AzTehsil.com


Xəbərlər / Ziyalılar
21 mart 2021
1 375


Qızlar məktəbi açmasın deyə öldürmək istədilər, NKVD zirzəmisində döyülməkdən ürəyi partladı - Dəhşətli faktlar!



 

AzTehsil.com Azmarka.az-a istinadən özünün böyük oxucu rəğbəti qazanmış "Əfsanəvi azərbaycanlılar" rubrikasında bu dəfə 1937-ci il repressiyasının qurbanlarından biri, xalqımızın böyük aydınlarından, maarifçilərindən biri Hacı Kərim Sanılı haqqında maraqlı faktları təqdim edir.

***
Hacı Kərim Sanılı 1878-ci il fevral ayının 12-də Qazax mahalının Çaylı kəndində anadan olub. İlk təhsilini anadan olduğu kənddəki mollaxanada alıb.
Qazaxda dördillik rus-tatar məktəbini başa vurduqdan sonra təhsilini Qori Müəllimlər Seminariyasında davam etdirib. Bəy nəslindən olduğuna görə seminariyaya qəbulu çox çətinliklə, dayısının səyləri nəticəsində baş tutub.

***
1893-cü ildə dövrünün ən nüfuzlu təhsil ocağı sayılan Qori Müəllimlər Seminariyasına daxil olmağı bacaran, 5 il sonra isə buranı uğurla bitirən yazımızın qəhrəmanı sonralar seminariya illərini böyük minnətdarlıqla xatırlayacaqdı: "Seminariya! Gəncliyimin ən gözəl çağlarını səndə keçirdim və mən buna heyfslənmirəm. Sən bizim xalqımızın gözünə işıq oldun, onu mədrəsələrdən işıqlı otaqlara çıxardın, həsir üstə durmaqdan dizlərinin qapaqları döyənək olan uşaqlara yazığın gəldi, hazırlıq kursları açdın. Mən səndə Derjavini, Karamzini, Çernışevskini, Puşkini, Tolstoyu, Lermontovu, Krılovu, Turgenevi oxudum. Onlardan öyrəndim, L.Tolstoyun məktəb və dərsliyinə marağım artdı. Nə olaydı, ömür aman verəydi, öyrəndiklərimi xalqıma çatdıraydım…”

***
Qori Müəllimlər Seminariyasını bitirdikdən sonra Nuxa (Şəki) qəzasının Xaçmaz kənd birsinifli məktəbinə müdir və müəllim təyin olunan Sanılı həmin vaxt rus dilindən başqa alman, fars və fransız dillərini də bilirdi. Rus ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərini oxumuş, təkcə Şərq mədəniyyətinə və ədəbiyyatına deyil, Avropa və rus ədəbi mühiti ilə tanışlığı sayəsində mütərəqqi fikirlərə yiyələnmişdi.

Elə bu mütərəqqi ruh da onu işlədiyi kənddə qızlar məktəbi açmağa həvəsləndirir. Çünki savadsızlığı tamamilə aradan qaldırmaq üçün ilk növbədə savadlı analara ehtiyac olduğunu başa düşürdü.

Gənc müəllimin bu istəyi yerli mollalar tərəfindən top-tüfənglə qarşılanır, onu kafir elan edir, hətta aradan götürmək istəyirlər.
Qəhrəmanımız vəziyyətin dözülməz şəkil aldığını görüb Şəkini tərk edir. Əvvəlcə Gəncəyə gəlib burada rus-tatar məktəbində müəllim işləyir. Ancaq mütərəqqi baxışları və təşəbbüsləri həyatını yenə də təhlükə qarşısında qoyur, ruhanilərin basqılarından, iftiralarından, həqarətlərindən boğaza yığılır və Gəncədən Qazaxa qayıdır.

***
Qazaxa qayıdan Sanılı öncə Dağ Kəsəmən kəndindəki dördillik məktəbə müdir təyin olunur. 1904-cü ildə doğma kəndinə dönür və maarifçilik fəaliyyətini burada davam etdirir.

Həmin vaxt Qazax qəzasının ayrı-ayrı kəndlərində yeddi məktəb binasının tikilməsi haqqında tərtib edilənş layihənin çar tərəfindən təsdiqlənməsində həlledici rol oynayır, onların tikintisinə maliyyə vəsaiti ayrılmasına nail olur.

