Gənc qəhrəmanımız orta məktəbin direktoru təyin olunub.
Bu gənc qəhrəmanımız Lerik rayonunun Hamarat kənd tam orta məktəbinin direktoru təyin olunub. Təhsil Nazirliyinin Lənkəran - Astara Regional Təhsil İdarəsinin bu seçimi bütün el-obamızın, xüsusilə övladları bu məktəbdə oxuyan Hamarat, Bradi, Dızdipok, Daster kənd sakinlərinin hədsiz sevincinə səbəb olub. Çünki, Mirəhməd Ağayev bu vəzifəyə ən uğurlu, ən layiqli, ən ləyaqətli namizəd idi.
Mirəhməd Ağayev Azərbaycanımızın dilbər guşələrindən biri olan Lerikin Dızdipok kəndində ziyalı ailəsində anadan olmuş, Hamarat kənd orta məktəbini bitirmiş və Lənkəran Dövlət Universitetində Riyaziyyat və informatika ixtisası üzrə ali təhsil almışdır. Naxçıvanda Milli ordu sıralarında xidmət etmişdir. Mirəhməd müəllimin də daha rahat yaşayış və iş yeri seçmək imkanı olsa da, o, doğma el-obasını tərk etmədi və rayonun Küsəkəran kənd ümumi orta məktəbində riyaziyyat və informatika müəllimi kimi əmək fəaliyyətinə başladı. Kənd uşaqları yaxşı bilir, şəhər uşaqları üçün bəlkə bu fikirlərim də maraqlı olar. Əslində, kənd uşaqları əmək fəaliyyətinə təxminən 5-6 yaşlarından başlanır.
Yəni, həmin yaşdan artıq ailə təsərrüfatlarında bəzi işləri görürlər, toyuq-cücəni, qazı-ördəyi apar-gətir, yedizdir-içizdir – tapşırıqlarını icra edirlər. Bir az böyüyəndən sonra quzulara, buzovlara baxmaq, daha sonra qoyun-keçi, qaramala baxmaq üzrə “ixtisaslaşır”, bağ-bostanda əkin-yığım işlərinə yardımçı olurlar. Orta məktəbin son siniflərində oxuyan uşaqlar isə əməlli-başlı təsərrüfat işlərində çalışır, ailə təsərrüfatında ot, odun tədarükündə valideynlərin ən etibarlı yardımçıları olurlar. Mirəhməd müəllim də öz halal zəhməti ilə dolanan bir ailədə böyüdüyündən kənd həyatının hər bir çətinliyinə dözmüş, ailəsinin çətin anlarında ailənin, valideynlərinin dayağı olmuş, eyni zamanda mükəmməl təhsil almağı da unutmamış, dünyanın ən şərəfli peşəsini seçmişdir.
Mirəhməd müəllim daha sonra B.Dövlətov adına Vılık kənd ümumi orta məktəbində, hamarat kənd tam orta məktəbində çalışmışdır. 2017-ci ildən isə rayonun ən böyük kəndlərindən biri olan Çayrudda M.Ziyadov adına ümumi orta məktəbində riyaziyyat və informatika müəllimi kimi fəaliyyətini davam etdirmişdir.
2020-ci ilin sentyabr ayının 20-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik rayon şöbəsindən gələn ilk telefon zənginə Mirəhməd müəllim şöbəyə gəldi və yenidən əsgər paltarı geyinərək elə həmin gün hərbi təlim-toplanış mərkəzinə göndərildi. Düşmənin 27 sentyabr təxribatına qədər Mirəhməd müəllim artıq bir həftə idi ki, hərbi təlimdə idi və elə müharibənin ilk günündə kəşfiyyatçı kimi Füzuli istiqamətində döyüşə atıldı. Onun döyüş yolu Şuşa zəfəri ilə bitdi. Mirəhmət müəllim bir kəşfiyyatçı kimi Şuşaya ilk daxil olan igidlərimizin sırasında idi.
Mirərhməd müəllimin döyüş yolu onun həyatının ən şərəfli səhifəsidir və özü nə vaxtsa müharibə xatirələrini qeydə alıb paylaşacaq. Burada mən müharibə dövründə Mirəhmad müəllim və atası Mirağa müəllimlə telefon danışıqlarımda eşitdiyim və əbədi yaddaşıma yazılan bir fikri sizlərlə bölüşmək istəyirəm. İki aztaşlı övladını, yüksək qan təzyiqindən əziyyət çəkən anasını evdə qoyub ilk telefon zəngi ilə dərs dediyi rahat sinif otağını döyüş meydanına dəyişən, ailənin yeganə oğul övladı olan Mirəhməd müəllimin valideynlərinin hansı həyəcan və narahatlıq keçirdiyini yaxşı bildiyimdən atası Mirağa müəllimə tez-tez zəng edir, ona mənəvi dəstək olmağa çalışırdım.
