Riyaziyyat fənninin tədrisində müasir təlim texnologiyalarının tətbiqi
Qədim tarixə malik Azərbaycan xalqı daim elmə, təhsilə, müəllimə böyük ehtiram və hörmət bəsləyib. Hələ e.ə. formalaşmış Zərdüştün "Avesta” əsərində bu məsələlərin şərhinə və izahına xüsusi diqqət yetirilərək təhsil, metodika, təlim-tərbiyə məsələlərinə çox geniş yer verilmiş, yüksək əxlaqi, etik normalar öz əksini tapmışdır.
Dünyada gedən qloballaşma və Azərbaycan təhsilinin Avropa təhsil sisteminə inteqrasiyası təhsil sistemində müasir təlim texnologiyalarından, fəal və interaktiv təlim metodlarından istifadə edilməsini tələb edir.
2006-cı ildən ölkəmizdə mütərəqqi dünya təcrübəsini özündə əks etdirən yeni bir sənəd - "Azərbaycan Respublikasında ümumi təhsil Konsepsiyası (Milli Kurikulum)" qəbul olunub. Milli Kurikulum demokratizm, humanizm kimi prinsiplərdən çıxış etməklə, cəmiyyətin, sosial münasibətlərin, şagirdlərin maraq və ehtiyaclarına cavab verən, mütəxəssislərin elmi yanaşmalarına söykənən, dövlətin təhsil siyasətini əks etdirən bir sənəddir. Bu sənədin tətbiqində məqsəd təhsilin keyfiyyətinin yüksəldilməsi, ölkəmizin gələcək inkişaf və tərəqqisini təmin edəcək yüksək intellektual səviyyəli, elmi dünyagörüşlü, müstəqil düşünmək və yaradıcı fəaliyyət göstərmək qabiliyyətinə malik olan gənc nəslin yetişdirilməsindən ibarətdir. Bundan ötrü müasir dünyanın şəxsiyyətyönümlü təhsil sferasına daxil olmaq, tələbatlara uyğun interaktiv məzmun, ən yeni təlim strategiyaları, qiymətləndirmə mexanizmləri, demokratik idarəetmə sistemi işləyib hazırlamaq üçün ənənəvi və mütərəqqi təlim texnologiyalarından istifadə edilməlidir.
Necə ki, kurikulum islahatlarında əsas prinsiplər tələbyönümlülükdən, nəticəyönümlülükdən, şagirdyönümlülükdən, inkişafetdiricilikdən ibarətdir, riyaziyyat fənnində yeni təlim texnologiyalarının məqsədi fəal təlimin, habelə, yeni təlim kurikulumunun (proqramının) prinsiplərini həyata keçirməkdən ibarətdir. Başqa sözlə desək, müəllim və şagirdlərin fəaliyyətinə aid edilən müasir təlim metodları riyaziyyat fənni üzrə təhsil standartların reallaşdırılması, təlim nəticələrinin həyata keçirilməsi, təlimə verilən əsas tələblərin yerinə yetirilməsi və s. bu kimi vacib psixoloji, metodiki faktorları özündə ehtiva edən Milli kurikulmun tələləblərinə cavab verməyə əsaslanır.
Yuxarı siniflərə qalxdıqca nəzəri riyaziyyat praktik həyatdan uzaqlaşır, göz önünə gətirilməsi, "toxunulması” şagird üçün qismən çətin olur. Odur ki, gündəlik dərslərdə yeni təlim texnologiyalarının istifadəsi çox vacib olur.
"Müasir təlim texnologiyaları” xüsusi halda riyaziyyat fənnində necə tətbiq edilməlidir?
Təbii ki, ağıla ilk gələn cavab İKT-nin dərsdə tətbiqidir. Təlimdə texniki vasitələr və İKT-dən istifadə şagirdlərin tədris olunan mövzunun ətraflı mənimsəməsi ,lazımi bacarıq və vərdişlərə yiyələnməsinə stimul verməklə yanaşı müəllimin sərf etdiyi əməyi də qismən yüngülləşdirən yüksək tədris situasiyası yaratmağa qadir olan müasir vasitələrdir. Bu vasitələrdən istifadə şagirdlərdə informasiya bazasının çoxalmasına və mövzunu asanlıqla dərk etmələrinə şərait yaradır.
