Ötən ilin mart ayından ənənəvi tədrisin dayandırıldığı ali təhsil müəssisələrinin auditoriyaları sentyabrın 29-dan tələbələrin üzünə açılacaq. Bəs görəsən universitetlər yeni tədris ilinə hazırdırlarmı. "Report”un əməkdaşı bir sıra ali məktəblərdə yeni tədris ilinin başlaması ilə əlaqədar görülən işlərlə maraqlanıb.
Azərbaycan Texniki Universitetinin (AzTU) mətbuat katibi Sevinc İsgəndərova bildirib ki, universitet qərar verilənədək tədrisi həm onlayn, həm də ənənəvi formada davam etdirməyə hazır idi: "Artıq təhsil naziri tədrislə bağlı yeni qərarı açıqlayıb. Bu baxımdan Azərbaycan Texniki Universiteti də sentyabrın 29-dan tələbələri qəbul etməyə hazırdır. Bu günədək ali təhsil müəssisəsində mütəmadi olaraq dezinfeksiya işləri aparılıb, pandemiya əleyhinə bütün tədbirlər həyata keçirilib. Bu işlər bundan sonra da davam etdiriləcək. Yaxın günlərdə Təhsil Nazirliyinin tədrisin necə davam etdiriləcəyi ilə bağlı qaydaları ali məktəblərə göndərməsi nəzərdə tutulub. AzTU da həmin qaydalara uyğun olaraq əyani tədrislə bağlı bütün prosedurları həyata keçirəcək”.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) mətbuat katibi Cavid Hüseynov deyib ki, ali təhsil müəssisəsində 2021-2022-ci tədris ilinə hazırlıq sürətlə gedir: "Əməkdaşların və tələbələrin vaksinasiya prosesi sürətlənib. Artıq əməkdaşların 80 %-dən çoxu könüllü vaksinasiyadan keçib. Tələbələrlə daima iş aparılır, müsbət istiqamətdə irəliləyişlər əldə olunur. Dərs cədvəlləri və bölgüsü hazırlanıb. ADPU yeni tədris ilinə hazırlığını yekunlaşdırmaq üzrədir. Təhsil Nazirliyinin və Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimatları diqqətlə izlənilir. Tələbə və əməkdaşların təhlükəsiz fəaliyyətinin bərpası üçün bütün lazımi tədbirlər görülür”.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) İctimaiyyətlə əlaqələr və marketinq departamentinin direktoru Bəhruz Nəzərov vurğulayıb ki, ali məktəb tədrisə tam hazırdır. "Universitetdə mütəmadi olaraq dezinfeksiya işləri aparılıb, bu tədbirlər dərslər başlayandan sonra da davam etdiriləcək. Hər bir mərtəbədə bir neçə yerdə dezinfeksiya aparatları quraşdırılıb. Yaşı 18-dən yuxarı olan tələbələrə vaksinasiyadan keçmələri barədə xəbərdarlıq edilib. Onlar COVID-19 pasportu ilə dərslərə gəlməlidirlər. Qapıda tələbələrin həm COVID-19 pasportu, həm də temperaturları yoxlanılacaq. Eyni zamanda karantin rejiminin qaydalarına uyğun olaraq sosial məsafənin saxlanılması məqsədilə auditoriyada tələbələrin sayının 60 nəfərdən çox olmamaqla təşkil edilməsi nəzərdə tutulur". Onun sözlərinə görə, dərslər əyani başlamaqla yanaşı, bəzi fənlər onlayn da davam etdiriləcək. Bununla bağlı tələbələrə dərs cədvəlləri təqdim olunacaq. ADNSU texniki tədris verdiyindən dərslərin əyani olması böyük əhəmiyyət kəsb edir.
Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin (ADMİU) Mətbuat və informasiya şöbəsinin rəhbəri Nəcibə Mirzəyeva qeyd edib ki, ali təhsil müəssisəsi hələ sentyabrın 1-dən tədrislə bağlı hazırlıqlara başlayıb: "Bu hazırlıqlar təkcə tələbələr deyil, həm də müəllim və işçilərlə bağlıdır. Bütün otaqlar dezinfeksiya edilib. Universitetin giriş hissəsində COVID-19 pasportu yoxlanılır. Dərs cədvəlləri pandemiya qaydalarına uyğun tərtib ediləcək. Dərslər pandemiya qaydalarına riayət olunması üçün böyük auditoriyalarda keçiriləcək. Artıq müəllimlərimizin 90 faizə yaxını vaksinasiya olunub. Qalanları isə Əks göstəriş sertifikatı olan şəxslərdir. Tələbələrlə də mütəmədi əlaqə saxlanılır və vaksin olunmaları istiqamətində danışıqlar aparılır. Onlar COVID-19 pasportu olmadan universitetə buraxılmayacaqları barədə məlumatlandırılıblar. Universitet ənənəvi tədrisə tam hazırdır”.