Universitetlərdə məsafədən təhsilə keçən qrupların sayı AÇIQLANDI
Azərbaycanda fəaliyyət göstərən bəzi universitetlərdə distant təhsilə keçən qrupların sayı açıqlanıb.
Buna səbəb tələbələr arasında koronavirusa yoluxmanın aşkarlanmasıdır.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) mətbuat katibi Cavid Hüseynov saytımıza bildirib ki, bu günə qədər 24 qrup distant təhsilə keçib:
“Yeddi qrup geri qayıdıb. Yoluxanlar arasında ölüm halı və ağırlaşma qeydə alınmayıb”.
Bakı Dövlət Universitetinin (BDU) mətbuat katibi Günel Orucəliyevanın sözlərinə görə, universitetdə səkkiz qrupda təhsil distant formada davam etdirilir.
Azərbaycan Texniki Universitetinin mətbuat xidmətinin rəhbəri Sevinc İsgəndərova bildirib ki, AzTU-da ötən həftə dörd tələbənin (Nəqliyyat və logistika fakültəsi -1 tələbə, Xüsusi texnika və texnologiya fakültəsi - 1 tələbə, Maşınqayırma və robototexnika fakültəsi - 1 tələbə, İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsi - 1 tələbə) COVID-19 testi pozitiv çıxıb:
“Bu səbəbdən həmin tələbələrin təhsil aldığı qruplar distant tədrisə keçib. Qeyd edək ki, bundan əvvəl koronavirusa yoluxan üç tələbə artıq sağalıb və onların qrupunda əyani tədris bərpa olunub”.
Memarlıq və İnşaat Universitetinin mətbuat xidmətinin rəhbəri Nəcibə Mirzəyeva bildirib ki, yeddi qrupda dərslər distant formada davam etdirilir:
“Həmin qruplardan birində təhsil alanlar magistraturada təhsil alanlardır”. oxu.az