Layihəyə əsasən, həmin məktəb binalarından birinin Çaylı kəndində tikilməsi nəzərdə tutulmuşdu. Yerli sakinlərdən heç kim tikintinin aparılması üçün öz torpağından pay vermək istəmir. Məsələdən hali olan Məhəmməd adlı əmisi oğlu Hacı Kərimə xəbər göndərir ki, "sənin xətrinə mən öz torpağımdan hektar yarım ayırıram, gəl, məktəbi tikdir”.

Sanılı bu xəbəri böyük sevinclə qarşılayır, dərhal məktəb inşasınıa başlanır.

Yeri gəlmişkən, həmin bina 1989-cu ilədək Çaylı 1 saylı orta məktəbi kimi fəaliyyət göstərib.

***
Sanılı ömrünün böyük hissəsini naarrifçiliklə yanaşı, ictimai-siyasi fəaliyyətə də həsr edib. Müxtəlif vaxtlarda "Difai”, "Hümmət” kimi təşkilatların sıralarında təmsil olunan Hacı Kərim xüsusilə 1910-cu illərin ikinci yarısında Azərbaycanın çar Rusiyası biuxovlarından qurtulması və öz azadlığına qovuşması ideyasını çılğınlıqla müdafiə edirdi.

O, ictimai-siyası baxışlarına görə ilk dəfə 1906-cı ildə həbs edilir. Bu həbs dövrünün görkəmli aydınlarının sərt etirazına səbəb olur. Onlardan biri Firidun bəy Köçərli "İrşad” qəzetində "El üçün ağlayan gözdən olar” məqaləsi ilə çıxış edir və bütün ziyalıları Sanılının müdafiəsinə çağırır.
Etirazlar nəticəsiz qalmır və o, həbsdən azad olunur.

***
Zindan Sanılının düşüncələrində heç bir dəyişiklik yaratmır: Hacı Kərim bütün təhlükələrə baxmayaraq, maarifçilik fəlaiyyətini və ictimai-siyası fəallığını böyük şövqlə davam etdirir.

***
Sanılı Qori Müəllimlər Seminariyasının Azərbaycana, Qazaxa köçürülməsində də mühüm rol oynayıb.

Həmin vaxt Sanılı artıq Qazaxa rəhbərlik edirdi, qəzanın general-qubernatoru idi.

Araşdırıcı Rəhman Salmanlının yazdıqlarından: "1918-ci il avqust ayının son günü axşamtərəfi Firudin bəy (Firudin bəy Köçərli – red.) öz rəhbərliyi altında Seminariyanın Azərbaycan şöbəsinin bütün avadanlığını, kitabları və digər vəsaitləri vaqonlara doldurub sentyabrın 1-də Qazax şəhərinin 9 kilometrliyində Ağstafa stansiyasında dayanır. Gəncəyə yolun uzaq olmasından (Firudin bəy əvvəlcə seminariyanı Gəncəyə köçürmək istəmişdir – red.), ilk növbədə isə ictimai-siyasi hadisələrin gözlənilmədən dəyişməsindən ehtiyatlanan Firudin bəy məsələni təcili həll etmək üçün Qazax qəzasının general-qubernatoru, vaxtilə tələbəsi olmuş Hacı Kərim Sanılının yanına gəlir, məsələni ona açır və Qori Seminariyasının Azərbaycan şöbəsinin Qazaxda yerləşdirilməsi üçün təcili bina lazım olduğunu bildirir.Sanılı keçmiş müəllimi Firudin bəy Köçərlini böyük mehribanlıqla qarşılayır və bu işə ürəkdən tərəfdar olduğunu söyləyir.

Hacı Kərim müəlliminə əminliklə söz verəndən sonra Qazağın məşhur xeyriyyəçilərindən və dəyərli insanlarından olan Məşədi İbrahimi yanına çağırıb məqsədini ona açıqlayır. Heç bir təhsili və savadı olmayan Məşədi İbrahim oxumağın, maarifçiliyin tərəfdarı olduğundan bu təklifə çox sevinir, elə həmin günü bir iranlı tacirin Qazaxın mərkəzində satışa qoyduğu 17 otaqdan ibarət yaraşıqlı mülkü 150 qızıl pula alır, Firudin bəy Köçərliyə bağışlayır”.

