AzTehsil.com


Xəbərlər / Müəllim
19 sentyabr 2022
2 765


Doqquzuncuların ingilis dili və riyaziyyatdan zəif nəticələr göstərməsi nə ilə əlaqədardır?




Bakıda IX sinif şagirdləri buraxılış imtahanlarında riyaziyyat və ingilis dili fənlərindən zəif nəticə göstəriblər. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva təhsil işçilərinin sentyabr konfransında aşağı göstəricinin, əsasən, 4 rayonu - Sabunçu, Qaradağ, Xəzər və Pirallahı rayonlarını əhatə etdiyini bildirib.


Bəs, görəsən, uşaqların riyaziyyat və ingilis dilindən zəif nəticələr göstərməsi nə ilə əlaqədardır?


“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.


Bir qisim insanlar DİM-in IX sinif üzrə təqdim etdiyi imtahan modelində anlaşılmazlıqlar olduğunu qeyd edir. Belə ki, tərtib edilən sualların ildən-ilə ağırlaşdığını, dərsliklərin yararlı olmamasını, qüsurların mövcudluğunu, şagirdlərin hazırlıqsızlığını, repetitorluğun kütləviləşməsini, o cümlədən pandemiya vaxtı onlayn təhsilin fəsadlarını qeyd edirlər.

İmtahan keçirildiyi ərəfədə valideyn və müəllimlərin DİM-in modelinə əsasən IX siniflərin buraxılış imtahanının suallarının XI siniflərə nisbətdə daha çətin olmasını sosial şəbəkələrdə narazılıqla müzakirə etmələri də uzaq tarix deyil. 


Mövzu ilə bağlı Dövlət İmtahan Mərkəzinə (DİM) ünvanladığımız suala verilən cavab konkret oldu:


“2022/2023-cü tədris ili üçün həm tələbə qəbulu, həm də ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinin geniş elmi-statistik təhlili tam başa çatdıqdan sonra, həmişə olduğu kimi, bu il də “Abituriyent” jurnalının 12 nömrəli buraxılışında ictimaiyyətə təqdim olunacaq”. Xatırladaq ki, DİM-in 2021-ci il buraxılış imtahanları ilə bağlı mövqeyi qurumun rəsmi saytında “2021-ci ildə buraxılış imtahanlarında hər bir imtahan zonası üzrə tərtib edilmiş testlər çox yüksək etibarlılıq xassəsinə malikdir. DİM buraxılış imtahanlarında şagirdlərə təqdim olunan testlərin məzmununu elə layihələşdirmişdi ki, aşağı və orta qabiliyyətlərin ölçülməsində maksimal dəqiqlik təmin edilsin”- deyə qeyd edilib.


IX siniflərdə dərs deyən müəllimlər səslənən iradlarla, əsasən, razıdırlar. Bir neçə ildir ki, ölkəmizdə buraxılış imtahanlarının yeni qaydalara əsasən keçirildiyini deyən Cəbrayıl rayon Tatar kənd tam orta məktəbin riyaziyyat müəllimi Murad Rəsulzadə qeyd edib ki,  buraxılış imtahanlarında ana dili və ingilis dili fənni üzrə müsbət irəliləyişlər olsa da, riyaziyyat fənnində geriləmə müşahidə olunur:


“Bunun da bir çox səbəbləri var. İlk növbədə şagirdlərin tədris proqramları çox ağırdır. Nümunə olaraq, 9-cu sinifdə təhsil alan şagird 17 müxtəlif fənn keçir. Hər şagirdin bu fənlərdən, xüsusilə də riyaziyyat kimi ağır fəndən yüksək nəticələr göstərməsi, təbii ki, mümkün deyil. Fikrimcə, fənn materiallarının yüngülləşdirilməsi, ümumi tədris saatlarının azaldılması şagirdlərin xeyrinə ola bilər”.


M.Rəsulzadə şagirdlərin riyazi bacarıqlarının zəif olmasının digər bir səbəbini müəllimlərin şagirdlərə yanaşma tərzi ilə əlaqələndirir:


“Bəzən müəllimlər şagirdin ona veriləcək informasiyanı dərk etməyəcəyi düşüncəsi ilə onu diqqətdən kənarda qoyurlar, dərsdə aktiv şəkildə iştirakını təmin etmirlər. Nəticədə, şagirdin fənnə qarşı olan-qalan marağı da ölür”.


M.Rəsulzadə hesab edir ki, müəllimlər nəticəsi orta və zəif olan şagirdləri xüsusi diqqətdə saxlamalı, onları motivasiya etməli, təlim-tədris prosesini elə qurmalıdırlar ki, şagirdlər minimum nəticəni əldə edə bilsinlər:


“Tədris prosesində qiymətləndirmə alətlərinin müəllimlər tərəfindən düzgün seçilməməsi də şagirdlərin nəticəsinə təsir edən amillərdəndir.  Bir çox hallarda müəllimlər məktəbdaxili qiymətləndirmədə, əsasən, qapalı tipli suallardan istifadə edirlər. Bu halda şagirdlər daha çox qapalı tipli tapşırıqlara öyrəşir, açıq tipli sualları həll etməkdə çətinlik çəkirlər. Həmçinin bu halda ən zəif şagird belə variant seçməklə yüksək qiymət ala bilər. Buna görə də hesab edirəm ki, məktəbdaxili qiymətləndirmələr, monitorinqlər aparılarkən şagirdlərə qapalı suallarla yanaşı, həlli tələb olunan açıq tipli suallar da təklif edilməlidir”.


