AzTehsil.com


Xəbərlər / Yazarlar
25 noyabr 2019
1 797


CƏMİYYƏTDƏ JURNALİSTİN VƏTƏNDAŞ MÖVQEYİ



 

XXI əsrin insanları bəşəriyyəti narahat edən problemlərin həllində öz sözünü deməlidir. Biz jurnalistlər insanların gündəlik həyatlarında məişət və ya daha böyük zəmində olan problemlərin həllində insanlara mənəvi dayaq durmalı, onlara yaxından köməklik göstərməliyik.

Bu işdə jurnalistlərin vətəndaş mövqeyi əsas amil kimi ön plana çəkilir. Belə məsələlərin həllində insanlara mənəvi dəstək göstərən jurnalist zamanın tələb etdiyi bilik və bacarıqlara, mədəni-mənəvi dəyərlərə sahib olmalıdır. Vətəndaş mövqeyində dayanan hər bir yazar ilk növbədə yaşadığı mühitdən baş açmağı, müxtəlif sosial qruplarda fəaliyyət göstərməyi bacarmalı, öz ölkəsində demokratiyanın inkişafında öz töhfəsini verməlidir. Dahi şairimiz Sabir demişkən, düzü düz, əyrini əyri kimi qələmə almağı bacarmalıdır. 

Jurnalist dərk etməlidir ki, xalqın adından danışmaq çox məsuliyyətli və şərəfli bir işdir. Təmiz mənəviyyata malik olan jurnalist həmişə xalqla nəfəs almalıdır. Xacə Nəsrəddin Tusi peşə haqqında belə söyləmişdir: "Hər bir sənətin şərəfi onun məqsədində, hər varlığın islahı onun zatındakı şərəfindədir.” Bu hökmün nə demək olduğu ağıl sahiblərinə çoxdan aşkar və aydındır. Bu dünyadakı mövcudatın ən şərəflisi olan insanı kamilliyə çatdırmaq məqsədini güdən sənət dünya sənətinin ən şərəflisi olmalıdır. M.Monten demişdir: "İstənilən adam həqiqətə uyğun olanı deyə bilər. Amma, bunu gözəl məntiqlə və az sözlə çox az adam ifadə edə bilər. Bu kontekstdən yanaşanda ən şərəfli bir peşənin sahibi olan jurnalist söz demək hüququna malikdir. Buna görə də, jurnalist o qədər savadlı və məlumatlı olmalıdır ki, həyatımızın hər bir sahəsinə müdaxilə edib, həmin sahə haqqında dəqiq və konkret söz deməyi bacarsın. 

Ürəyi xalq üçün döyünən bir insan, artıq, bir şəxsin deyil, bir millətin övladına, bir ölkənin vətəndaşına çevrilir, Vətən daşı olur. Böyük şairimiz Məmməd Arazın sözləri ilə desək:
                                       Vətən daşı olmayandan,
                                       Olmaz ölkə vətəndaşı.
Aydın Nuri  



Загрузка...
Həmçinin oxuyun: