Həcər Əliyeva: Müəllim kimi də, qadın kimi də xoşbəxtəm
Əliyeva Həcər Əlinağı qızı Ağcabədidə doğulub. Azərbaycan Pedaqoji Dillər İnstitutunu (İndiki ADU) bitirib. İngilis dili müəllimidir. Hazırda M.F.Axundov adına Ağcabədi şəhər 3 saylı məktəb-liseyinin müəllimidir. 2010-cu ildə Əməkdar müəllim adına layiq görülüb. Öz ixtisasını sevən və şagirdlərə də sevdirməyi bacaran Həcər müəllimlə söhbəti təqdim edirik.
– Xoş gördük, Həcər müəllim
– Xoş gördük
– Bir vaxtlar siz mənə suallar verər, cavab gözləyərdiniz. Bu gün isə əksinə olacaq. Necə hissdir bu? Filkirləriniz maraqlıdır.
– Mənim üçün çox maraqlı və qürurvericidir ki, bir zamanlar dərs keçdiyim, verəcəyim sualı həyəcanla, çəkinərək gözləyən, cavablandıran birinin qarşısında əyləşib indi onun suallarını cavablandırıram. Müəllimi olduğum şəxsin məndən müsahibə alması bir daha deyirəm, qürurverici hissdir. Şəxsən mən həmişə sizinlə fəxr edirəm.
– Müəllimim olduğunuz üçün bilirəm ki, ingilis dili ilə bərabər Azərbaycan dilini də gözəl bilirsiniz. Yəni şəxsən mən müqayisəli şəkildə izah olunmasa hər hansı xarici dili öyrənməkdə əziyyət çəkərəm. Amma siz ingilis dilini mənə sevdirməyi bacardınız. Maraqlıdır, bəs sizə kim sevdirmişdi bu fənni? Niyə başqa ixtisas yox, məhz ingilis dili müəllimi olmağı istədiniz?
– Mənim Azərbaycan dili müəllimim Ağcabədidə çox hörmət qazanmış Sara müəllim olub. Hətta respublika səviyyəsində tanınan məşhur bir müəllim idi. Bünövrəni o qoyub. Elə Sara müəllimi tanıdığım ilk gündən mən dilçi olmaq fikrinə düşdüm. İstədim ki, onun kimi savadlı olum, vətənə layiq şagirdlərin yetişməsində mənim rolum olsun, həyatda iz qoymağı bacarım.
– Maraqlıdır ki, peşəsindən, sənətindən asılı olmayaraq, rayonumuzda sizin yaşlarda olan insanların əksəriyyəti məktəb illərindən danışanda mütləq Sara müəllim xatırlanır. Demək ki, yaxşı müəllim heç vaxt unudulmur. Nə qədər illər keçsə də adı çəkilir, qəlblərdə yaşayır.
– İnstitutda I kursda oxuyanda sərbəst iş ətrafında seminar idi. Tağızadə soyadlı məşhur professor var idi. Mənə yaxınlaşdı, dedi ki, qızım, sizdə mən xüsusi bir qabiliyyət görürəm. Sizin Azərbaycan dili müəlliminiz kim olub? Dedim Sara müəllim…. Yəni dil bilgimə Sara müəllimin böyük təsiri olmuşdu. Və bu, ali məktəbdə də diqqət çəkmişdi. Sonralar məni institutda saxlamaq istədilər, amma razı olmadım. Atam da istəmədi… Təsəvvür edin, rayonumuzdan yeganə xarici dil müəllimi mənəm ki, ali məktəbi qırmızı diplomla bitirmişəm.
– Bir müddət məktəb direktoru işlədiniz. Açığı, çox adam buna təəssüf etdi ki, biz o vəzifəyə görə yaxşı bir ingilis dili müəllimindən əl çəkməli olacağıq. Bəs sizcə necə oldu? Vəzifə sizi öz sənətinizdən soyutdumu?
– Mən deyərdim ki, yox. Çünki direktor işlədiyim müddətdə, işlərimi yekunlaşdırıb gec də olsa məktəbimizin, rayonumuzun savadlı, istedadlı şagirdləri ilə gecə də olsa məşğul olurdum. Arzu Məmmədzadə var idi, 700 bal toplamışdı. Bax onun istedadını mən görürdüm, gələcəyinə çox inanırdım, ingilis dilindən özüm fərdi məşğul olurdum. Bu uşaqlardan məktəbi qırmızı attestatla bitirənlər də var idi. Amma ümumilikdə bəli, dediyiniz kimi, mən özümü vəzifədən daha çox sadəcə müəllimlik fəaliyyətində görürdüm və buna görə də, öz istəyimlə direktorluqdan uzaqlaşdım. Doğru deyirsiniz, mən direktor olanda bu sözü mənə bir çox ziyalılarımız dedilər ki, siz müəllim kimi qalsaydınız daha yaxşı olardı… Həqiqətən də, mənim üçün bu iş daha şərəflidir.
– Səhv etmirəmsə, siz həm də çapa bir kitab hazırlayırdınız. Zəhmət olmasa bu haqda məlumat verərdiniz.
– Uşaqların bu dili daha yaxşı qavraması üçün vəsait tərtib etmişəm. Amma təəssüf ki, hələ kitab şəklində çıxmayıb. Sponsor olsa çap etdirmək olar. Amma hələ çap olunmasa da hazırda istifadə olunur. Bir çox repititorlar ingilis dilinin qrammatikasını abituriyentlərə məhz mənim tərtib etdiyim o vəsait hesabına öyrədir.
– Dediyiniz kimi, kitab hələ çap olunmayıb. Nə yaxşı icazə verirsiniz belə yayılmasına, istifadəsinə?
