Sentyabr ayı yaxınlaşdıqca ali və orta məktəblərdə dərslərin başlanıb-başlanmayacağı daha aktiv formada müzakirə olunmağa başlayıb.
Hazırda demək olar ki, ölkəmizdə əksər ailələrdə bununla bağlı narahatçılıq yaşanır.
Dərslər ənənəvi formada başlanacaqsa, bu, tələbə və şagirdlərin səhhəti üçün risk daşıyacaqmı? Dərslərin distant formada keçilməsi üçün daxili resurslar kifayət edəcəkmi? Eləcə də distant, onlayn dərslərin keyfiyyəti qənaətbəxş hesab olunmur, xüsusilə ibtidai siniflər üçün bu üsulla dərslərin keçirilməsinin mümkünlüyü sual doğurur. Digər tərəfdən isə etiraf olunmalıdır ki, mart ayından dərslərin dayanması gələcəyimiz olan uşaq və yeniyetmələrin hazırlıq səviyyəsinə ciddi zərbə vurub. Məsələnin bu tərəfi də valideynləri ciddi narahat edir. Beləliklə, mövcud şəraitdə dərslərin hansı formada başlanacağı məqsədəuyğundur?
Milli Məclisin Elm və Təhsil Komitəsinin sədr müavini Musa Qasımlı Cebhe.info-ya bildirib ki, ölkəmizdə həm orta, həm də ali məktəblərdə tədris prosesi bütün hallarda başlayacaq. Millət vəkili dərslərin hansı formada keçirilməsinin pandemiya şəraitinin səviyyəsindən asılı olacağını bildirib:
"Qərarı hökumətimiz verəcək. Koronavirus pandemiyasına qədərki şəraitdə olan təhsillə, indiki arasında fərq olacaq. Məncə, risklər çox olduğu üçün üzə-üzə təhsilin daha az olacağını görəcəyik. Orta məktəblərdə dərslər şəraitə uyğun, koronavirus pandemiyasının səviyyəsinə müvafiq olaraq qarışıq formada, yəni karantin rejiminin tələblərinə ciddi riayət edilməklə, siniflər bölünməklə və s. şərtlər altında həm üzbəüz, həm də virtual məktəb layihəsi, teledərslər formasında keçirilə bilər”.
Musa Qasımlı ali məktəblərdə dərslərin ənənəvi qaydada keçirilməsinin çox riskli olduğunu bildirib:
"Bir auditoriyada 25, 50, 75 nəfər tələbənin dərs keçməsi çox ağır fəsadlar törədər və bu yükü qaldırmaq çətin olar. Dərslərin normal qaydada keçirilməsi üçün əlverişli şəraitin yaranması, yəni pandemiyanın səviyyəsinin aşağı düşməsi vətəndaşlardan asılıdır. Bu gün dövlətimiz özündən asılı olan hər şeyi edib, artıq çox məsələlər fərdlərin davranışından asılıdır. Hər bir adam Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinə – tibbi maska taxmaq, sosial məsafə saxlamaq və gigiyena qaydalarına ciddi riayət etməklə övladlarının, yaxınlarının dərslərinin normal qaydada keçirilməsi üçün əlverişli şəraitin yaradılmasına kömək edə bilər”.
Təhsil Nazirliyi yanında İctimai Şurasının sədr müavini Nadir İsrafilovun fikrincə, hansı formada olmasından asılı olmayaraq, dərslər başlanmalıdır:
"Avqustun əvvəlində yeni nazirimiz Emin Əmirullayev İctimai Şuranın üzvləri ilə videkonfrans vasitəsilə ilk görüşünü keçirdi. Orda Şuranın 11 üzvünün hər biri ayrı-ayrılıqda öz təkliflərini verdi. Bundan başqa nazirin Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvləri, özəl məktəb direktorları, bir qrup valideyn və şagirdlərlərlə onlayn formatda görüşləri olub. Bundan başqa, Təhsil İnstitutu araşdırmalar aparıb, təkliflər paketi təqdim ediblər. Bir qrup dərslərin ənənəvi, digər bir qrup distant formada, başqa bir qrup isə hibrit formada keçilməsini təklif edir. Burada sağlamlıq əsas məsələdir. Bu baxımdan da ənənəvi formada dərslərin keçirilməsi risklidir. Yoluxma sayı da hələ ki, dəyişkən olur. Amma 20 günədək bir zaman var və vəziyyət özü göstərəcək ki, ənənəvi formada dərslər başlaya bilər ya yox”.
Nadir İsrafilov deyir ki, distant formada dərslərin başlanması ilə bağlı problemlər də sadalanmaqdadır:
"Regionların internetlə təhcizatı, internetin sürəti ilə bağlı problemlər müzakirə olunmaqdadır. Buna görə də hibrid formada məqbul hesab olunur. Distant forma ali məktəblər üçün məqbul sayılsa da, orta məktəblər üçün müəyyən problemlər yaradacaq. Yəqin ki, bu ayın sonunadək qərar veriləcək”.
Təhsil eksperti deyir ki, istənilən formaya hazır olmaq lazımdır:
"Əgər dərslər ənənəvi formada belə başlansa, digər formalardan da istifadə olunmalıdır. Qanunvericiliyimizdə distant təhsil nəzərdə tutulur, bundan başqa teledərslər layihəsinin də heç bir ziyanı yoxdur. Bu məsələ bizim arzu, istəklərimizdən, iradəmizdən asılı deyil. Dünyanın ayrı-ayrı ölkələrində müxtəlif modellər hazırlanır. Bir də Ümümdünya Səhiyyə Təşkilatı, UNİSEF kimi təşkilatların tövsiyələri nəzərə alınmalıdır. Təhsil Nazirliyi tərəfindən də ölkədəki əlaqədar qurumlarla razılaşdırmalar gedir. Hər halda istənilən ssenariyə hazır olmalıyıq”.