"Bizim nəsil bunların çoxunu yaşadı. Düşünürəm ki, belə ənənələri "köhnədir”, "lazım deyil” deyib kənara atmaq olmaz. Çünki bu idarəetmə bacarıqları şagirdlərə ömrün istənilən dövründə lazım olacaq”.
"Təmizkom”, "Sinifkom”, "Növbətçi” sözləri çoxlarını bugündən çıxarıb məktəb illərinə aparır. Sinifdən bir şagirdin sıra ilə gəzərək yoldaşlarının təmizliyini yoxlaması yəqin ki, çoxlarının xatirindədir.
Kurikulumda başqa formada təzahür edən, getdikcə unudulan ənənə...
Bu sözləri AzEdu.az-a açıqlamasında təhsil məsələləri üzrə mütəxəssis Məlahət Mürşüdlü məhz bir zamanlar məktəblərdə mövcud olan kiçik vəzifə bölgüləri haqqında danışarkən deyib.
O, qeyd edib ki, hazırda ləğv olunan bu nümayəndəliklər əslində, şagird özünüidarəsinin inikası idi:
"Bu yolla məktəb idarəetməsində şagirdlərin fəallığı təmin edilir, nəticə isə çox yaxşı olurdu. Şagirdə həm gələcək həyata hazırlanma, həm də idarəetmə bacarıqlarının formalaşması istiqamətində ilkin məlumatlar verilirdi. Bu nümayəndəliklər eyni zamanda, məktəblilərin öz həmyaşıdları ilə diskussiya aparması, tolerantlıq kimi müsbət keyfiyyətlər aşılayırdı.
Təmizlik komissiyasının rəhbəri, növbətçi bu idarəetmənin ən vacib elementləri idi. Müstəqillikdən sonra bu nümayəndəliklər daha geniş vüsət alaraq "şagird-sinif parlamentləri”nə çevrilmişdi. İdarəetmə bacarıqları həm də indiki kurikulumun tələblərini ödəyir. Buna görə də bəzi məktəblərdə bu metoddan əvvəlki kimi kütləvi olmasa da, indi də istifadə edilir. Sinif nümayəndələri saxlanılıb, amma digər vəzifə bölgüləri yavaş-yavaş sıradan çıxır. Bu ənənə getdikcə unudulur”.
Ekspert vurğulayıb ki, bu ənənələr yenidən tətbiq edilsə, nəticəsi çox yaxşı olacaq. Bu, həm də şagirdləri tənəffüs zamanı bayağı hərəkət və davranışlardan çəkindirəcək.
"Bu ənənələri "köhnədir”, "lazım deyil” deyib kənara atmaq olmaz”
"Əvvəl reytinq cədvəlləri hazırlanır, hər sinifdə bu funksiyaları yerinə yetirən uşaqlar qiymətləndirilirdi. Cədvəldə hansı sinif davranışlara daha yaxşı riayət etməsi qeyd olunurdu. Məktəb formalarına, dərsə gecikənlərə nəzarət üçün bir şagird ayrılırdı. Belə məktəblilər idarəetmədə sinif rəhbərinin tərəfdaşına çevrilirdilər. Sinfin təmizliyi, dərsdən sonra partaların yerində, lövhənin isə təmiz olması "Təmizkom”un səlahiyyəti idi. O, həm də sinif yoldaşlarının təmizliyini, saç və dırnaqlarını yoxlayırdı. Bir şagird güllərə qulluq etmək üçün ayrılırdı.
Bizim nəsil bunların çoxunu yaşadı. Düşünürəm ki, bu ənənələri "köhnədir”, "lazım deyil” deyib kənara atmaq olmaz. Bu, bütün məktəb kollektivinin əməkdaşlığı deməkdir. Şagirdləri obyekt formasından çıxarıb subyektə çevirən üsuldur. Sinfin timsalında cəmiyyətin, dövlətin idarəetməsi üçün insanlar yetişdiririk. Bu idarəetmə bacarıqları onlara ömürlərin istənilən dövründə lazım olacaq”.
"Bir şagirdin il ərzində ilk sırada oturması düzgün deyil”
Hansısa şagirdin yoldaşlarından bu şəkildə fərqləndirilməsinin digər məktəblilər tərəfindən necə qarşılanması məsələsinə gəldikdə isə Məlahət xanım bildirib ki, bu, yolverilməzdir və hər şey seçki yolu ilə olmalıdır:
"Mən sinif rəhbəri olanda bu səlahiyyətləri şagirdlərə seçki yolu ilə verirdim. Beləcə, hər şagirdin bu vəzifələri yerinə yetirmək imkanı olurdu.
Nəinki bu, hətta bir şagirdin il ərzində ilk sırada eyni yerdə oturması da düzgün deyil. Bu, digər şagirdlərin hüquqlarının pozulması deməkdir. Şagird bilik səviyyəsindən asılı olmayaraq, birinci və ya sonuncu sırada otura bilər. Bunları mütləq rotasiya ilə müəyyənləşdirmək lazımdır. Bu səlahiyyətlər həftə, yarımil ərzində növbə ilə sinfin bütün şagirdlərinə verilməlidir.
Xüsusilə də ipə-sapa yatmayan şagirdlər bu vəzifələri daşıyanda tam başqa cür olur, müəllimlərin onlara güvəndiyini hiss edirdilər. Onlar dərsə gecikmir, tənəffüsdə məktəbin qayda-qanunlarına riayət edirdilər. Bu metod belələrini nümunəvi şagirdə çevirirdi”.
Ləğv olunan nümayəndəliklərin orta məktəblərdə hansı boşluqları buraxması sualının cavabında isə ekspert bu yaxınlarda məktəbdə partladılan bibər qazını misal gətirib:
"Bundan əlavə, tənəffüs zamanı uşaqlar bir-birini incidirlər. Bəzən sinifdə şüşənin sınması, tənəffüsdə kiminsə burnunun sınması hallarına rast gəlirik. Bunlar hamısı boşluqdan yaranır. Uşaq 45 dəqiqə dərsdə oturur. 15 dəqiqəlik tənəffüsdə isə boşluqdan istifadə edib enerjisini biruzə verir”.