– Doğrusu, əvvəllər icazə vermirdim. Amma sonra düşündüm ki, az ömrümüzdə bu da bir savabdır. Deyir bir saat elm öyrətmək 70 ilin ibadətinə bərabərdir. Hərə bu dünyada bir iz qoyur gedir. Müəllimin də insanlara verə biləcəyi nədir, əlbəttə bilikdir. Qoy istifadə etsinlər, bəhrələnsinlər.
– Kitabın çapı üçün təxminən nə qədər pul vəsaiti lazımdır?
– Hardasa 2000 manat.
– Əmək fəaliyyətiniz rəngarəngdir. Sorağınızı çox yerdən almaq olur. Necə olur ki, bu qədər işi çatdırısınız?
– Mən əmək fəaliyyətimə 1 saylı orta məktəbdə başlamışam. Özümün təhsil aldığım məktəbdə. Orada işlədiyim müddətdə Ağcabədiyə Amerikanın İnkişaf və Yardım Təşkilatı gəldi, orada 4 rayon üzrə müsabiqə elan olundu, mən də iştirak etdim. Baxmayaraq ki, yüksək maaşı da vardı, əslində ilk təklif olunanda istəmirdim. Xarici təşkilatla işləmək o vaxt mənə qəribə gəlirdi. Deyirdim hərə bir söz deyəcək. Amma onlara məhz mənim namizədliyimi verən bir tələbəmin valideyni çox təkid etdi. Həyat yoldaşım da dəstək oldu. Nəhayət razılaşdım və beləliklə, 6 il həmin təşkilatda test və müsabiqə üsulu ilə müəllim işlədim. Sonra xaricilər getdilər, doğrusu həmin təşkilatın sonrakı fəaliyyət məni qane etmədi, oradakı işimlə vidalaşdım. 5 il kollecdə işlədim. Bundan sonra şəhər 3 saylı tam orta məktəbində lisey yarandı. Məktəbin o vaxtkı direktoru Tofiq Zeynalov məni liseyə dəvət etdi. Həm də çox təkid etdi. Dedi sizin sorağınıza çox uşaq toplaşacaq. Mən valideynlərə demişəm ki, uşaqlarınıza Həcər müəllim dərs deyəcək , filan… Beləliklə, mən o vaxtdan şəhər 3 saylı məktəb-liseyində ingilis dilini tədris edirəm. Sonra bir müddət Azərbaycan Müəllimlər İnstitutunun Ağcabədi filialında da işlədim. Məni filialın direktoru, professor Xəqani Məmmədov dəvət etmişdi.
– Hazırda Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialında da işləyirsiniz deyəsən?
– Bəli. Bilirsiniz, dəyərli insanları elə dəyərli şəxslər axtarar. Çox dəyərli,çox hörmətli insan, filialın direktoru Mobil Məcidov da məni burada işləməyə dəvət etdi. Etimad göstərdi.. Mən də əlimdən gələni edəcəm ki, göstərilən etimadı doğruldum.
– Bilirəm ki, öz üzərində işləyən, daim yeni nə isə öyrənməyə çalışan müəllimsiniz. Gənc müəllimlərə tövsiyəniz nə olardı?
– Gənc müəllimlərə tövsiyə edirəm ki, çətinlikdən qorxmasınlar. Həmçinin müəllim adını şərəflə, ləyaqətlə daşımağı bacarsınlar. Bilmədiklərini axtarıb öyrənsinlər. İndi elm, texnologiya elə inkişaf edib ki, hər sahədə, hər yerdə məlumat bolluğu var. Axtarsınlar, öyrənsinlər, öz üzərlərində çalışsınlar. Belə olduqda həm ictimaiyyət içində, həm kollektivdə, həm də valideynlər arasında böyük nüfuzları, hörmətləri olar… Həyatda iz qoymağı bacarsınlar. Gündəlik dərs keçib getməklə işlərini bitmiş hesab etməsinlər. Vicdanlı olsunlar. Valideynlər uşaqlarını biz müəllimlərə etibar edir. Ona görə də uşaqların taleyinə biganə yanaşmaq olmaz…
– Əslində sualımı burada bitirmək istəyirdim, amma söhbət valideynlərdən düşdüsə, daha bir sual vermək istərdim. Uğurlu, fədakar müəllim olmaqla yanaşı, siz həm də bir xanım, bir anasınız. Bəs qadın kimi, ana kimi özünüzü xoşbəxt hesab edirsinizmi?
– Bəli. Çox xoşbəxtəm. Mən elə müəllim kimi də, qadın kimi də xoşbəxtəm. Əvvəla, ona görə xoşbəxtəm ki, deyir Allah sevdiyi bəndəsinə xüsusi istedad, qabiliyyət verər. Çox şükür ki, mənə də bu qabiliyyəti verib.
İkincisi, mən təhsildə öz sözümü demiş müəllim kimi xoşbəxtəm. Övlad hesab etdiyim çox sayda yetirmələrim var. Respublikamızda və respublikamızdan kənarda bir çox idarə, təşkilat və müəssisələrdə onları görmək olar.
Ana kimi də xoşbəxtəm. 3 övladımın üçü də ali təhsillidir. Qızım Sevinc mənim sənətimi davam etdirir. Böyük oğlum Emin iqtisadçıdır. Hazırda Ağcabədi Rayon Statistika İdarəsində işləyir. Kiçik oğlum Ramin isə bizneslə məşğuldur.
– Həcər müəllim, dəyərli vaxtınızı ayırdığınız, müsahibə verdiyiniz üçün minnətdarlığımı bildirir və sizin simanızda bütün müəllimlərimizi peşə bayramı münasibətilə bir daha təbrik edirəm.
– Minnətdaram, siz sağ olun ki, müəlliminizi heç vaxt unutmursunuz.
Söhbətləşdi: Məhsəti Musa