıxış yoludur. Amma bu döymə icra başçısının jurnalistə yumruq atması kimi, nəqliyyat departamentinin işçisinin taksi sürücüsünü döyməsi kimi, polisin bəzi hallarda kimisə ram etmək üçün sərt şəkildə döyməsi kimi deyil. Necə deyərlər, müəllim öyrətmək, tərbiyə etmək üçün bu yolu son zərurət kimi seçir.
Bilirsiz, bizim məktəb tariximiz son 90 il ərzində dünyəvi xarakter alıb. Bundan əvvəl dini mədrəsələrdə şagirdlər elmə yiyələnirdi ki, burda da cismani yəni fiziki cəza adi hal idi. Hətta belə bir fikir də var idi ki, valideynlər övladlarını mədrəsəyə gətirəndə deyərdilər ki, əti sənin, sümüyü mənim. Yəni müəllim öyrətmək üçün nə lazımdırsa edə bilər. Keçmiş Sovet dönəmində də məktəblərdə müəllimlər bu metoddan istifadə edərək, şagirdlərin elmə sahib olmasına nail olurdu.
Bu halların aradan qaldırılması üçün ilk növbədə müəllimlərin psixoloji cəhətdən təlimlərə cəlb olunması lazımdır. Onlar hansısa şagirdə qarşı bu addımı atanda öz övladlarını onun yerinə qoymalıdırlar. Bu zaman məsələ daha yaxşı formada həllini tapacaq”.
tia.az