Sumqayıt Dövlət Universitetinin rektoru tələbələrə əlçatandırmı...
Dünya təhsil sistemində universitet rektorları ilə tələbələr arasında olduqca səmimi münasibət mövcuddur. Bu faktı xaricdə, xüsusən də Avropa ölkələrində təhsil alan azərbaycanlı tələbələr də təsdiq edirlər. Rektorların tələbələr üçün əlçatan olması isə təhsilin inkişafına təsir edən amillər sırasına daxildir desək, yəqin yanılmarıq.
Görəsən, Azərbaycan universitetlərində rektorların tələbələrlə münasibəti necədir? Və onların şikayətləri necə həll olunur? Onlar tələbələr üçün əlçatandırlarmı? Tələbələr öz rektorları ilə görüşə bilirlərmi?
Aztəhsil.com xəbər verir ki, modern.az-ın "Tələbələr rektor barədə” rubrikasında ayrı-ayrı universitetdə təhsil alan tətləbələrin öz rektorları barədə fikirlərinə yer veriləcək.
Bu dəfə adı müxtəlif məsələlərdə keçən Sumqayıt Dövlət Universitetinin tələbələri arasında sorğu keçirdik.
Tarix və Coğrafiya fakültəsi, İsmayıl Faxtiyev:
"Mən 4-cü kurs tələbəsi olaraq rektorumuzdan həddindən artıq razıyam. Sonuncu dəfə bir həftə bundan əvvəl şəxsən Elxan müəllimin qəbulunda oldum. Universitetimizin 55 illiyinə aid rəsm çəkmişdim. Şəxsən mənim dilimdən rəsmin mənasını soruşmaq istədi. Ümumiyyətlə, rektorumuz tez-tez tələbələrlə ünsiyyətdə olur”.
FEEF fakültəsi, Ağazadə Fərid:
"Rektorla ünsiyyətdə olmamışam, hələlik universitet barədə heç bir problemim olmayıb”.
FEEF fakültəsi, İbadov Elnur:
"Rektorla ünsiyyətdə olmamışam. Heç bir problemim olmayıb deyə müraciət etməyə ehtiyac qalmayıb”.
Mühəndislik fakültəsi, Ayxan Məmmədov:
"Universitetə başlayandan bəri rektorun üzünü görməmişəm”.
Riyaziyyat fakültəsi, Taleh Nuriyev:
"Heç bir problemim olmayıb və rektorla heç vaxt ünsiyyətdə olmamışam. Olsa belə Elxan müəllimin mənə köməkliyi dəyəcəyindən yüz faiz əminəm”.
Kimya və Biologiya fakültəsi , Tale Beydullayev:
"1 il əvvəl imtahan vaxtı sinfə gəldi. Məni ayağa qaldırdı və imtahana hazır olub-olmadığımı soruşdu. Hazır olduğumu dedim. İmtahandan da keçdim həmin gün. Başqa problemim olmayıb və müraciət etməmişəm”.
İqtisadiyyat və idarəetmə fakültəsi, Kənan Süleymanov:
"Rektorla hər hansı şəxsi ünsiyyətim olmayıb və problemim də olmadığına görə müraciət etməmişəm”.
Digər universitetlərdə olduğu kimi Sumqayıt Dövlət Universitetinin tələbələri də açıqlama verərkən ehtiyatla danışdılar. Ona görə şərti adla qeyd edərək başqa tələbələrin rəylərini də təqdim edirik:
Cəmilə Həsənəliyeva:
"Rektorla ünsiyyətdə olmamışam, kömək də istəməmişəm”.
Nərminə Qasımova:
"Şükür edirəm yaxşı universitetim və müəlllimlərim var. Hamısından çox razıyam”
Qeyd edək ki, "başıma iş gələr”, "nəsə deyərəm problem yaranar” kimi düşüncələrlə bəzi tələbələr sorğuda iştirak etməkdən imtina etdi.