İnteqrasiya MTT dan biri olub müəyyən tədris prosesində dünyanın bölünməz və vahid olduğunu formalaşdırmağa xidmət edir. İnteqrasiya psixoloji olaraq idraki fəaliyyətin mərhələli formalaşması və əqli fəaliyyətin assosiati- reflektor nəzəriyyəsinə əsaslanır.
Fəal dərsin hər bir mərhələsi, qiymətləndirmə, habelə, dərsin planlaşdırılması ayrı ayrılıqda MTT –nın xüsusiyyətlərini özündə ehtiva edir.
Riyaziyyatın tədrisində müasir təlim texnologiyalarının tətbiqi dedikdə bu fənn üzrə optimal didaktik proseslər, məqsədə nail olmaq, təhsil vəzifələrini həll etmək yollarının məcmusu başa düşülür. Məqsəd şagirdin fikirlərinə, bilik, bacarıq, davranış və hislərinə fasilitatorluq etməklə təlim nəticələrini əldə etməkdir.
Öncəliklə qeyd edim ki, gənc, yaradıcı müəllim kimi təcrübəli pedaqoqların dərslərindən, yerli və beynəlxalq təlimçilərin təlimlərindən bəhrələnmiş, Təhsil və ƏƏSM Nazirliyinin ("Peşə standarlarının hazırlanması və yerli şəraitə uyğunlaşdırılması” layihəsində baş mütəxəssis vəzifəsində) bir çox uğurlu layihələrində yaxından iştirak etmiş və əsaslı nəticələrə gələrək öz dərslərimi şəxsiyyətə yönəlmə, fəal idrak, inkişafetdiricilik, əməkdaşlıq, dialoji təlim prinsipləri əsasında qurmağa, İKT dən istifadə etməklə, axtarış sistemləri, internet resursları, onlayn dərslik və vəsaitləri, müəllimlərin istifadəsi üçün hazırlanmış rəsmi saytları, bloq və sosial səhifələri maksimum istifadə etməyə çalışmışam. Ötən ay qardaş Türkiyə Respublikasında, dəvət olunduğum İstanbul Erkek Lisesində Beynəlxalq olimpiyada yarışmasına hazırlaşan, xüsusi istedadlı şagirdlərə riyaziyyat fənninin tədrisində, habelə, İstanbul Milli Egitim Müdürlüyü, Böyükşehir belediyyesinin dəstəyi ilə Bakırköy lisesində "Öğretmen akademileri” layihəsinin "Bilim Olimpiyat Atölyesi” programında turkiyəli müəllimlərə verdiyim seminarda, daha sonra MEF(Meslek Egitim Fenleri) özəl məktəbləri ilə hazırladığımız birgə layihələrdə iştirakım zamanı, hal-hazırda tətbiq etdiyim effektiv təlim texnologiyalarının beynəlmiliyinə bir daha əmin oldum.
Öyrətmək iddiası olanın öyrənmə əzmi olmalıdır! Hər bir peşəkar sənətinin tələbəsi olmağı bacarmalıdır. Təhsil verən, yaradıcıdır və davamlı olaraq özünü inkişaf etdirməlidir. Yaradıcı müəllim isə öz metodunu yaratmaqdan çəkinməməlidir. Hesab edirəm ki, sadalanan hallarda müəllim günbəgün yenilənən müasir təlim texnologiyalarını mənimsəyər və tətbiq edər. Şagirdlərinə "öyrənmək və yaratmaq”da canlı örnək olmaqla, habelə fərdi yanaşmanı formalaşdırmaqla fənni sevdirərək öyrədər. Odur ki, təklif edirəm, müasir təlim texnologiyaları təhsil verənlər tərəfindən yüksək səviyyədə mənimsənilsin və Respublikamızın bütün məktəblərində tətbiq olunsun.”