Beləliklə, avadanlıqlar Qazaxa daşınır və 1918-ci il sentyabrın 17-də seminariyada dərslər başlayır.

***
Sanılı 1918-ci ildə qurulan ilk Cümhuriyyətimizin möhkəmlənməsində aktiv iştirak edib.

Araşdırıcı R.Salmanlının yazdıqlarından: "Azərbaycanda milli hökumət (ilk Cümhuriyyətimiz nəzərdə tutulur – red.) qurulanda Sanılı yerli əhalini müstəqil Azərbaycan dövlətini müdafiəyə, ona sədaqətlə xidmətə çağırırdı. O, 1918-ci ilin noyabrında Tiflis "Hümmət” partiyasından Azərbaycan Cümhuriyyəti parlamentinə seçilmiş, sosialistlər fraksiyasının, sorğu komissiyasının üzvü olmuşdu. Qazax seminariyasına maliyyə vəsaiti ayrılmasından ötrü parlamentin iclaslarında məsələ qaldırmış və istəyinə çatmışdır.

Bu zaman Hacı Kərim Sanılının işini əngəlləmək istəyənlər də az deyildi. Onun gündən-günə artan nüfuzundan narahat olan bəziləri Gəncəyə, Azərbaycan Cümhuriyyəti parlamentinə teleqram ünvanlayaraq bildirmişlər ki, "Hacı Kərim parlamentə qanuni surətdə seçilməməşdir”. Teleqramı parlamentin sədr müavini Həsən bəy Ağayev 1919-cu il yanvarın 28-də keçirilən toplantıda iştirakçıların diqqətinə çatdırmışdır. Qərara alınmışdır ki, teleqram "Etibarnamə komissiyonuna verilsin”. İstədiklərinə nail ola bilməyən qüvvələr bundan iki ay sonra başqa adamların adından Qazaxdan parlamentə şikayət göndərirlər.

Belə qarayaxmalara baxmayaraq, Hacı Kərim Sanılı parlamentdə fəaliyyətini davam etdirmiş, Azərbaycan Cümhuriyyətinin təşkilatlanması və maarifçiliyin inkişafı üçün var qüvvəsi ilə çalışmış, bu barədə iclaslarda dəfələrlə nitq söyləmişdir”.

***
Rus-bolşevik işğalı nəticəsində 1920-ci il aprelin 28-də Azərbaycan Cümhuriyyəti devrilir. Bundan sonra Sanılı fəaliyyətini yenə də əsasən maarifçilik üzərində qurur. Nəriman Nərimanovun təklifi ilə Qazaxdan Bakıya köçür, "Yeni kənd” jurnalının məsul katibi, Bakı xalq maarif şöbəsinin inspektoru, Azərbaycan Kooperativ məktəbləri birliyində dərs hissə müdiri, "Politexnik”də müəllim kimi çalışır. Eyni zamanda şair kimi daha da məşhurlaşır.

***
Sanılının ilk şeirlər ilk kitabı – "Yeni şərqilər” 1919-cu ildə çap olunmuşdu. Sonralar isə o, "Aran köçü”, "Namus davası”, "Zülmün sonu”, "Turut qaçaqları” poemalarını yazır.
Görkəmli ədəbiyyatçımız, 37-ci il repressiyasının qurbanlarından olan Bəkir Çobanzadə Sanılının şeirlərini "yeni aşıq ədəbiyyatının zirvəsi” adlandırıb.

***
Hacı Kərim həmçinin öz dövrü üçün bir sıra əhəmiyyətli dərsliklər yazıb. Onun latın qrafikası ilə nəşr olunan "Böyüklər üçün əlifba kitabı” (1924), "Türk əlifbası” (1927,1930), Ə.Seyidovla birlikdə tərtib etdiyi "Türk əlifbası” (1930), Ö.F. Nemanzadə və A.Axundovla birlikdə hazırladığı "Üçüncü il” (1927, 1929, 1930) adlı dərslikləri maarifçilik tariximizdə xüsusi yer tutur.

