Nadir İsrafilov-Təhsilin keyfiyyətinə toplanmış balların cəminə görə qiymət verməyək...
"31 893 nəfər abutryentin 0-150 arası bal toplaması ətrafinda ajiotaj yaratmağa və bunu savadsızlığın kütləviləşməsi kimi dəyərləndirməyə hər hansı bir lüzum görmürəm".
AzEdu.az xəbər verir ki, tanınmış təhsil mütəxəssisi Nadir İsrafilov “Facebook” sosial şəbəkəsindəki şəxsi profilində paylaşım edib:
“Baxmayaraq ki, bu rəsmi statistika o qədər də ürək açan deyil, bununla belə reallıqdır və bu reallıqla hesablaşmalı və lazımi nəticə çıxarmalıyıq, çünki, belə vəziyyətin yaranmasının əsas səbəkarlarından biri də elə biz özümüzük. Bir ara sıçrayış edib irəliyə gedərkən, arxaya baxmağı unutmuşuq. Bütün diqqətimiz “600-700 ballıqlar” üzəridə olub. Nəticə də ondan ibarət olub ki, 0-150 arası bal toplayanlar uzun müddət kölgədə qalıb. Bir vacib məqamı unutmuşuq ki, topladığı baldan asılı olmayaraq bütün yeniyetmə və gənclər öz övladlarımızdır, bizim yetirmələrimizdir, bu günümüzün gələcəyimizin davamçılarıdır, döğma vətənimizin keşikçiləridir.
Biz nə etdik və etməkdə davam edirik... Nazirin də son brifinqdə etiraf etdiyi kimi "Bəzi hallarda məktəb direktorları təhsil müəssisəsinin keyfiyyətini süni şəkildə artırmaq üçün aşağı nəticə göstərən şagirdləri uzaqlaşdırırdılar". Mən isə əlavə edərdim ki, “bəzi hallarda” yox, əksər hallarda. Nə qədər ki, keyfiyyətin süni şəkildə artırmaq tendensiyasına son qoyulmayacaq, bu kimi halların çoxalması da bir o qədər qaçılmaz olacaq.
Bir də ki, təkcə bu il deyil, bütün dövrlərdə “pis” və “kafi” oxuyanlar “yaxşı” və “əla” oxuyanlara nisbətdə üstünlük təşkil ediblər. Yaşlı və orta nəslin nümayəndələri xatırlamamış deyillər ki, elə 70 illik sovet dönəmində də hər sinifdə 25-30 şagird arasında “əlaçı” adlandırdığımız 2-3 nəfər “5” qiymətlə oxuyan və “zərbəçi” dediyimiz 4-5 nəfər “4” və “5” qiymətlərlə oxuyan şagird olardı. Yerdə qalan çoxluq isə əsasən “3” qiymətlə sinifdən-sinfə keçənlər və təkrar sinifdə qalan “ikiilliklər” və hətta “üçilliklər” olardı. Sadəcə, o vaxtlar bu kimi statistikalar qabardılmırdı və bu kimi məsələlərin üzərinə bu dərəcədə süngü-qalxanla gedilmirdi.
Gəlin təhsilimizə baxışımızı, yanaşma tərzimizi bir qədər də olsa mülayimləşdirək. Müsbətli-mənfili, yaxsılı-pisli bu, bizim təhsilimizdir. Təhsilin keyfiyyətinə toplanmış balların cəminə görə qiymət verməyək. Bal nisbi göstəricidir. Bu il aşağı olar, növbəti il yuxarı, necə ki, illərdən bəri belə olur. Vətənini, xalqını sevən, dövlətçiliyimizə sadiq olan vətənpərvərlər yetişdirmək barədə düşünək...”