Düşünürəm ki, müasir təlim texnologiyaları prinsiplərinin mahiyyətindən irəli gələn əsas yanaşmaları şagirdlərin maraq və tələbatlarına, onların yaş psixologiyasına, sosial yaşam tərzinə, bilik səviyyəsinə, imkan və qabiliyyətlərinə yönəltməklə, tədris prosesində idrak fəallığını, fasilitator dəstəyi ilə öyrənməni, zəruri olan informasiyaları müstəqil əldə etməklə ondan düzgün istifadə etməyi, əməkdaşlığı, şagirdyönümlülüyü reallaşdırmaqla, pedaqoji texnologiyaların səmərəli tətbiqinə nail olmaq olar.
Ənənəvi yanaşmadan, passiv təlimdən, avtoritarlıqdan uzaq, demokratik münasibətlər əsasında formalaşan yeni təlim texnologiyaları, "Müəllim-bələdçi-şagird isə tədqiqatçı” prinsipini əsas tutur. Öyrənən və öyrədən bərabərhüquqludur!
Riyaziyyat fənnində müasir təlim texnologiyanın tətbiqi üçün müəllim aşağıda sadalanan müəyyən əməliyyatları həyata keçirməlidir:
v Ən yeni praktik bilikləri toplamaq;
v Pedaqoji prosesi təşkil etmək;
v Təlim strategiyalarını həyata keçirmək;
v Təlimin təşkilinə verilən əsas tələbləri ödəmək;
v Bilikləri şagirdlərə öyrənmə tərzlərinə (vizual, audial, kinestetik) görə ötürmək.
Bəli, müasir təlim texnologiyalarından tədris prosesində istifadəsinin texnoloji cəhətdən düzgün müəyyənləşdirilməsi müəllimdən peşəkarlıq və səriştəlilik tələb edir.
Belə ki,təlim nəticələrini əldə etmək üçün məzmun xətti üzrə standartları reallaşdırarkən forma,üsul seçimi dərsin məqsədinə, tədqiqatın aparlmasına, məzmuna, metod və dərsin tipinə uyğun olmalıdır. Bundan başqa mövzunun motivasiyası fənnin məqsəd və vəzifələrini, dərsin xarakterik xüsusiyyətlərini nəzərə almaqla refleksiya ilə uzlaşmalıdır.
Riyaziyyat fənnində yeni təlim texnologiyalarının işini qısa bir sxemlə ifadə etsək aşağıdakı mənzərəni almış olarıq:
"Ekonomiks” Beynelxalq İqtisadi Araşdırmalar Birliyi xüsusilə qeyd edir ki, təhsilin inkişafı ölkənin gələcək taleyini müəyyən edir. Odur ki, təlimdə yeni texnologiyaların düzgün istifadəsi həm ölkə, həm də dünya üçün əhəmiyyət kəsb edir.
Avropa ölkələrinin təhsil müəssisələrində tədris prosesi, dərslərin məzmunu və qiymətləndirmə meyarları ilə tanış olduqda məlum olur ki, orada nisbətən az informasiya verildiyi halda, daha çox düşünmək, mühakimə yürütmək və öz fikirlərini müstəqil surətdə şərh etmək qabiliyyəti formalaşdırılır. Səbəbi isə budur ki, onlar "cansız biliyin” inkişafa xidmət etmədiyini çoxdan bilirlər. Canlı bilik, fəaliyyətdə olan bilik iki istiqamətdə fayda verir: ya yeni biliklərin yaranması üçün baza rolunu oynayır, ya da müvafiq əməli fəaliyyət sahələrində tətbiq olunur.
İnteraktiv təlim üsulları olan «Klaster», «İnsert», «BIBÖ»dən dərslərdə intensiv şəkildə istifadə olunması dərsin keyfiyyətini artırmaqla, öyrənənlərin fəallığına imkan yaradır. V sinifdə "1.1.2 Mövqeli və mövqesiz say sistemləri ilə tanışdır, natural ədədləri müqayisə edir və düzür.” standartını reallaşdırmaq üçün əlverişli üsullardan olan Venn diaqramından , BİBÖ –dən istifadə oluna bilər. Auksion üsulundan istifadə zamanı isə müəlim öyrənilən məsələni müəyyən edərək şagirdləri auksionun keçirilmə qaydaları haqqında təlimatlandırır. VI sinifdə "1.2.2 Vurma və bölmənin xassələrini tətbiq edir.” Standartını reallaşdırarkən ümümiləşdirici dərsdə ƏBOB, ƏKOB və onların xüsusiyyətləri sadalanır. Fikirlər bir-birini təkrarlamamalıdır. Oyunda axırıncı mümkün cavabı verən şagird "Auksion”u qazanır.
