Dərsliklərlə bağlı qəbul edilmiş qərar hələ də icra olunmur-Fəlsəfə doktorundan ETİRAZ
“Biz nə qədər çalışsaq, yeni təkliflərlə çıxış etsək də, dərslikləri ideal səviyyəyə gətirib çıxara bilməyəcəyik. Çünki dərs vəsaitləri hər dəfə dəyişməli, yenilənməlidir, zamanın tələblərinə uyğun qurulmalıdır”.
Mektebgushesi.az AzEdu.az -a istinadən xəbər verir ki, bunu pedaqogika elmləri üzrə fəlsəfə doktoru, dosent Fəxrəddin Yusifov Dərsliklərin Müstəqil Monitorinq Mərkəzinin müzakirəsində qeyd edib.
Fəlsəfə doktoru dərsliklərin ərsəyə gətirilməsində əsas problemlərdən birinin də müəlliflərlə bağlı olduğunu bildirib:
“Dərsliklərdə normativ hüquqi baza kifayət qədər aktual olmalıdır. Bu gün dərsliklərin yaradılmasına dair Nazirlər Kabineti tərəfindən qəbul edilmiş Qərar hələ də icra olunmur. Başqa bir vacib məsələ müəlliflərin cəlb olunmasıdır. Diqqət etsək görərik ki, 1993-1994-cü ildən bu günə kimi eyni müəlliflərin adları qeyd olunur. Burada maraqlı sual doğur ki, ölkəmizdə bu sahədə başqa mütəxəssislər yoxdurmu? İlk olaraq hüquqi normativ baza baxımından bu mövu tənzimlənməli, müəlliflərlə bağlı məsələ həllini tapmalıdır”.
Dosent istifadəyə verilmədən öncə dərsliklərlə bağlı müzakirələrin təşkil olunmasının vacibliyini vurğulayıb:
“Sovetlər dönəmində məzmun tərtib olunarkən ilk olaraq pedaqoji ictimaiyyətin rəyi əsas götürülürdü. Bu zaman biz təqdim olunan vəsaitlərdə nə kimi çatışmazlıqlar və problemlər varsa hamısını qeyd edirdik. Bu günün əsas çatışmayan cəhətlərindən biri də müzakirələrdən qaçmaqdır. Ədəbiyyat dərsliklərində elə əsərlər var ki, onlar vasitəsilə şagirdlərə mənəvi dəyərlər aşılamaq mümkün deyil. Bəziləri süzgəcdən keçərək proqrama salınmalıdır. Dərsliklərin tərtib olunması ilə bağlı ümumi vahid qaydaların təsdiq olunması bu baxımdan arzuolunandır. İkinci ən böyük problem qeyd etdiyim kimi dərsliklərlə bağlı müzakirələrin təşkil olunmamasıdır. Ədəbiyyat kursu müəyyənləşərkən, artıq biz fənyönümlü işlər qurmuruq, şəxsiyyətyönümlülük var. Biz düşünürük ki, ilk olaraq insanı yetişdirək, həmin insanın həyatdakı problemləri həll etmək qabiliyyəti olsun. Əgər ədəbiyyat həyat dərsliyidirsə, o problemi verməlidir, uşaq da bunu görəndə üzərində düşünməlidir”.