Real inkişafa necə başlamalı?-Dosent İlham Əhmədov
Elm sektoru ETN-nin tərkibində pul qazana biləcəkmi? Yeni yaranan Elm və təhsil nazirliyi qarşısında duran çətin məsələlərin öhdəsindən gələ biləcəkmi? Bu sual indi bütün ölkəni narahat edir. Çünki, elm və təhsilimizin 30 ildən sonra ayağa qalxmasına şans yaranıb. Bəlkə də bu son şansdır.
"Elm və təhsildən faydalanan xalq firavan yaşayar "(KONFUTSİY).
Bu gün ölkədə elm və təhsilin durumundan razı qalan çox az vətəndaş tapmaq olar. Təhsil sistemi haqqında çox yazmışıq. Bəs ölkəmizdə elmin perspektivi necədir ?
Təhsilin inkişafı elmlə inteqrasiyanı, elmin inkişafı isə iqtisadiyyatla inteqrasiyanı tələb edir. Problem bundadır ki, iqtisadiyyatımız da elm və təhsilin günündədir.
Qeyri neft və aqrar sektor hələ də zəifdir, istehsal yönlü sənayemiz də zəifdir. Büdcə əsasən neft və qaz ixracatı əsasında formalaşır. Bu sahələrin heç biri elmə sifariş vermir, elmi problem qoymur, Bu 30 ildir ki, belədir. AMEA-nın əsas problem bu idi.
Elmin inkişafı üçün iqtisadiyyatın müəyyən inkişaf səviyyəsi olmalıdır. İllər ərzində qoyulan investisiyalar elmtutumlu istehsalatın formalaşmasına dəstək verməyib, bəzi hallarda isə investisiyalar səmərəsiz olub. Bu qədər investisiya hesabına artıq ölkədə normal iqtisadi klasterlər yaranmalı idi.
Sahibkarlıq fəaliyyəti məmurların, oliqarxların əlindədir. Biznes elmə sifariş vermir. Monopoliyanın mövcudluğu iqtisadiyyatın inkişafına pis təsir edir. Monopolist elm haqda düşünmür, elmə sifariş vermək heç ağıllarına da gəlmir. Çünki, qanunsuz olaraq daxili bazarı zəbt edib, istədiyi qiyməti təyin edib, gözün üstə qaşın var deyən də yoxdur.
İqtisadi rəqabət yoxdur, deməli innovasiyalara da təlabat yoxdur. İxracat ancaq neft-qaz və meyvə tərəvəz səviyyəsindədir. Bu məsələlər həll olmasa elm iqtisadiyyatla inteqrasiya ola bilməyəcək. Yəni, elm pul qazana bilməyəcək. Elm sərbəst olaraq pul qazana bilməsə AMEA-dakı durumdan da pis hala düşə bilər.
AMEA-da heç olmasa elmin başında alimlər vardı, birtəhər elmi qoruyurdular, ETN-də elmin başında kimlər olacaq hələ məlum deyil. Səviyyəli və səriştəli kadrların təyin edilməsinə də ümid azdır, çünki TN-nin 9 illik kadr siyasəti göz qabağındadır.
Belə nəticəyə gəlirik ki, sistemin bir elementi normal fəaliyyət göstərmirsə, digər elementlərinə mənfi təsir göstərir, onların normal fəaliyyətinə, inkişafına mane olur. Bizim baxdığımız bu sektorlarda elm, təhsil və iqtisadiyyat inteqrasiya edə bilmir, biri digərinin inkişafına dəstək verə bilmir, çünki, hər üçü qüsurludur. Bu 3 elementin qüsurlu fəaliyyəti bütün digər elementlərin də normal fəaliyyətinə və inkişafına mane olur. Real inkişaf üçün nədən başlamalı?