AzTehsil.com


Xəbərlər
06 may 2017
5 622


"Qızların təhsil alması indiki dövrün ən mühüm məsələlərindən biridir"



"Qızların təhsil alması indiki dövrün ən mühüm məsələlərindən biridir"

  

IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində "Qızlara təhsil verməklə zorakı ekstremizmə qarşı mübarizə” mövzusunda panel keçirilib.
 
Aztehsil.com apa-ya istinadən xəbər verir ki, UNESCO-nun gender bərabərliyi sektorunun direktoru Saniye Gülser Coratın moderatorluğu ilə keçirilən paneldə təhsil naziri Mikayıl Cabbarov Azərbaycanın son illər elm, təhsil sahəsində əldə etdiyi uğurlar barədə danışıb. Nazir panel iştirakçılarının diqqətinə çatdırıb ki, hələ XX əsrin əvvəllərində Azərbaycanda qızlar üçün məktəb açılıb, qadınlara səsvermə hüququ verilib.

UNESCO-nun baş direktoru İrina Bokova qızların təhsil almasının vacibliyini vurğulayıb.
 
Efiopiyanın birinci xanımı Roman Tesfaye IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bir parçası olmaqdan məmnunluğunu ifadə edib. O deyib ki, qızların təhsil alması indiki dövrün ən mühüm məsələlərindən biridir: "Dünyadakı 60 milyona yaxın qızın məktəbə gedə bilməməsi qlobal problemdir. Təhsil qızlara şans verir. Təhsil qızların sağ qalmaq, hüquqlarının qorunması yönündə gözəl vasitədir. Qloballaşan dünyada heç bir sərhəd tanımayan zorakılıq, terrorizm, münaqişələr nəticəsində qızlar təhsil almaq hüququndan məhrum olurlar. Bundan əlavə, yoxsul ailələr də öz qızlarını məktəbə göndərmirlər. Habelə erkən nikahlar, müxtəlif xoşagəlməz hadisələr qızların təhsil almasının qarşısında dayanır. Münaqişə zonasındakı qızların xüsusi diqqətə ehtiyacı var. Əvvəlki illərlə müqayisədə Efiopiyada ibtidai məktəblərin sayı 11 mindən 32 minə çatıb”.
 
Malinin birinci xanımı Keyta Aminata Maiga qeyd edib ki, onun ölkəsində xüsusi təhsil islahatları həyata keçirilir: "Qızların təhsil alması fundamental insan haqları sırasındadır. Qızların təhsilə çıxışı hələ də mühüm amil olaraq qalmaqdadır. Qızlar faktiki olaraq ibtidai məktəbləri zorla bitirirlər. Ona görə də biz kənd yerlərində qızların təhsilə cəlb olunması istiqamətində iş aparırıq, yoxsa qızlar zorakı ekstremizmin qurbanına çevrilə bilərlər. Malinin şimalındakı hərbi qüvvələr qızlar, qadınlar üzərində zorakılıqları sınaqdan keçirib. Minlərlə uşağın məktəbə getməsi qadağan edilib. Mali hökuməti buna qarşı tədbirlər görməkdədir”.
 
Ruandanın birinci xanımı Janet Kagame ölkəsində baş verən soyqırım haqda danışıb. O xatırladıb ki, Ruandada 1 milyondan çox tutsi öldürülüb, minlərlə ailə yer üzündən silinib, qadınlar sistematik zorakılığa məruz qalıb: "Təhsil bizim adət-ənənəmizdə mühüm yer tuturdu. Lakin müstəmləkə administrasiyası ənənəvi təhsil dəyərlərinin üstündən xətt çəkdi”.
 
Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, dünyada hər il 53 minə yaxın uşaq öldürülür, 1 milyon 200 min uşaq insan alverinin qurbanı olur, 57 milyon uşaq məcburi əməyə cəlb edilir. Onun sözlərinə görə, Azərbaycanda məcburi köçkünlərin cəmiyyətə inteqrasiyası üçün böyük işlər görülməkdədir: "Azərbaycanda qızların təhsil almasına xüsusi diqqət göstərilir. Gənclərin potensialını həyata keçirmək üçün şərait yaradılır. Qızlar uşaq evlərini tərk etdikdən sonra onlar tam təmir olunmuş mənzillərlə təmin olunurlar”.



Загрузка...