Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tabeliyində Təhsilin İnkişafı Fondunun (TİF) “Ali təhsil üzrə strateji fəaliyyət istiqamətləri” mövzusunda dəyirmi masa keçirilib.
2022-ci il sentyabrın 13-də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tabeliyində Təhsilin İnkişafı Fondunun (TİF) “Ali təhsil üzrə strateji fəaliyyət istiqamətləri” mövzusunda dəyirmi masa keçirilib. Toplantıda elm və təhsil naziri, nazir müavinləri, ali təhsil müəssisələrinin rektorları və təhsil işçiləri iştirak ediblər.
TİF İdarə Heyətinin sədri Elnur Nəsibov Fondun ali təhsil üzrə strateji fəaliyyət istiqamətləri barədə təqdimatla çıxış edib. Qeyd olunub ki, Fondun fəaliyyətləri təhsil və iqtisadiyyatın inteqrasiyasının gücləndirilməsi, ictimai və sosial əhəmiyyətli layihələrin həyata keçirilməsi, təhsil müəssisələrin maddi-texniki bazasının müasir tələblərə uyğunlaşdırılması və təhsilin inkişafını təstiq edən mexanizmlərin hazırlanmasından ibarətdir. Elnur Nəsibov həmçinin, Təhsilin İnkişafı Fondunun fəaliyyətlərinin yalnız ali və orta ixtisas təhsili deyil, peşə təhsili istisna olmaqla təhsilin bütün pillələrini əhatə edəcəyini bildirib.
Təhsilin İnkişafı Fondunun sədri rektorlarla müzakirələr nəticəsində ali təhsil üzrə 5 strateji fəaliyyət istiqamətlərinin, o cümlədən akademik mobillik proqramlarının icrası, ali təhsil müəssisələrinin institusional inkişafı, elmi jurnal, nəşrlər və dərsliklərin hazırlanması, universitet-sənaye iş birliyinin inkişafında iştirak və ali təhsil müəssisələri tələbələrinin inkişafına dəstək olaraq müəyyən edildiyini qeyd edib.
Yekunda, TİF İdarə Heyətinin sədri universitetlər arasında tərəfdaşlıq fəaliyyətlərinin əlaqələndirilməsi məqsədilə məsul şəxsin təyin olunmasını xahiş edib və yeni tədris ilində ali təhsil müəssisələri rəhbərlərinə uğurlar arzulayıb.