İşə qəbulla bağlı qaydaların dəfələrlə dəyişdirilməsi təhsil sahəsində neqativ halların baş verməsinə səbəb olur
Deputat: “Hüquqi cəhətdən cəza olmalıdır ki, digər məktəb direktorlarına görk olsun”
Azərbaycanda son illər təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəb direktorlarının, digər rəhbər şəxslərin dəyişdirilməsi, imtahanla seçilməsi prosesi gedir. Ancaq xüsusilə direktorlarla bağlı məsələ həllini tapmır və bunun dərin səbəbləri olduğu üzə çıxır.
Qısa araşdırmalarla üzə çıxır ki, bir çox məktəb direktorları, direktor müavinləri iri məmurların qohumları, yaxınlarıdır və onlar məktəblərə rüşvət, pultoplama məkanı kimi baxırlar. Yəni kiminsə adamı məktəbə dolayı yollarla rəhbər gətirilir və topladıqlarından ona da faiz verir.
Düzdür, bəzi məktəblərin direktorları dəyişdirilib, normal kadrlar gətirilib. Amma vaxtaşırı üzə çıxan səs yazıları, rüşvətxorluq və digər neqativlərə dair faktlar göstərir ki, vəziyyət kifayət qədər ciddidir. İki gündür Sumqayıtdakı 32 saylı məktəbdəki rüşvət məsələsi sosial şəbəkələrdə müzakirə olunur, digər məktəblər haqda da faktlar açıqlanır. Müəllimlərdən pul tələb edən direktor Esmira İbrahimova vəzifəsindən azad olunub.
Daha bir hadisə də problemə diqqət çəkib. Belə ki, qazi polkovnik-leytenant Elşən Umarov övladının 227 saylı tam orta məktəbdə təhsil alması üçün müraciət etsə də, bu mümkün olmayıb: "Təəssüf ki, müharibə iştirakçısı olduğumu deyəndə mənə “burada şou göstərmək lazım deyil” kimi yersiz, təhqiredici ifadə işlətdi. Bu münasibət zabit heysiyyətimə toxundu". Nəticədə direktor şagirdi məktəbə qeydiyyata almaqdan imtina edib.
Bəşarət Məmmədov
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat katibi Bəşarət Məmmədov bildirib ki, sözügedən problemlə əlaqədar qazi polkovnik Elşən Umarovla BŞTİ rəhbərliyi arasında görüş keçirilib. Valideynin seçimi ilə qazinin övladı yaxınlıqdakı digər məktəbdə qeydiyyata alınıb: “Vətən müharibəsi iştirakçısı, qazi polkovnik Elşən Umarovun övladının təhsilini davam etdirməsi üçün Bakı şəhəri 227 nömrəli tam orta məktəbə müraciəti zamanı məktəb direktoru Sevinc Hüseynova tərəfindən ona qarşı kobud rəftar edilməsi ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən araşdırma aparılıb. Araşdırmanın nəticələrinə əsasən, məktəbin direktoru Sevinc Hüseynovaya əmək fəaliyyəti zamanı yol verdiyi nöqsanlara, vətəndaş qəbulu qaydalarına uyğun vəzifə funksiyalarını düzgün yerinə yetirmədiyinə, "Müəllimlərin etik davranış qaydaları"nın tələblərini pozduğuna və müəllim nüfuzuna xələl gətirən hallara yol verdiyinə görə intizam tənbehi kimi töhmət verilib.
Qeyd edək ki, sentyabrın 19-da BŞTİ rəhbərliyi qazi polkovnik Elşən Umarovla görüşüb və övladının təhsili üçün yaradılmış şəraitlə bağlı söhbət aparılıb.
Məktəbin, müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi hər zaman diqqət mərkəzində saxlanılır.
Ekspertlər bildirirlər ki, məktəbdə təhsilin səviyyəsinin yüksəldilməsi, tərbiyəvi mühitin yaranması direktordan birbaşa asılıdır. Əgər direktor müəllimlərdən, müəllimlər valideynlərdən pul tələb edəcəksə, burada hər hansı normal vəziyyət yaranmayacaq.
Araşdırmalar zamanı üzə çıxır ki, belə direktorların əksəri uzun illər öncə imtahansız, dolayı yollarla məktəbə rəhbər gətiriliblər. Bir çoxlarının hətta direktor vəzifəsinə təyinatı yoxdur, müvəqqəti əvəzedici adı altında uzun illərdir post tuturlar.