Kublaşdırma tədqiqat metodlarından biri olub mövzunun hərtərəfli öyrənilməsinə şərait yaradır. Kublaşdırma vasitəsilə şagird mövzunu təsvir və müqayisə etməyə, əlaqələndirməyə, təhlilə, tətbiq və mübahisəyə yönəldir. Bu zaman şagirdin tənqidi və məntiqi təfəkkürü inkişaf edir, mövzuya hərtərəfli baxışı, qiymətləndirmə bacarığı, əməkdaşlıq vərdişləri formalaşır. "1.2.5 Nisbət, tənasüb, düz mütənasib, tərs mütənasüb kəmiyyətlərə və faizə aid məsələ həll edir.” standartını reallaşdırarkən bu, tədqiqat metodlarından istifadə etməklə mövzunun hərtərəfli öyrənilməsinəə şərait yaradır. Kublaşdırma vasitəsilə şagird mövzunu təsvir və müqayisə etməyə, əlaqələndirməyə, təhlilə, tətbiq və mübahisəyə yönəldir. Bu zaman şagirdin tənqidi və məntiqi təfəkkürü inkişaf edir, mövzuya hərtərəfli baxışı, qiymətləndirmə bacarığı, əməkdaşlıq vərdişləri formalaşır.
Təhsilin məzmununu, idarə olunmasını, maddi-texniki və tədris bazasını, infrastrukturunu, təhsilverənlərin keyfiyyət göstəricilərini, hər bir təhsil pilləsində təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsini müəyyənləşdirən dövlət təhsil standartları müasir təlim texnologiyaları vasitəsilə reallaşa bilər. Təklif edirəm ki, hər bir təlim nəticəsinə uyğun təlim texnologiyası müəyyənləşdirilsin.
Məsələn, əgər "fərqləndirir” fəaliyyəti reallaşdırılırsa, bunu Vennlə reallaşdırmaq daha effektiv və düzgün olar. Düzgün təlim formasının seçilməsi, təlim üsulunun düzdün müəyyənləşdirilməsi, tədqiqat sualıın təlim nəticələrinə uyğun müəyyənləşdirilməsi və düzgün qiymətləndirmə meyarıının müəyyənləşdirilməsi təbii ki, müəllimə qarşıya qoyduğu nəticəni əldə etməyə kömək edəcəkdir.
Nəticə: Təlimi humanistləşdirmədən, humanitarlaşdırmadan, demokratikləşdirmədən şagird şəxsiyyətini formalaşdırmaq olmaz!
Cəmiyyət müstəqil düşünən, kamil, rəqabətəqabil yaradıcı şəxsiyyət yetişdirməyi çox mühüm vəzifə kimi təhsil müəsisələrinin qarşısında qoymuşdur. Bu vəzifələri həyata keçirmək, biz öyrədənlərin üzərinə düşür. Odur ki, müasir təlim texnologiyalarından, təklif etdiyim üsullardan səmərəli istifadə etməklə təlim prosesinin səmərəliliyini, keyfiyyətini yüksəltmək olar.
"Biz müstəqil dövlət olaraq özümüzün təhsil sistemimizi istədiyimiz kimi qururuq. İndiyə qədər yaranmış təməlin üzərində Azərbaycan təhsili, məktəbi bundan sonra daha da təkmilləşəcəkdir.” H.Əliyev
Leyla Hacıyeva
Ədəbiyyat:
1. A.M.Nəzərov. Müasir təlim texnologiyaları. Bakı-2012
2. Fərqanə Əliyeva, Ümhani Məmmədova. Müasir təlim texnologiyaları 2014
3. Riyaziyyat müəllimləri üçün resurs bazası(sayt)
4. metodiktovsiyye.blogspot.com