İngilis dili müəllimi Aynur Axundova oxşar problemlərin regionlarda da olduğunu qeyd edib:


“Regionlarda maddi-texniki bazanın zəifliyindən çox, dərsliklərlə bağlı problemlər daha çoxdur. İbtidai siniflərə həftədə bir saat ingilis dili dərsi keçirilir. Həmin dərsliklər bir-biri ilə əlaqəli deyil. Həftədə bir dəfə müəllimi görən uşağın qavramasında soyuqluq yaranır və qavrayışı zəifləyir”.


A.Axundovanın sözlərinə görə, tədrisin ingilis dilində aparılmaması da maneələr yaradır:


“9-cu sinif dərsliyi ilə 5-ci sinif dərsliyi arasında heç bir əlaqə yoxdur. 9-cu sinif dərsliyi 10-11-ci sinif səviyyəsindədir. Hazırda dərslərin dinləməsi (Listening) ilə bağlı problemlər var. Hər otaqda audio cihazlar yoxdur. I və II siniflər üçün İngiltərədə tədris edilən “Happy Campers” kitabı verilib. “Bizə aidiyyəti yoxdur”- deyə bir çox müəllimlər o dərslikdən imtina edir. Bu tədris ilində həmin dərslikləri 3-cü sinfə də göndərəcəklər. Bu yenilik müsbət deyil”.


A.Axundova qeyd edib ki, ingilis dili dərsliklərində qrammatika bərbaddır:


“İngilis dilinin qrammatikasını, lüğət bazasını uşaq məktəbdə öyrənmirsə, məcbur olub repetitor yanına gedir, əlavə kitablardan dərs keçir. Şagird dərsdə başqa dərslikdən, hazırlıqda başqa dərslikdən öyrənir. Nəticədə, imtahandan zəif göstərici yaranır”.


A.Axundova hesab edir ki, şagirdlərimiz üçün ingilis dili dərsliyi onların məntiqinə uyğun olaraq və səviyyələrin (level) ardıcıllığı gözlənilməklə öz mütəxəssislərimiz tərəfindən tərtib edilməlidir.


Təhsil eksperti Qoşqar Məhərrəmov şagirdlərin hazırlıqsızlığı ehtimalını irəli sürüb:


“Pandemiyanın təsirləri hələ də davam edir. Hazırda buraxılış imtahanına daxil olan şagirdlər iki il pandemiya dövründə təhsil alıblar. Onların akademik bilik qalasında boşluqlar var. Ona görə də bu qalanın tam olması üçün dəstəyin göstərilməsi vacibdir. Ötən il əyani tədris təmin olundu. Amma bu, tezliklə aradan qaldırılacaq bir boşluq deyil”.


Əgər IX siniflərlə bağlı problem bu il yalnız Bakı şəhərindəki 4 rayonu əhatə edirsə, gələcəkdə daha geniş arealı əhatə etmək ehtimalı da az deyil. Regionlardakı vəziyyəti də siyahıya əlavə etsək, yaranacaq mənzərəni indidən təsəvvürə gətirmək olar. 




Загрузка...
Həmçinin oxuyun:
Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Birinci vitse-prezident Mehriban Əliyevanın doğum günüdür

Birinci vitse-prezident Mehriban Əliyevanın doğum günüdür

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Valideynləri maraqlandıran əksər suallara cavab-MÜSAHİBƏ

Valideynləri maraqlandıran əksər suallara cavab-MÜSAHİBƏ

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

230 №-li tam orta məktəbdə Xəzər RPİ-nin birgə təşkilatçılığı ilə " Narkomaniya sosial bəladır " adlı maarifləndirici tədbir keçirilmişdir.

230 №-li tam orta məktəbdə Xəzər RPİ-nin birgə təşkilatçılığı ilə " Narkomaniya sosial bəladır " adlı maarifləndirici tədbir keçirilmişdir.

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə  təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Təhsilvermə (təhsilləndirmə) modelləri. - Beynəlxalq təcrübə

Təhsilvermə (təhsilləndirmə) modelləri. - Beynəlxalq təcrübə

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

Magistratura imtahanı ətrafında dartışma: Bu sualın cavabını tapana priz düşür

Magistratura imtahanı ətrafında dartışma: Bu sualın cavabını tapana priz düşür

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında   AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Təhsil Nazirliyi: 2020-ci təqvim ili rəqəmlərdə

Təhsil Nazirliyi: 2020-ci təqvim ili rəqəmlərdə

“Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması Qaydaları təsdiq edilmişdir”.

“Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması Qaydaları təsdiq edilmişdir”.

İki yüz min şagirdin taleyi ilə necə oynamaq olar?! – Ekspetdən DİM-ə sərt ittihamlar

İki yüz min şagirdin taleyi ilə necə oynamaq olar?! – Ekspetdən DİM-ə sərt ittihamlar