Azərbaycanda narkoman oylağına çevrildiyi iddia olunan məktəbdən nümunələr götürülüb - YENİLƏNİB + FOTO
Daxili İşlər Nazirliyi Goranboy rayonunda yerləşən məktəblərdən birinin otağının narkomanların istifadə etməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, respublikanın digər şəhər və rayonlarında olduğu kimi Goranboy rayonunda da Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mütəmadi olaraq həm profilaktiki, həm də əməliyyat axtarış tədbirləri həyata keçirilir:
“Sosial şəbəkələrdə yayılan görüntülərlə bağlı polis əməkdaşları həmin ünvana gələrək müvafiq araşdırmalar aparıb. Məktəbə bitişik olan həmin təsərrüfat binasında hər hansı bir narkotik və ya istifadə edilməsi üçün əşya aşkarlanmayıb. Divardakı qan ləkəsindən isə nümunə götürülərək müvafiq ekspertizaya göndərilib”.
15:18
Goranboy rayonunda yerləşən məktəblərdən birinin otağından narkomanlar istifadə edirlər.
Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
İddia edilib ki, rayonun 2 saylı tam orta məktəbi narkomanlar oylağına çevrilib.
Belə ki, paylaşılan fotolarda divarda, yerdə qan izinə də rast gəlinir.