Açığı, Mirağa müəllimin 3 yaşlı nəvəsi Mirsəidin tez-tez babasına verdiyi suallar: ata nə vaxt gələr? Ata məni daha istəmir və s tipli sualları qarşısında aciz qalması məni çox üzürdü. Çünki, mən də bu sualların cavabını dəqiq bilmirdim. Telefon danışıqlarımızın birində Mirağa müəllim Mirəhməd müəllimin bir gün əvvəl zəng etdiyini, işlərin yaxşı getdiyini, orduda böyük ruh yüksəkliyi və qələbəyə böyük inam olduğunu qeyd etdiyini mənə dedi. Mən soruşdum ki, görəsən qida, geyim təminatı necədir? Dedi ki, Mirəhməd hər çətinliyi görmüş, dözümlü uşaqdır. Nə geyim, nə də qidalanma ilə bağlı heç vaxt gileylənmir, amma özüm tapşırmışam ki, düşmənin heç nəyinə əl vurma, hətta ac qalsan belə düşmən malına əl uzatma, onlardan götürülmüş qənimət ərzağı heç dilinə vurma. Bizə haram düşmür. Mən ona iradımı bildirdim ki, sən uşağa niyə elə qadağa qoyursan, axı bilmirsən, o, hansı çətin vəziyyətlərə düşür. Bir də ki, qənimət niyə haram olur ki? Hətta, peyğəmbərimizin iştirak etdiyi döyüşlərdə qənimətlər əldə olunub və döyüşçülər ondan istifadə ediblər. Mirağa müəllim konkret dedi ki, kim istifadə etsə də, bizə olmaz, haramdır.
Bir müddət sonra nəhayət ki, mənim də Mirəhməd müəllimlə danışmaq şansım oldu. Danışıq müddətimiz çox qısa olsa da, mən hər şeylə maraqlanmaq istəyirdim və ondan da ərzaq və geyim təminatı ilə bağlı vəziyyəti soruşdum. Mirəhməd müəllim dedi: “Əmi narahat olma, hər şey yüksək səviyyədədir. Bütün xalqımız bu müharibədə iştirak edir və hər kəs orduya yardımçı olmağa çalışır. Könüllülərin orduya dəstəyi misilsizdir.” Mən ona atasının tövsiyyəsini xatırlatdım. Dedi: “Əmi, şükür Allaha düşmən malına ehtiyacım olmayıb, heç əlim də dəyməyib. Həm də, atamın sözü mənim üçün qanundur!” Böyük Yaradanımıza, uca Allahımıza min şükürlər olsun ki, müharibə qələbəmizlə bitdi və Mirəhməd müəllim sağ-salamat doğmalarına, el-obasına qovuşdu. Bu gün igid müəllimimizin döşündəki medallar hər birimizə fəxr və qürur hissi yaşadır.
Mirəhməd müəllimin 10 il təhsil aldığım, mənə öz evim qədər doğma olan məktəbə direktor təyin olunması xəbərini eşidəndə ilk olaraq 44 günlük odlu-alovlu, qanlı-qadalı zəfər müharibəsi zamanı Mirağa müəllimlə, Mirəhməd müəllimlə yuxarıda qeyd etdiyim danışıqları xatırladım. Zatən, Mirağa müəllimi halal, ideal dərəcədə saf, bir paklıq, düzlük, dürüstlük mücəssəməsi kimi tanıyırdım. Bir kənddə böyümüş, eyni vaxtda orta və ali məktəbdə oxumuş, tələbə yataqxanasında birgə qalmışdıq. Eyni ilə Mirəhməd müəllimin də atası kimi ideal saf bir gənc olmağına çox sevinirəm və bu təyinata bütün el-obamızın ən azı mənim qədər sevindiyinə əminəm.
Öz adımdan, mənə yaxın olan insanların adından Təhsil Nazirliyinə bu doğru, ədalətli, uğurlu təyinatına görə dərin minnətdarlığımı bildirirəm. Təkcə Təhsil Nazirliyində deyil, bütün idarəçilik strukturlarında indiki zamanda Mirəhməd müəllim kimi mənəvi cəhətdən sağlam, halalı haramdan, yalanı doğrudan, əyrini düzdən ayıra bilən şəxsiyyətlər vaxtında irəli çəkilməlidir, onlara bacarıqlarına, intellektual səviyyələrinə, idarəetmə potensialına uyğun vəzifələr etibar olunmalıdır. Onda ölkəmizin iqtisadi inkişafı, sosial ədalət prinsipi təmin olunar, insanların maddi rifah halı yaxşılaşar, vətənimiz daha da gözəlləşər, təkcə regionun deyil, dünyanın seçilən ölkələrindən olar.
Sonda Hamarat kənd tam orta məktəbinin müəllim kollektivinə, bu məktəbin bütün yetirmələrinə səslənirəm: Hamılıqla Mirəhməd müəllimə dəstək olaq, ona məktəbimizdə sağlam tədris-təlim mühiti yaratmaqda kömək edək. Əminəm ki, Mirəhməd müəllimin bacarığı, yüksək təşkilatçılıq və idarəetmə qabiliyyəti sayəsində məktəbimizin uğurları artacaq və hamılıqla sevinmək şansımız olacaq.
Feyruz Şivəxanov