Ali məktəblərə bakalavriat səviyyəsi üzrə yerləşdirmənin birinci mərhələsində plan yerlərinin 5074-i, yəni 11 faiz yer boş qalıb. Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin sözlərinə görə, vakant yerlərə qəbul üçün artıq elan verilib. Vakant yerlər üçün sənəd qəbulu bu gündən başlayaraq, avquatun 20-dək aparılacaq. M.Abbaszadə qeyd edib ki, vakant yerlərin 3255-i dövlət ali məktəblərində, xüsusilə regionlardakı ali məktəblərdə, 1819-u özəl ali məktəblərdədir.
Təhsil eksperti Nadir İsrafilov tələbə qəbulu ilə bağlı ziddiyyətli məsələlərin olduğunu deyib. 150 bal toplayan abitruyent 1-ci ixtisas qrupuna qəbul olunur. 4-cü ixtisas qrupunda isə keçid balı 610 götürülür. Ekspert təhsilə bu cür yanaşmanı absurd hesab edir. Onun sözlərinə görə plan yerlərinin boş qalması ixtisasların nüfuzlu və ya nüfuzsuz fakültələrə ayrılması ilə bağlıdır: "Yüksək bal toplayanların baytarlıq və ya tərəvəzçilik kimi ixtisasları seçdiyini görə bilmərik. Kənd təsərrüfatı ixtisaslarına keçid balının 200, tibb , hüquq fakültəsinə keçid balının 650-dən yuxarı olmasını hansı meyarlarla müəyyən edirlər? Hamı həkim, hamı diplomat olası deyil ki? Məgər bu ölkəyə savadlı baytar, zootexnik lazım deyil?
Bunun yeganə səbəbi odur ki, mövcud cəmiyyətdə hüquqşünasın, həkimin əlavə gəlirləri var, amma zootexnikin maaşdan kənar heç bir gəliri olmur. Əgər baytara da cərrah qədər əməkhaqqı verilsə, bütün abitruyentlər region ali məktəblərinə necə axın edəcək. Ölkəmizdə qeyri-neft sektorunun inkişafı prioritetdir. Qeyri neft sektorunun inkişafına isə ancaq kənd təsərrüfatını inkişaf etdirməklə nail olmaq olar. Bunun üçün də kənd təsərrüfatı ixtisaslarını stimullaşdırmaq, regionlardakı ali məktəblərə maraq yaratmaq lazımdır. Bizdə isə yüksək bal toplaya bilmədiyi üçün nüfuzlu ixtisaslara düşə bilməyən abitruyentləri göndərirlər regionlara, aqrar universitetlərə. Gənclərin əksəriyyəti də kənd təsərrüfatı ixtisası üzrə təhsil almağı əhəmiyyətsiz hesab etdiyi üçün regionlarda təhsil almaqdan imtina edir. Nəticədə də plan yerləri boş qalır. İxtisas seçimini bu qədər qəlizləşdirmək hansı məqsədə xidmət edir?”
Ekspertin sözlərinə görə, region ayrı seçkiliyi sadəcə tələbə qəbulu sahəsində deyil, müəllimlərin işə qəbulu sahəsində də özünü göstərir. İşə qəbul üçün sənəd verən müəllimlərin əksəriyəti mərkəz məktəblərində işləmək istəyir. Ancaq zəif nəticə göstərən müəllimləri region məktəblərinə göndərirlər. Hansı ki, çoxu da bundan imtina edir. Məgər regionlarda, ucqar rayonlarda savadlı kadrlara ehtiyac yoxdur?
Bəyənmədiyimiz sovet təhsil sistemində belə bu cür mərkəz, rayon ayrı seçkiliyi yox idi: "O zamanlar müəllim olmaq istəyənlər sənədlərini Pedaqoji İnstitut adlanan ali təhsil müəssisəsinə, həkimliyi arzulayanlar Tibb İnstitutu, mühəndisliyi seçənlər "Politexnik”ə , aqronom, zootexnik olmaq fikrinə düşənlər də Kənd Təsərrüfatı İnstitutuna verərdilər.
İndi beynəlxalq təhsil sisteminə inteqrasiya etməklə, əlavə təhsil proqramları həyata keçirmək, fundamental və tətbiqi elmi tədqiqatlar aparmaq və çox spektrli sahələrlə məşğul olmaq kimi səlahiyyətlər verməklə universitetləri birbaşa funksiyalarından – konkret ixtisaslar üzrə ali təhsilli mütəxəssis hazırlamaq vəzifəsindən yayındırmışıq. Abituriyentlərə bir neçə ixtisas və ali məktəb seçmək hüququ verməklə, həkim olmaq istəyəni bioloqa , hüquqşünas olmaq istəyəni tarixçiyə, tarixçi olmaq istəyəni kitabxanaçıya çevirmişik.
"Tutsa qatıq, tutmasa ayran” prinsipi ilə ixtisas seçmək, təhsili yönəltmək heç bir məntiqə uyğun gəlmir. Bal heç vaxt keyfiyyət göstəricisi hesab olunmamalıdır. Mexanizasiya, aqronomluq və bu tipli ixtisaslar daha ön plana çəkilməlidir. İxtisaslaşma məsələsi ciddi məsələdir. İnsanlar düşünməlidir ki, hami diplomat, hüquqşünas ola bilməz. Xüsusilə regionlardakı ali məktəblərdə vacant yerlərin boş qalması onu deməyə əsas verir ki, ölkəmizdə kənd təsərrüfatı yönümlü ixtisaslara meyl edən abituriyentlərin sayı kifayət qədər azdır.
Elə buna görə də hazırda kənd təsərrüfatı sahəsində kadr çatışmazlığı müşahidə olunur. Halbuki regionların inkişafı və kənd təsərrüfatı sahəsində çalışan mütəxəssislərin sayının artırılması ölkə başçısının da diqqətində olan bir məsələdir. Abituriyentlərin kənd təsərrüfatı ixtisaslarına həvəssiz yanaşması rayonlarda, kəndlərdə problemlər yaradır.
Onları qınamaq da doğru deyil. Mütəxəssislər sovet dövründə çoxsaylı kənd təsərrüfatı texnikumlarını bitirdikdən sonra dövlət tərəfindən işlə təmin edilirdilər. İndi isə belə stimul yoxdur. Çünki biz etinasızlıq və biganəlik nümayiş etdirərək peşə və ixtisasları "prestijli” və "prestijsiz” kateqoriyalarına bölərək stimullaşdırma anlayışını çoxdan unutmuşuq”.