***
1930-cu illərin başlarından etibarən Hacı Kərim Sanılıya qarşı yenidən təqiblər, təzyiqlər başlayır.

Onu "qolçomaq”, "sinfi düşmən” kimi təqdim etməyə başlayır, 1931-ci ildə dərsliklərin hazırlanması işindən kənarlaşdırırlar.

***
Sanıllı haqqında şübhələrdən biri sıralarında xeyli həmkəndlisinin də olduğu, 1929-cu ildə yaradılan "Əzrail” firqəsi ilə bağlı idi. Bu firqə üzvləri gizli müsavatçılar sayılırdılar və mütləq əksəriyyəti 1931-ci ildə "ifşa olunaraq” həbs edilmişdi.

"Əzrail” firqəsi ilə bağlı cinayət işindəki şahid ifadələrindən birində maraqlı məqam var. Şahid Hacı Kərim Sanılını firqə rəhbəri kimi göstərir, bütövlükdə təşkilatı isə Məhəmməd Əmin Rəsulzadə ilə əlaqələndirir.

***
Hacı Kərimi 1937-ci il iyunun 3-də, Hüseyn Cavid, Əhməd Cavad, Mikayıl Muşfiq və Vəli Xulufludan bir gün qabaq həbs edirlər. Onu yaşadığı Bakı şəhəri, indiki Füzuli küçəsindəki evindən aparırlar, NKVD-nin 1-ci şöbəsinin təhlükəsizlik leytenantı Klimentiç 12493 №-li istintaq işinin materiallarına əsaslanaraq heç bir partiyanın üzvü olmayan Sanılının əksinqilabi-millətçi təşkilatında fəaliyyət göstərdiyini "müəyyənləşdirir” və görkəmli maarifçimizə "vətənə xəyanət” maddələri elan olunur.

***
Həbsindən bir neçə gün sonra, Azərbaycan SSR Yazıçılar İttifaqının (indiki Azərbaycan Yazıçılar Birliyinin) rəsmi orqanı "Ədəbiyyat qəzeti”nin 9 iyun 1937-ci il sayında dərc edilən bir məqalədə "Sovet ədəbiyyatını və onun əsalarını dağıtmaqda” ittiham olunan şair və yazıçıların adları qeyd edilmişdi, bildirilirdi ki, həmin şəxslərə artıq "Sovet Yazıçılar İttifaqında” yer yoxdur.

Sözügedən şair və yazıçıların arasında Yusif Vəzir Çəmənzəminli, Hüseyn Cavid, Mikayıl Müşfiq, Seyid Hüseyn və Atababa Musaxanlı ilə bərabər Sanılının da adı vardı.

***
Hacı Kərimin istintaq-sorğu protokollarından aydın görünür ki, o, istər çarizm, istər Cümhuriyyət dönəmində, istərsə də Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra millətin savadlanması ilə bərabər, azadlığı uğrunda əlindən gələni etdiyini gizləməyib, bunları isə qəbahət saymayıb, özü üçün fəxr bilib.

***
Sanılıya "vətənə xəyanəti”ni boynuna almaq üçün ciddi təzyiq göstərilib, inanılmaz işgəncələr verilib.

O, NKVD-nin zirzəmisində ölümünədək gündə bir neçə dəfə döyülür və həqarətlərə uğrayırdı.

Lakin repressiya maşınının tələb etdiyi kimi ifadə verməyə razı olmurdu.

***
Sanılıya qarşı dəhşətli işgəncələr düz iki aya yaxın davam edir.

Nəhayət, onun bədəni bu fiziki əzablara dözmür, elə NKVD-nin zirzəmisindəcə ürəyi partlayır və dünyasını dəyişir.

Bir çox 37-ci il repressiyası – "qırmızı terror” qurbanları kimi onun Hacı Kərimin harada basdırıldığı məlum deyil.

***
Şair-publisist Elnur Astanbəylinin yazdığına görə, heç bir məhkəmə qərarı-filan olmadan həbsdə saxlanılarkən hər gün onu döyə-döyə tələb edirmişlər ki, "vətən xaini” ilə bərabər, "xırda burjua şairi olduğunu”da boynuna alsın.

Sanılının cavabı repressiya maşınının vintciklərinin üzündə sillə kimi açılır: "Mən olsa-olsa böyük burjua şairi olaram! Ancaq düzünü bilmək istəyirsinizsə mən el şairiyəm!”...




Загрузка...