Sertifikasiya imtahanlarında daha çox uğur qazanan yaş qrupu açıqlanıb
“25-29 yaşı olanlar təhsilverənlərin sertifikasiya imtahanlarında 100 % uğur qazanıb”.
Bunu elm və təhsil naziri Emin Əmrullayev Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, 60 yaş üzəri olanlardan isə 68 %-i uğur əldə edib: “40-55 yaş arası olanlar bizi daha çox narahat edir. Çünki onlar hələ bir neçə il təhsil sistemində olacaqlar”.
“Hər halda gəlinən nəticə onu deməyə əsas verir ki, müəllimlərin 80 faizə qədərinin minimal bilikləri ilə bağlı problemi yoxdur. 10-12 faizinin isə təkmilləşdirilməsinə ehtiyac var. Ümumilikdə, son illər ərzində müəllimlərin işə qəbulunun biliklə bağlı töhfəsi görülür. MİQ-də toplanılan balla sertifikasiya balları arasında oxşarlıqlar var. MİQ-də iştirak etməyənləri balları isə aşağı, təxminən, 39 olur. Hər iki nəticə arasında yüksək sayıla biləcək əlaqə var. Sertifikatlaşdırmada bu qrup üzrə orta bal 53 təşkil edib”, – E.Əmrullayev bildirib.
Nazir vurğulayıb ki, müəllimlərin əvəzetməsi ilə bağlı problem yoxdur.
Qeyd edək ki, 50 baldan yuxarı nəticə göstərənlərin əmək haqlarına 35, keçid balını toplayanlar isə 10 % əlavələr olacaq.