Ceyhun Məmmədov
Millət vəkili Ceyhun Məmmədov “Yeni Müsavat”a bildirdi ki, yol verilən nöqsanların bəziləri ictimailəşsə də, bəziləri gizli saxlanır, odur ki, baş verə biləcək bütün neqativ halları nəzərə alaraq, direktor seçimində diqqətli olmaq lazımdır: “Direktorların imtahandan keçməsi yetərli deyil. Söhbət bir nəfərin yüzlərlə insanı idarə etməsindən gedir. Kifayət qədər biliyi, savadı yoxdursa, şəxsi keyfiyyətləri qaneedici səviyyədə deyilsə, nöqsanlar qaçılmazdır. Kifayət qədər təcrübəsi olmayan şəxslərin direktor təyin olunması da doğru deyil. Bilik təcrübə ilə vəhdət təşkil edərsə, idarəçilik uğurlu olar. Eyni zamanda tapşırıqla direktor təyinatı da yolverilməzdir”.
Millət vəkili hesab edir ki, yol verilən nöqsanlarda cinayət tərkibi varsa, mütləq hüquqi müstəvidə cəza tətbiq edilməlidir: “Kimsə rüşvət alır, nəticədə, sadəcə, işdən azad olunursa, bu doğru deyil. Hüquqi cəhətdən cəza olmalıdır ki, digər məktəb direktorlarına görk olsun. Digər tərəfdən, cəmiyyətdə mütləq vətəndaş mövqeyi, ictimai qınaq olmalıdır. Neqativ halları ictimailəşdirməkdən çəkinmək lazım deyil, aidiyyəti qurumlar qarşısında məsələ qaldırılmalıdır. Bütün məktəb direktorları yenidən yoxlanmalıdır. Elm və Təhsil Nazirliyinin nəzarət şöbəsi var. Hesab edirəm ki, gələcəkdə belə halların baş verməməsi, təhsilimizin daha da gözdən düşməməsi üçün bütün məktəb direktorları yoxlanmalıdır, onların fəaliyyəti təftiş edilməlidir. Nə zamansa təsadüfi yollarla məktəbə rəhbər təyin olunan şəxslərlə bağlı araşdırma aparılmalı, tədbir görülməlidir. Hələ məktəblərə ticarət obyekti kimi baxan məktəb direktorları var. Onları müəyyənləşdirmək, işdən uzaqlaşdırmaq və cinayət tərkibi varsa, cəzalandırmaq lazımdır. Təhsildə rüşvət ola bilməz. Təhsildə rüşvət bizi məhv edir. Təhsil və rüşvət sözləri yan-yana işlənə bilməz”.
Nadir İsrafilov
Təhsil eksperti Nadir İsrafilov isə qeyd etdi ki, müstəqillik qazanandan sonra bir müddət məktəb direktoru seçimi kollektivin təqdimatı ilə oldu:
"Məktəb direktorlarına təyinat zamanı bir müddət bu faktor da nəzərə alınıb. Mən seçimin bu şəkildə edilməsini dəstəkləyirdim. Lakin bu cür seçim də istənilən nəticəni vermədi. Hazırda təyinat mərkəzləşmiş qaydada həyata keçirilir. Bu isə namizədlərin yalnız nəzəri biliklərini üzə çıxarır. Eyni zamanda qeyd etmək lazımdır ki, əsas yük direktor müavinlərinin üzərinə düşür. Məktəb direktorlarına təyinat zamanı bir müddət bu faktor da nəzərə alınıb. Mən seçimin bu şəkildə edilməsini dəstəkləyirdim. Lakin bu cür seçim də özünü doğrultmadı. Direktorun nüfuzu, təcrübəsi olmalıdır. Kollektivin də direktora bələd olması məqsədəuyğun olar. Hesab edirəm ki, təhsil sahəsində müəyyən məsələlərlə bağlı vacib qərarlar qəbul ediləndə ictimai müzakirələr keçirilməlidir. Müəllimlərin, direktorların işə qəbulu ilə bağlı qaydalar dəfələrlə dəyişib. Bu da təhsil sahəsində neqativ halların baş verməsinə səbəb olur".“Yeni Müsavat”